Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Mədəniyyat
» Bizim olanları dünyaya göstərək
09.02.10 05:25
Dövlət Sənədli Televiziya Filmləri Studiyasının yaradılması ictimai tələbatdır
Kino haqqında danışmağım həyatım haqqında danışmağımdır. Yediyim çörək, içdiyim su haqqında danışmağımdır. Düz 15 ildir ki, bu peşə ilə məşğulam. Tanrıdan mənə verilən taleyimi kino sənəti ilə bağlamışam. İnsan doğulduğu vətənini, övladlarının anasını sevib-seçərək öz taleyini bağladığı kimi, mənim də bu sənəti, bu peşəni sevib-seçməyim, Çaplinin filmlərinə baxıb güldüyüm, "Durnalar uçur" filminə baxıb ağladığm andan başlanıb sanki...
Kino incəsənətdir. İncəsənət hissdir. Hiss isə sevgidir. Bu sevgini daha yaxından hiss etməyimi hələ məktəbliykən coğrafiya dərsində sənədli tədris filminə baxdığımız zaman əlim 16 mm-lik kino lentinə toxunarkən başa düşmüşəm. Müəllimimiz bütün varlığı, sevgisi ilə tədris etdiyi fənni yaddaşımıza hopdurmaq üçün nə qədər danışsa da, dərsin sonunda bizə göstərilən 10 dəqiqəlik sənədli tədris filmi ilə həmin dərs mövzusu yaddaşımızda daha yaxşı qalırdı.Sonralar sənədli televiziya filmi haqda ilk anlayışım mərhum kinoreyissorumuz Nazim Abbasın çəkdiyi "Dəmir ağacı" sənədli televiziya filmi ilə başladı. Vaxt ötdükcə dünyanın məşhur filmlərinə baxıb özümün mənəvi rahatlığımı bu sənətin çərçivəsində hiss edirdim. İndi yadıma evimizin arxasındakı kinoteatrda nəzarətçi işləyən Sona xala düşür. Allah ona qəni-qəni rəhmət eləsin! Rəhmətlik məni biletsiz kinoteatra buraxardı. Orda baxdığım bütün filmlər zövqümün formalaşmağında mənə çox kömək etmişdi. Bu gün sənət taleyi yolunda mənə yol açan, dəstək olan bütün insanları minnətdarlıqla xatırlayıram. 30-dan artıq bədii-sənədli televiziya filminin reyissoruyam. 15 ildən artıqdır ki, sənətimin ətəyində dövlətimin dəstəyi ilə vətənimizi qarış-qarış gəzərək ata-babalarımızın qoyduqları izləri, tariximizin daş kitabələrini, xalqımızın adət-ənənələrini, vüqarlı dağlarımızın havasını ciyərdolusu uda-uda göz oxşayan təbiətimizin gözəlliyini görüb, lentə çəkmişəm. Bu peşəmlə sabahımız üçün salnamə yaratmışam. Bütün bu işlərin müqabilində düz yolda olduğumu görüb, qürur duymuşam. Azərbaycanımızın bir əsrdən çox olan kino tarixinin bir küncündə mənim də yerimin olacağına inanmışam. Kinomuzun hər bir uğuruna sevinmişəm. Bu sevinclər illər ötdükcə davam edib. Dünya kino tarixi ilə Azərbaycan kino tarixinin eyni başlandığını nəzərə aldıqda, xalqımızın dünyəvi sivil bəşəri mədəniyyətlərin qarşılıqlı çərçivəsində daim olduğunun şahidi olmuşam. Bu sevinclərin davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin kino haqqında verdiyi məlum sərəncamını yada salanda bir daha inanmışam ki, milli kinomuzun şərəfli, şanlı tarixi dövlətimizin dəstəyi ilə əsrlərlə davam edəcək. Bu sərəncamda kinomuzun inkişafında bir çox məsələylə yanaşı, gənclərə göstərilən etimadı da görəndə özümə inamım daha da artıb. Elə bu gün bizi yaşadan, sabahlara aparan bu inamdır.
Bu yaxınlarda mətbuatdan tanış oldum ki, Dövlət Sənədli Televiziya Filmləri Studiyasının yaradılması ilə bağlı təşəbbüs qrupu yaradılıb. Bununla bağlı məqalə o dəqiqə diqqətimi çəkdi. Oxuduqca həqiqətləri görüb, yaddaşımı vərəqlədim. Bu məsələnin qaldırılması təqdirəlayiqdir. Sənədli televiziya filmlərinin əhəmiyyətindən danışsaq, sözümüz-söhbətimiz çox çəkər. Bircə onu deyə bilərəm ki, sənədli televiziya filmləri milli ideologiyanın tərkib hissəsi olmaqla yanaşı, milli ideologiyanın təbliğatında vasitə kimi ən vacib alətlərdən biridir. Şərqli olduğumuzdan mənə elə gəlir ki, bizim üçün kino ən təsirli təbliğat vasitəsidir. Heç bir incəsənət növü kino qədər kütləvi deyil. Bu gün dünya televiziyalarında nümayiş olunan sənədli televiziya filmlərini izləyirik. Bu filmlərdə müxtəlif ölkələrin, xalqların yaşayışını, tarixini, mədəniyyətini, incəsənətini, elmini, təhsilini, iqtisadiyyatını, ordusunu və dövlət bayrağını görürük. Bir tamaşaçı kimi gözümüzün gördüyü ilk təəssüratları sanki özümüzdən asılı olmayaraq, qeyri-ixtiyari yaddaşımıza həkk edirik. Baxdığımız bu filmlər incəsənət olmaqla bərabər, peşəkarlıqla düşünülmüş bir ideologiya əsasında hazırlanmış sənət növü kimi bizlərə təqdim olunur. Bu filmlərin əksəriyyəti planlı şəkildə dövlət yaradıcılıq qurumları, studiyaları tərəfindən istehsal olunur. Bədii kinonun özəl sektora aidiyyətindən asılı olmayaraq, sənədli kino dövlətlərin nəzarətində olur. Dövlətlər sənədli televiziya filmləri ilə xalqlarının mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlaya bilirlər. Qoruyub saxladıqları qədər də onun təbliğatını qururlar. Təşəbbüs qrupunun Azərbaycan Dövlət Sənədli Televiziya Filmləri Studiyasının yaradılması ideyasının nə vaxtsa bizdə də həyata keçəcəyini bir həqiqət kimi ideya olaraq beynimdən, arzu olaraq ürəyimdən keçirərək buna əminliklə inanıram.
