Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəm
» ÜST Səhiyyə Nazirliyinə məktub göndərib
10.02.10 15:17
Qripə qarşı immunlaşdırmanı gücləndirmək üçün
A(H1N1) pandemik qripinə qarşı immunlaşdırmanı gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Mark Danzon tərəfindən Səhiyyə Nazirliyinə məktub ünvanlanıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, məktubda pandemiyanın bu gün də davam etdiyi vurğulanıb. Bu virusun hələ də xüsusilə də risk qrupuna daxil olan vətəndaşlar üçün təhlükəli olmasını nəzərə alaraq, immunlaşmanı davam etdirmək də tövsiyə edilib. Məktubda, həmçinin bildirilir ki, xəstəliyə yoluxma halının azalması hələ bu virusa yoluxma halının azalması deyil:
"ÜST pandemiya dövrünün ləğvi haqda rəsmi olaraq bəyan etməyənə kimi yoluxma riski davam edir və bunun da qarşısını yalnız vaksinasiya ala bilər".
Mətbuat xidməti Azərbaycanda pandemik A(H1N1) qripinə qarşı immunlaşdırma tədbirləri barədə növbəti məlumatını da yayıb. Məlumatda deyilir ki, dünyanın bir sıra inkişaf edən ölkələrinin, o cümlədən Azərbaycanın sifarişinə cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatı A(H1N1) qripinə qarşı vaksinlər ianə edib: "Ölkədə pandemik A(H1N1) qripinə qarşı vaksinasiya tədbirlərinin aparılması üçün 2010-cu ilin 8 və 15 yanvar tarixlərində peyvənd materialları - 172000 doz vaksin, müvafiq sayda şprislər və digər ləvazimatlar gətirilib. Peyvənd materialları yanvarın 29-dək respublikanın şəhər və rayonlarına paylanılaraq yerlərə çatdırılıb". Nazirlikdən qeyd edilib ki, yeni qrip virusu ilə törənən qrip əvvəllər heç vaxt insanlar arasında dövr etməyib. Belə ki, bu virus əvvəlki və ya cari mövsümi qrip virusları ilə əlaqəli deyil, A donuz qripi viruslarından əmələ gəlib. Onun tərkibində A - donuz, insan və quş qripi viruslarının gen hissələri mövcuddur. Adi mövsümi qrip halları ilə müqayisədə A(H1N1) qripi gənc əhali arasında (50 yaşdan aşağı) daha çox qeydə alınır: "Məlumdur ki, qrip epidemiyaları və pandemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. A(H1N1) qripi virusuna qarşı vaksin orqanizmin immunitetini artıracaq və əhalinin sağlamlığının qorunmasına yardım edəcək. A(H1N1) pandemik qripindən qorunmaq üçün peyvənd olunacaq prioritet qruplar Səhiyyə Nazirliyi tərəfindən təyin edilib". Belə ki, tibb müəssisələrinin işçiləri, o cümlədən səhiyyə, nəqliyyat (su, hava, dəmir yolu) və digər nazirliklərin müalicə-profilaktika idarələrinin tibb və digər işçiləri bu sırada birincidir: "İlkin olaraq dövlət tibb müəssisələrinin işçiləri vaksinlərlə təmin olunurlar. Bu onları yoluxmadan qorumaq və pandemik qrip dövrü ərzində səhiyyə sisteminin davamlı işləməsini və tibbi xidmət göstərməsini təmin etmək məqsədi daşıyır. Gömrük xidməti əməkdaşları, sərhəd-keçid nəzarət məntəqələrinin işçiləri, beynəlxalq hava, su, dəmir yolu nəqliyyatında çalışan heyət də bu sıraya aiddir. Bu qrupların vaksinasiya edilməsi pandemiya inkişaf edərsə, ölkənin vacib əhəmiyyətli strukturlarının davamlı fəaliyyətini təmin etmək məqsədi daşıyır".
Nazirlik hamiləliyin 3-cü trimestrində olan hamilə qadınları da risk qruplarına aid edir. Mənbədən qeyd edilib ki, yeni A(H1N1) qripi hamilə qadınlar üçün təhlükəli ola bilər: "Dünyanın bir sira ölkələrində aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu xəstəliyə tutulmuş hamilə qadınların reanimasiya şöbəsinə qəbul olunması halları ümumi əhali arasında yeni A(H1N1) qripi ilə xəstələnmiş şəxslərə nisbətən 10 dəfə çoxdur. Hamiləliyin ikinci və üçüncü trimestrində olan qadınlar üçün bu xəstəlik daha çox təhlükə törədir".
Yeni virus ağciyərlərinin xroniki xəstəlikləri olan şəxslərə də təhlükə tərədir: "Dünyada aparılan müşahidələr göstərir ki, ağciyərlərinin xəstəlikləri olan insanlar çox ağır formada A(H1N1) qripi ilə xəstələnə bilərlər. Bu insanlar A(H1N1) qripi virusuna yoluxduqları halda onlarda əsas xəstəliklərinin ağırlaşmaları, pnevmoniyanın inkişafı və ölüm təhlükəsi yarana bilər. Ona görə də immunlaşdırmanın birinci mərhələsində tibb müəssisələri işçilərinin, eləcə də gömrük xidməti əməkdaşlarının, dövlət sərhədinin buraxılış məntəqələri işçilərinin, hava, su, dəmir yolu nəqliyyatı heyətlərinin vaksinasiyası planlaşdırılır. Bundan əlavə, birinci mərhələdə hamiləliyin III trimestrində olan hamilə qadınların və ağciyərlərinin xroniki xəstəlikləri olan şəxslərin vaksinasiyasının başlanması da nəzərdə tutulub. Bu kontingentlərin vaksinasiyası immunlaşdırmanın son mərhələsinə qədər davam etdiriləcək".
Risk qrupuna aid edilən növbəti insanlar 14-17 yaşlı yeniyetmələrdir. Nazirlikdə hesab edirlər ki, pandemik A(H1N1) qripi əsasən gənclərdə müşahidə olunduğu üçün bu qrupun vaksinasiyası pandemik qripin əhali arasında yayılmasını azaldacaq. Ümumiyyətlə, böyük kollektivlərin vaksinasiyası nəzərdə tutulmuş səyyar briqadalar vasitəsi ilə iş yerlərində, azsaylı ştatları olan müəssisə əməkdaşlarının vaksinasiyası isə ambulator-poliklinika sistemində aparılacaq. Qeyri-mütəşəkkil əhalinin (hamiləliyin 3-cü trimestrində olan hamilə qadınlar və ağ ciyərlərin xroniki xəstəlikləri olan şəxslər) vaksinasiyası isə ambulator-poliklinika xidməti vasitəsilə həyata keçirilir.
Qurumdan o da bildirilib ki, vaksinin pandemik qripdən qorunmaq üçün effektli vasitə olduğuna baxmayaraq, onun miqdarı məhduddur. İnsanlar əllərini mütəmadi olaraq sabunla yumaqla, öskürərkən ya asqırarkən ağzı dəsmal ilə tutmaqla özlərini və başqalarını yoluxmadan qoruya bilərlər. Belə insanların özünü xəstə hiss etdikdə işə və ya dərsə getməməsi və evdə qalması tövsiyə olunur.
HƏQİQƏT
URL / WWW
http://www.kaspi.az/news/a-2858.html