Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Sərbəst
» Kamil insan formalaşdırmaq eşqinə düşməyin
04.02.10 05:11
Çünki bu, təkcə tərbiyə edəndən asılı olan proses deyil
İnsanın dünyaya fərd, yoxsa şəxsiyyət kimi gəlməsi həm psixoloqlar, həm də filosoflar arasında hələ də qruplar ayırmağa qadir olan, başqa sözlə, açıq qalan mövzudur. Bu fərqli fikirlər pedaqoqlar arasında da bir sıra ziddiyyətlər yaradır. Pedaqoq-tərbiyə edən və təlim keçən "ona şəxsiyyət kimi, yoxsa fərd kimi yanaşmalı?" sualına müxtəlif cür yanaşır. Yəni bəziləri ona fərd kimi yanaşaraq, Con Lokkun təbirincə desək, "ağ kağıza lazımi qaydalar sistemini yazmağ"a başlayır. Bəziləri isə ona şəxsiyyət kimi yanaşaraq, tərbiyə və təlim üsullarının seçilməsində ona azadlıq verir. Əslində, hər iki təcrübənin fəxr ediləsi bir sıra nümunələri var. Ancaq mübahisələr "hansı daha səmərəlidir?" mövzusu ətrafında yaranır. Yəqin ki, sovet dövrünün pedaqoqlarının və tələbələrinin böyük pedaqoq Makarenkonun "Pedaqoyi poema"sından xəbəri var. Burda müraciət olunan və tətbiq edilən tərbiyə üsulundan da. Bu poemanın əsas süyetinin təhlili göstərir ki, dünyaya göz açan insan şəxsiyyətdir. Lakin o, özündən əvvəlki alimlərdən bir qədər irəli gedərək, təcrübələrlə sübut etmişdir ki, uşaqlarda pozğun əxlaq nəinki pozğun mühitin, həm də başlı-başına buraxılmış tərbiyənin nəticəsidir. Amma onun kiminsə təsirindən asılı olmayaraq formalaşan xarakter tipi və psixoloyi yorumlama və hazırlıq səviyyəsini göstərən daxili keyfiyyətləri var. Bəs, bu nəzəriyyələrin yarandığı dövrlə bu günümüz arasında nə qədər dərin bir uçurum olduğunu dərk edən pedaqoqlar necə, varmı?
Pedaqoqlar şəxsiyyətin tərbiyəsində, psixoloqlar isə xarakter tipinin müəyyənləşdirilməsində, eləcə də iradə, diqqət, təxəyyül, təfəkkürün formalaşdırılması zamanı tərbiyə olunanlar arasındakı fərqi müxtəlif nəzəriyyələrlə əsaslandırırlar. Bu nəzəriyyələrə inananların da göstərdikləri haqlı səbəblər var. Tarixdən də, gündəlik həyatımızdan da sər-səfil həyatlardan nüfuzlu sima və yüksək intellekti ilə yaddaşlarda iz qoyan, eləcə də aristokrat kimi dünyaya göz açıb, oğru kimi edam edilən şəxsiyyət misalları çoxdur. Dəyərləndirənlər bunun səbəblərini ailə tərbiyəsində, cəmiyyətdə (mühitdə), irsiyyətdə və təhsildə görürlər. Bunlar elə alimlərin qruplaşaraq dəstəklədikləri nəzəriyyələrin əsasını təşkil edir.
Şəxsiyyət fəlsəfi mənada cəmiyyəti dəyişdirməyə qadir olan tək-tək insanlar haqında işlədilir. Pedaqoyi mənada isə həyatda qazanılan yüksək mənəvi keyfiyyətlərə sahib olan şəxsdir. Bəs, onun formalaşmasında yuxarıda sadaladığımız səbəblər nə kimi rol oynayır? Bu amillərin hamısının şəxsiyyətin korlanmasında da, onun düzgün formalaşmasında da eyni dərəcədə təsiri var. Sadəcə, insanlar düzgün dəyərləndirmə meyarını müəyyənləşdirmir. Bu zaman bir növ subyektivlik özünü bütün çılpaqlığı ilə büruzə verir. Kim səhvi harda görmək istəyirsə, qiymətləndirməni də bu yöndə aparır. Yuxarıda sadalanan amillərdən və onlara əsaslanan nəzəriyyələrdən ətraflı danışacağıq amma...
İşin bir sıra başqa ünsürlərlə bağlı tərəfləri də var ki, məhz bu haqda qısa münasibət bildirmək istədik. Hələ ta qədimdən insanın şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edən tərbiyə mexanizminin müxtəlif parametrlərə söykənməsi reallığı öz tarixi təsdiqini tapmışdır. Bu siyahıya sağlamlıq, iti təfəkkür, idraki və məntiqi təhlil bacarığı, əyilməz əqidə, mənəvi zənginlik, əxlaqi saflıq, gözəlliyi duymaq qabiliyyəti və s. aiddir. Tərbiyə prosesinin gedişi isə təlqin, ünsiyyət və təmas, özünüdərk, özünüifadə, örnək mərhələlərindən keçir.
