Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Dünya
» Moskva Ukraynada ikinci tura çıxdı
19.01.10 15:19
Həm Yanukoviç, həm də Timoşenko Rusiya ilə dostluğun tərəfdarıdırlar
Bazar günü Ukraynada keçirilən prezident seçkilərinin nəticələrinə görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç irəli çıxıb. Səsləri hesablayan Mərkəzi Seçki Komissiyası Yanukoviçin 35, onun ən yaxın rəqibi, hazırkı baş nazir Yuliya Timoşenkonun isə 24 faiz topladığını elan edib. Beləliklə, ikinci dövrənin keçirilməsi qaçılmaz olub. MSK-nin açıqladığı rəqəmlərə görə, keçmiş bankir Sergey Tiqipko səslərin 13 faizini toplayıb. İlkin nəticələr 2004-cü il "narıncı inqilabın"ın banisi - prezident Viktor Yuşşenkonun hakimiyyətinin başa çatmasını birmənalı şəkildə nümayiş etdirmiş olub. O, cəmi 5 faiz səs toplayıb. İkinci tur fevralın 7-də keçiriləcək.
Əksəriyyət hesab edir ki, prezident Viktor Yuşşenko ikinci turda çətin ki, Yuliya Timoşenko və ya Viktor Yanukoviçə dəstək versin. Prezident katibliyi rəhbərinin müavini İqor Popov da təsdiq edib ki, dövlət başçısının açıq şəkildə iki namizəddən birinə dəstək verəcəyini düşünmür. Prezident katibliyinin rəhbəri Vera Ulyançenko isə seçkilərin pozulacağını istisna etmir. O, səsvermə günü məhkəmələrin maraqlı qərarlar verdiklərini vurğulayıb. Belə ki, bazar günü gecə Kiyev Apellyasiya Məhkəməsi evdə səs vermək qaydası haqqında xüsusi qərar qəbul edib. Qərara əsasən, evdə yalnız həkimdən seçicinin seçki məntəqəsinə getməsinin qeyri-mümkünlüyü barədə arayış alaraq səs vermək olar. Məhkəmə, həmçinin MSK-nın səsvermə günü siyahılara dəyişiklik edilməsinin mümkünlüyünə dair qərarını ləğv edib. Bundan başqa, məhkəmə səlahiyyətlərinə xitam verilmiş MSK üzvü Anatoli Pisarenkonu öz vəzifəsinə bərpa edib.
Yeri gəlmişkən, ikinci tura çıxan Timoşenko səsvermədə üçüncü olmuş Sergey Tiqipkonun seçicilərinin onu dəstəkləyəcəyinə ümid edir. Baş nazir bildirib ki, S.Tiqipkonun seçicilərinin başqa seçimi ola bilməz: "Tiqipko Yanukoviçin xoşuna gələ bilər və Tiqipko onun namizədliyini dəstəkləyə də bilər. Lakin mən bilirəm ki, Tiqipkoya səs vermiş insanların Yanukoviçdən xoşu gəlmir. Onlar Yanukoviçin prezident olmasına imkan verməzlər. Çünki onların intellektual səviyyəsi kifayət qədər yüksəkdir, Yanukoviçi seçmək isə mağara yüzilliyini seçmək deməkdir".
Y.Timoşenko bəyan edib ki, demokratik qüvvələrin əsas vəzifəsi V.Yanukoviçin 2-ci turda öz faizini yüksəltməsinə yol verməməkdir: "Bu gündən etibarən mən demokratik qüvvələrlə bərabər hərəkət etmək üçün danışıqlar prosesinə açığam. Əhalinin 60 faizdən çoxunu təmsil edən demokratik qüvvələrin vəzifəsi odur ki, ikinci turda Yanukoviç bircə səs də artıq almasın. Mən Tiqipko və Yasenyuka səs verənləri anlayıram - onlar dəyişiklik istəyir. Mən onların gözlədiyi dəyişikliyi vəd edirəm. Mən Yuşşenkoya səs verənləri də başa düşürəm - onlar istəyir ki, Ukrayna müstəqil, suveren Avropa dövlətinə çevrilsin. Elə bir dövlətə ki, geri qayıdış mümkün olmasın. Yuşşenkoya səs verənlərin hamısına deyirəm ki, mən də Ukraynanın bu yola inkişafını təmin edəcəyəm".
Ukraynada keçirilən prezident seçkilərində birinci olan Regionlar Partiyasının (RP) lideri Viktor Yanukoviç bəyan edib ki, "narıncı komanda" seçkilərdə vətəndaşlardan layiqli qiymət alıb. V.Yanukoviç seçkini referendum kimi qiymətləndirib: "Narıncı komanda hesab edirdi ki, seçkidən seçkiyə vəd vermək olar, onsuz da insanlar unudacaq. Lakin insanlar unutmadılar". V.Yanukoviç Y.Timoşenkonun brifinqini izlədiyini və onu ümidsiz vəziyyətdə gördüyünü deyib: "Bu, mənim üçün təəccüblü deyil. Mən yaxşı başa düşürəm ki, o, növbəti dəfə seçiciləri öz tərəfinə çəkə biləcəyini hesablayırdı. Lakin bunun baş verməsi üçün o, son 5 ildə "narıncı komanda" ilə birlikdə hansı səhvləri buraxdığını etiraf etməli idi". Bununla yanaşı, Yanukoviç narıncı komandanın irəli sürdüyü şüarların əleyhinə olmadığını bildirib: "Mən bundan sonrakı işimdə həmin şüarları yerinə yetirəcəyəm. Elə birlik modeli axtarmağa çalışacağam ki, hər insan öz yerini tapa bilsin".
Seçkilərdə 13 faiz səslə üçüncü olmuş Sergey Tiqipko isə ikinci turda nə Yanukoviç, nə də Timoşenkoya dəstək verəcəyini bəyan edib. S.Tiqipko deyib ki, ikinci tur ərəfəsində ona səs vermiş insanlara hörmət əsasında hərəkət edəcək: "Mənə səs vermiş insanlar Ukraynada dəyişikliklərə, müasirləşməyə səs veriblər. Bu gün mən nə Yanukoviçdən, nə də Timoşenkodan bu cür müasirləşmə barədə heç nə eşitmirəm. Ona görə də mənim tərəfindən hər hansı dəstək olmayacaq. Seçicilərimə deyəcəyəm ki, özləri qərar qəbul etsinlər".
Öz növbəsində rəsmi Moskva Ukraynada keçirilmiş prezident seçkilərinin nəticələrini alqışlayıb. Belə ki, ikinci dövrədə qarşılaşacaqları gözlənilən Yanukoviç və Timoşenko Moskva ilə daha sıx əlaqələr və NATO-ya üzvlük ideyasından əl çəkilməsi barədə bəyanatlar veriblər. İkinci dövrənin nəticələrindən asılı olmayaraq Ukraynanın xarici siyasətində və habelə daxili demokratik həyatda ciddi dönüşlər yaranacaq.
URL / WWW
http://www.kaspi.az/news/a-2299.html