Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Köşə
» Foqts, get!
23.10.09 05:33
Əslində, məsələ çox sadədir. Biz üç nəfər - politoloq, bioloq və mən texnoloq qərara gəldik ki, Azərbaycan yığmasının başında Foqtsun qalıb-qalmama məsələsini öz məntiqimizlə izah edək. Təbii ki, bu, heç nəyi dəyişməyəcək. Yazırıq da. Onsuz da hər şeyi Elxan Məmmədov həll edir. Politoloq yazdı, bioloq sökdü, qaldım mən. Mənim isə işimin çoxluğundan bu günə kimi gecikdim. Buna görə opponentlərdən üzr istəyirəm.
Mən bu yazını ölkə futbolunun bilicilərindən, AFFA rəhbərliyindən və Foqtsdan üzrxahlıq etmək üçün yazıram. Hörmətli futbol azarkeşləri, futbol biliciləri, mən sizdən üzr istəyirəm. Üzr istəyirəm ki, Azərbaycan futbolundakı inkişafı, Elxan Məmmədovun komandamız üçün gördüyü böyük-böyük işləri qiymətləndirmək qabiliyyətində olmamışam. Azərbaycan Lixtenşteyni udub, Rusiya ilə qələbəyə bərabər heç-heç etdi.Üzr istəyirəm ki, Elxan Məmmədov və Berti Foqtsun rəhbərliyi ilə komandanızın (mən artıq "mızın" demirəm. Mənim belə komandam yoxdur. Hərçənd bundan heç kim heç nə itirmir - S.N.) iki dəfə Konfederasiya Kubokunda iştirakını, Avropa Kubokunun final mərhələsinə adlamasını, Dünya çempionatında nəhəngləri ağlar günə qoyduğunu görməmişəm. Paxıllıq, kin-küdurət, qeyri-peşəkarlıq mənim kimi jurnalistlərə xas olan xüsusiyyətdir. Mənim kimilər hər şeyi qara rəngdə görür.
Etiraf etməliyəm ki, Foqtsa qarşı haqsızlıq etmişəm. O, dahidir. O, mübarizdir, o, almandır. O, pivə içir, o gülür. O da bizim kimi insandır. Millimiz Finlandiya yığmasını səfərdə məğlub etdi, ardından Uelsə qalib gəlib, qrup liderinə çevrildi. Almanları darmadağın etdi. Görmürəm də, koram. Başım çıxmır. Bütün bu fantastik qələbələrdən və inkişafdan xəbərim olmayıb. Yaşasın Foqtsşteyniniz, yaşasın vicdanı ilə cibini səhv salan jurnalistlər, yaşasın Nigeriya ki, Fotsu qovub bizi xoşbəxt etdi. Urra!
Hesab edirəm ki, kifayətdir. Eyforiya bitdi. Gedin bir az soyuq su için. Dediklərimə qulaq asın.
Əvvəla, ondan başlayaq ki, məşqçi kimdir? Məşqçi - indi, hal-hazırda lazım olan adamdır. O, hər kəsdir. O biləndir. Pul xəstəsi deyil. İşinin vurğunudur. Heç kim puldan imtina etməz. Amma hər şeyə pula görə baxan əxlaqsız adamdır. Özlüyündə İQTİSADİ MARAQ əxlaqsız bir şeydir. Xalis iqtisadi marağın seksual maraqdan heç bir fərqi yoxdu: hər ikisi maddi tələbatdır, hər ikisini instinktlər idarə eləyir və heç birində əxlaq iştirak eləmir.