İndi isə şəxsiyyətin formalaşmasına təsir edən amillər haqqında. İlk növbədə kamil insan formalaşdırmaq eşqinə düşməyin. Bu əsasda başlayan tərbiyə sonu uğursuzluqla bitən təcrübələrin analoqu olacaq. İlk amil kimi çox insan ailəni ön plana çəkir. Düzgün aparılmayan tərbiyənin əsasının ailədən gəldiyinə inanların haqlı bir çox nümunəsi də var. Yəqin, elə bu nümunələrin çoxluğundan irəli gəlir ki, şəxsiyyətin formalaşmasında ailə tərbiyəsinin rolu nəzəriyyəsi Y.A.Komenski, K.A.Helvetsi, Mişel Lepeletye, Robert Ouen kimi tanınmış mütəffəkkirlər tərəfindən dəstəklənmişdir. Lakin unutmayaq ki, bu gün cəmiyyətin bütün üzvlərini birləşdirən inanc və etiqad, tərbiyə forması və həyat tərzi yoxdur, ən əsası, fikir eyniliyi yoxdur. Bunun nəticələri nələrdir? Bunun nəticəsi odur ki, cəmiyyətdə özünü sübut etməyə çalışan şəxsiyyət bunun üçün ətrafdakıların bəzi qanun və prinsiplərini, hətta yaşam tərzlərini belə mənimsəməyə məcbur olur. Bununla da müəyyən müddərdən sonra ailənin verdiyi tərbiyə öz gücünü itirir və şəxsiyyət öz-özlüyündə yeni etik normaları formalaşdırır, düşüncə tərzini dəyişir. Yeniyetmə çağında olan gənclər isə ətrafdakı dostlarının gözündə "ailə tərbiyəsi görmüş uşaq" olmağı sanki özlərinə təhqir hesab edirlər. Və o, müstəqillik axtarışlarının nəticəsi kimi öz fikirləri ilə yaşamağın və bildiyi kimi davranmağın onu xoşbəxt edəcəyi fikrinə tapınır. Çox vaxt ailə heç cür bu kəskinliklə barışmır və bu, həm ailənin, həm də şəxsiyyətin həyatında dərin izlər qoyur. Bütün bunların baş verməsində ailəni günahkar görüb, uşağın düzgün tərbiyə olunmadığını iddia edənlər əksərən səhvə yol verirlər. Çünki bu mərhələdə artıq ailənin və onun seçdiyi tərbiyə üsulunun heç bir əhəmiyyəti yoxdur. Bu yalnız şəxsiyyətin daxili təlatümlərlə yüklü olan aləmi sakitləşdikdən sonra öz təsir gücünü bərpa edə bilir. Əgər həkim övladı atanın, ona yaxın insanların içkidən, siqaretdən qaçdığını, atanın hamıya (elə onun özünə də) bunun fəsadlarından danışdığını görə-görə, məktəb illərini ilk siqaretin, içkinin dadından məst olduğu illər kimi xatırlayırsa, burda ailə hansı tərbiyə üsulu ilə ona təsir göstərə bilər. Diqqət yetirin, fiziki təsir üsulundan deyil, mənəvi təsir üsulundan söhbət gedir. Bu misalla kifayətlənməyənlər isə pearl.az saytından İngiltərədə mühafizəkar, dindar bir ailədə böyüyən, qızlar məktəbində oxuyan Viktoriya Betteridgeyin həyat hekayəsini oxuya bilər. Yüksək ailə tərbiyəsi alan şəxsiyyətin həyatının şəxsiyyətsizlik fonunda davam etməsinə şəxsiyyət özü qərar verirsə, ona təsir göstərmək mümkünsüzdür. Buna isə ən böyük təsir cəmiyyətdən gəlir. Məntiqinizi işə salıb, düşünün. Sizcə, iki nəfərin nağıla bənzər tərbiyə üsullarımı daha təsirli olar, yoxsa məktəbdə və ya universitetdə əyani təcrübədən keçirilərək ləzzəti dərk olunan real həyatmı? Bunu da düşünün. Sizcə, evdəki iki nəfərin şəxsiyyətə təsiri daha güclü olar, yoxsa cəmiyyətdə hər gün rastlaşdığı ondan çox müxtəlif düşüncəli insanın? Sizcə, onun üçün sizin hər gün eyni məsləhətlərlə bəzədiyiniz şam yeməkləriniz çəkicidir, yoxsa hər dəqiqə hərəsi bir macəraya səsləyən minlərlə müxtəlif həyat tərzləri?
İkinci cəhət isə bilavasitə gendən gəlir. Alman alimləri sübut etmişdir ki, əgər şəxsiyyətin uçuruma yuvarlanma səbəbi olan xüsusiyyəti, vərdişi və ya adəti genlə bağlıdırsa, bunun qarşısını nə ailə tərbiyəsi, nə fiziki təsir üsulları, nə də yüksək təhsil ala bilir. Amma düşünürük ki, dünya pedaqoyi təcrübəsindən də uğurlu çıxan fəlsəfənin "inkarı inkar qanunu"nu bəsit formada praktikada tətbiq etmək daha səmərəlidir. Yəni o, səhvini inkar edirsə, günahını boynuna almırsa, siz onu başqalarına qarşı daha sərt şəkildə müdafiə edin. Elə müdafiə edin, hətta onun günahsızlığını sübut edən yalan faktlar da deyin. Bu, şəxsiyyətə güclü təsir göstərir. Və ani olaraq, siz onun gözündə ən yaxın sirdaşa çevrilin. O, hətta sizə öz səhvini də etiraf edə bilər. Kiminsə tərbiyə üsulunu tənqid edərkən bütün yuxarıda sadaladığımız variantları nəzərə almaqla daha obyektiv qiymətləndirmə apara bilərsiniz.
ELCAN
URL / WWW
http://www.kaspi.az/news/a-2726.html