Azərbaycanda çəkilən hər bir sənədli televiziya filmi başdan-başa bizim olur. Sənədli filmlərdə yaylaqda yaşayan qat-qat tumanlı, başı kəlağayılı, əli nehrə çalxalayan, dili bayatı söyləyən nur üzlü nənələr bizimdir. At belində yarışan igid gənc oğlan və qızlarımız, əlinin qabarı, alnının qırışı ilə torpağı əkib-becərən babalar bizimdir. Minillərdən üzü bəri gələn yaşı bilinməyən daş kitabələr, bürc qalalar, sərdabələr bizimdir. Gecə ayın işığında layla oxuyub körpəsini yatırdan bacımız, gəlinimiz, incə barmaqları ilə sevən, əzizləyən ürəkləri ilə yaşadıqları təbiətin min bir rəngini, naxışını xalı, xalçalara köçürən qız-gəlinlərimiz bizimdir. Bu gün sənədli kadrlarda gördüyümüz, bir beyt şeirini eşitdiyimiz şairimiz, bir kəlmə sözü ilə sabaha ünvanlanan yazıçımız, elmi kəşfləri ilə dünyanı heyran qoyan alimlərimiz, yaddaş salnaməmizdə iz qoyan dəyərli insanlarımız bizimdir. Qarlı-çovğunlu gündə səngərdə şəstlə əli silahlı dayanıb düşmən gözünün içinə baxan və hər an Ali Baş Komandanın əmrini gözləyən igid əsgərimiz bizimdir. Bütün bunları tarixi anında həyat həqiqəti kimi çəkib sənədli filmlə sabaha salnamə yaratmalıyıq.
İndiyədək Amerikada Dövlət Departamentinin maliyyə dəstəyi ilə ərsəyə gələn bir çox filmin tamaşaçısı olmuşam. İranda xüsusi dövlət sənədli filmləri istehsal edən yaradıcılıq qurumu fəaliyyət göstərir. Ukraynada, Rusiyada dövlət tərəfindən təsis olunmuş bu kimi studiyalarda çəkilən filmlər peyk vasitəsilə dünyaya yayımlanır. Kiçik maliyyə vəsaiti ilə ərsəyə gələn sənədli televiziya filmlərinin milyonlarla faydalar gətirdiyinin şahid olmuşam. Gəlin, bizim olanları da dünyaya göstərək. Milli məfkurədən çıxış edərək tariximizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən, varlığımızdan, dünyəviliyimizdən, bəşəriliyimizdən dünyanın gözü qarşısında göstərib, danışaq.
Onu da deyim ki, bu gün ölkə televiziyalarında istehsal olunan sənədli televiziya filmləri qismən də olsa, bu kimi məsələlərin həllinə çalışır. Bu, həddindən artıq təqdirəlayiqdir. Lakin dövlətimizin vəsaiti və sifarişi hesabına çəkilən bu filmlər əksər halda bir televiziyanın mülkiyyətinə çevrilir. Bu filmlər hansı kanalda istehsal olunursa, müəlliflik və mülkiyyət hüququ da həmin kanala məxsus olur. Bu baxımdan bu filmlərdən təbliğat vasitəsi kimi istifadə etmək çətinləşir. Bu da bir həqiqətdir ki, mövzu baxımından bu kimi anlayışlarla hazırlanan sənədli televiziya filmlərinin istehsalı qeyri-kommersiya fəaliyyəti daxilində olduğundan bu kimi filmlərin çəkilib hazırlanmasında maliyyə və ideoloyi baxımdan problemlər yaranır. Bu problemlərin yeganə həlli yolu təşəbbüs qrupunun irəli sürdüyü Dövlət Sənədli Televiziya Filmləri Studiyasının (Birliyinin) yaradılmasıdır. Mənə elə gəlir ki, bu məsələ ictimai bir tələbatdır. Bu ideya zərurətdən doğub. Mən də bu sahədə çalışan bir reyissor kimi bu təşəbbüsün reallaşmasını arzulayıram. İnanıram ki, bu peşə növü ilə məşğul olan gənclər də mənimlə həmfikirdirlər.
Elşən Zeynallı, kinoreyissor
URL / WWW
http://www.kaspi.az/news/a-2850.html