Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Mədəniyyat » "Bu müsabiqə ədəbi mühitdə ətaləti pozdu"
13.02.10 09:45

Milli Kitab Müsabiqəsinin ilk onluğunda birinci yer alan, "Kərpickəsən kişinin dastanı" hekayəsinin müəllifi Şərif Ağayar müsabiqə ilə bağlı fikirlərini bölüşür

Ötən ilin noyabr ayında ölkənin ictimai həyatında geniş müzakirə mövzusuna çevrilmiş "Milli kitab mükafatı"nın ilk onluğu açıqlanıb. Müsabiqə başlanan gündən mətbuatda, ictimaiyyətdə müsabiqənin şərtləri, münsiflər heyəti, tərtibatı tənqid olundu. Bəziləri isə mükafatın təsisçisi Nigar Köçərlinin bu ideyasını yüksək qiymətləndirərək, ona dəstək verdilər.
İlk iyirmiliyin açıqlanmasından sonra bir müddət dayanan tənqidçi "qələmlər" yenə işə düşdü. Təbii ki, bunların arasında əsərləri iyirmiliyə layiq görülməyən insanlar da vardı. Bu dəfə tənqid obyekti şeçilən əsərlər, onların müəllifləri və əlbəttə ki, münsiflər heyəti oldu. Səslənən fikirlər arasında "ədalətsizlik", "qeyri-obyektiv qiymətləndirmə", "qeyri-peşəkar yazıçılar", "ədəbiyyat tariximizə təhqir hesab olunan əsərlər" kimi fikirlər çoxluq təşkil etdi. İlk onluqda yer alan yazarlar və əsərlər də birmənalı qarşılanmadı. İştirakçılar qeyri-obyektivlikdən, media nümayəndələri layiqli əsərlərin seçilmədiyindən, qeyri-peşəkar əsərlərdən narazı qaldıqlarını bildirdilər.
Lakin müsabiqənin obyektiv keçirildiyini və siyahıya layiqli əsərlərin daxil edildiyini düşünənlər də az deyil. Yəni, bir sözlə, müsabiqə ilə bağlı fikirlər bir növ haçalanır. Bununla bağlı müsabiqənin ilk onluğunda birinci yer alan, "Kərpickəsən kişinin dastanı" hekayəsinin müəllifi Şərif Ağayar fikirlərini bizimlə bölüşdü.
Əvvəlcə mükafatla bağlı fikirlərini bölüşən yazıçı bildirdi ki, kimin hansı siyahıya düşüb, hansı yerə layiq görülməsindən asılı olmayaraq, Milli Kitab Mükafatı layihəsi Azərbaycanın ədəbiyyat tarixinə düşəcək hadisədir. "Söhbət ciddi sözün, ədəbiyyatın təbliğindən və publikanın diqqətini kitaba yönəltməkdən gedirsə, başqa cür ola da bilməz."
Ağayar geniş müzakirələrə səbəb olmuş "ədalətlilik prinsipi" və müsabiqədə qeyri-obyektivliyin olması haqqında, o cümlədən nəticələrə təsiri barədə danışdı. O qeyd etdi ki, bütün müsabiqələrdə şərtilik mövcuddur və hanısa müsabiqədə birmənalı qələbədən və ya məğlubiyyətdən söhbət gedə bilməz. "MKM-nın ekspertlərinin təqdim etdiyi iyirmilik Azərbaycan nəsrinin ümumi mənzərəsini kifayət qədər ehtiva edirdi. Sərhədlər daraldıqca şərtiliyin artması qanunauyğunluqdur. Məncə, ekspertlər son ana qədər obyektivlik naminə mümkün olanları etdilər. Doğrudur, kimsə müəyyən istisnalar tapa bilər. Ancaq inanıram ki, bu, prosesin ümumi gedişinə həlledici təsir göstərməz". Daha sonra tanınmış simaların ilk onluğa düşə bilməməsinin birmənalı qarşılanmadığı fikrinə aydınlıq gətirən müəllif elə bu faktın obyektivliyi sübut etdiyini dedi: "Bəlkə elə bu fakt obyektivliyi şərtləndirən amillərdən biridir. Həqiqətən də, tanınmaq hər şey demək deyil axı..."
Ş. Ağayar müsabiqənin əhəmiyyətindən, ən əsası onun Azərbaycan ədəbiyyatında hansı dəyişikliklərə səbəb olduğundan və nə kimi nəticələri olacağından da danışdı. "Ədəbiyyat uzun və davamlı proseslərin nəticəsi kimi ortaya çıxır. Bir an belə dayanmaq olmaz. Bu gün ədəbi mühitimiz "Milli Kitab Müsabiqəsi" layihəsi ilə bir canlanma dövrünü yaşayır. Bildiyimə görə, "Əli və Nino" mağazalar şəbəkəsi ədəbiyyatla bağlı layihələrini davam etdirəcək. Arzum budur ki, belə dəyərli layihələrin sayı çox olsun. O ki qaldı, bu mükafatın ədəbiyyatımıza töhfəsinə, ən azı ətaləti pozdu, ədəbiyyatı müzakirə obyektinə çevirdi. Düşünürəm ki, Milli kitab müsabiqəsi Azərbaycanda kitab industriyasının çağdaş tələblərə uyğun şəkildə qurulması istiqamətində atılan inamlı addımlardan biridir."
İlk onluğa daxil olan yazıçı kimi ondan seçiləcək qaliblər haqqında təxmini düşüncələrini paylaşmasını istəsək də, yazıçı bundan imtina etdi və bildirdi ki, o, münsiflər heyətinin qərarını və seçimini gözləməyi üstün tutur: "Məncə, birlikdə bu sualın cavabını münsiflər heyətindən gözləyək və həqiqətə inamımızı itirməyək."
Xatırladaq ki, bu, Azərbaycanda təsis edilən ilk kitab müsabiqəsidir. Mükafatın təsisçisi "Əli və Nino" kitabxana şəbəkəsinin sahibəsi Nigar Köçərlidir. Mükafatın Münsiflər Heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Yurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinoreyissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Xəzər" Universitəsinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və "Muğam" internet radiosunun rəhbəri Elnur Baimov təmsil olunur. Fevralın 10-da 10 əsərin daxil olduğu siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdirilib və arzu edənlər üçün online səsvermə imkanı yaradılıb. May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.


Elcan
URL / WWW
http://www.kaspi.az/news/a-2914.html