Məşçi strateq, taktik olmalıdır. Nə yazıq ki, qaşına-gözünə aşiq olduğunuz alman bundan uzaqdır. İndi opponentlərim deyəcək faktsız danışırsan, işə kompleks yanaşılmalıdır. Bax, elə kompleks yanaşmısınız ki, kompleksli olmuşuq. Məsələ bu qədər sadədir və sualıma cavab verin: Berti Foqtsun Azərbaycandakı fəaliyyətinə nə ad vermək olar? Hələ burada az qalmasını, bizə yuxarıdan aşağı baxmasını, nə qədər maaş aldığını demirəm. Bunun məşqçi kimi etdiklərindən danışacam. Konkret taktiki düzülüşdən danışacam. Rusiya ilə şounu deyirəm: Levinlə Ruslan yanaşı mübarizə apardığı halda Lixtenşteynlə dueldə debüt edən Maksim yenə ilk dəqiqələrdən sağ cinahda qərarlaşdı. Eyb etməz. Elnurun əvəzində sol cinahda mübarizə aparmaq vəzifəsi Railə tapşırıldı. Penaltini o qazandı. Çertoqanovla sıraya dönən vitse-kapitan Samir dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdi. Yalnız ruslar qol vurandan, oyunçular özləri yerlərini dəyəşəndən sonra vəziyyət stabilləşdi. Deyəcəksiniz eksperiment aparır. Ayıbdır, danışmayın! Eksperimenti elə əvvəlkilər də aparırdı. Hələ Medvedyevin "İnter"in ora-bura qaçan məhəllə futbolçusu Cavid Hüseynovla dəyişilməsini demirəm. Sadəcə komediya idi. Bunu məhəllə futbolunda uşaqlar etməzlər ki, dahi alman etdi. Bu bəs etmirsə, Finlandiya ilə oyunu xatırlayın. Finlandiya ilə oyundan öncə hər kəs Rəşadın mövqeyində Ruslan Abışovla Vladimir Levindən birinin, Cəmşidlə Railin yoxluğunda isə Mahir Şükürovun arxaya çəkiləcəyini gözləsə də, Foqts xeyli fərqli, əcaib və gözlənilməz eksperimentlərə əl atdı. Belə ki, əslində sol cinahda yer alacağını gözlədiyimiz Elnuru sağa keçirən Foqts onun yerində Ruslanı oynatmaq qərarına gəldi. Müdafiənin mərkəzində isə Levinlə həmişə dayaq yarımmüdafiəçisi kimi oynatdığı Samirə yer verdi. Əvəzində həmişə mərkəz müdafiəçisi kimi çıxış edən Saşa dayaq yarımmüdafiəçisi mövqeyində qərarlaşdı. Vüqarı Axtyamovla dəyişdi, azarkeşlərin tələbi ilə lənkəranlıların daha bir sevimli oyunçusu Rahidi də meydana buraxdı. Rüsvayçılıq idi, oyun deyildi. Yalnız 20-ci dəqiqədən sonra yenə oyunçular özləri yerlərini dəyişəndən sonra vəziyyət stabilləşdi.
İkinci arqumentim. Heyətlə bağlı danışarkən deyir ki, Azərbaycan çempionatında bu oyunçulardan başqa milliyə layiqli oyunçu görmürəm. Görəsən, o, hansının oyununa baxıb? Görəsən, Foqts Axtyamovu harada görüb ki, ondan əl çəkmir?
Üçüncü arqumentim. Cənablar, məhz bu almanın sayəsində komandamız axırıncı səbətə düşüb. Yəni 0 səviyyəsinə. Bəyəm biz bu səbətdə olmuşuq? Budur inkişaf?
Dördüncü arqument. Foqts müdafiə futbolu yaradıb. Boş-boş danışmayın. Elə bil uşaq məktəbinə dərs deməyə gəlib. Məşqçinin işi nə olmalıdır? Hələ bunu gözümüzə də soxurlar. Yəqin iki ilə də yarımmüdafiə, daha dörd ilə hücum futbolu yaradar və bizdə də xoşbəxt olarıq. Bu insan Almaniya ilə 1996-98-ci illərdə, Bayer Leverkuzen, Küveyt, Şotlandiya, Nigeriyada işlədiyi vaxtda buraxdığı səhvləri davam etdirir. Bu insan səhvlərindən nəticə götürən deyil, səhvləri ilə yaşayandır.
Beşinci arqument. Aydın məsələdir ki, baş məşqçi Berti Foqtsun federasiyadakı himayədarları onun müqavilə müddətinin artırılması üçün müsbət nəticədə maraqlı idilər. İstəklərinə çatdılar, millinin xal hesabı 5-ə çatdı. İndi rahatca iddia eləmək olar ki, Foqts İqor Ponomaryovdan, Şahin Diniyevdən pis məşqçi deyil.
Məğlubiyyətlərin sayı 7 oldu ki, bu, artıq 4-cü belə nəticədir. Bundan az cəmi bir dəfə məğlub olmuşuq - AÇ-2004-də. Foqtsun uğuru yalnız ardıcıl iki rəsmi görüşdə uduzmayaraq, xal qazanmağıdır. Ən çox xal toplayan baş məşqçilərdən biri də Şahin Diniyevdir ki, o, Foqts və Ponomaryovdan fərqli, seçmə mərhələni əvvəldən sonadək başa çatdıra bilmədi və iki oyun qalmış istefa verdi.
Bilirsiniz, həyatda prinsipial insanlar var. Lakin prinsip ƏXLAQLI olmalıdır. Ona görə də qarşısına qoyduğu məqsəd uğrunda mübarizə aparan ən dizibərk adam da əgər məqsədi əxlaqlı deyilsə, deməli, prinsipsiz adamdır. Belə adamın mübarizliyinə prinsipiallıq demək olmaz. Bu, ƏXLAQSIZLIQDIR.
Əslində, "Təkcə öz ovqatıyla hesablaşmaq - nəhəng HEYVANLARIN işidir". (Alber Kamyunun "Çökmə" povestindən).
Belə. Müsahibəsində deyir ki, Küveytdə işləyərkən, ərəb dilini öyrənməyə başlayıb. Vurğuları çox pis işlətdiyimdən, qısa müddətdən sonra tərcüməçim mənə dedi ki, ərəb dilini öyrənmək daha lazım deyil. İndi burada tərcüməçim mənə bir neçə söyüş öyrətməlidir. O mənə pis sözlərdən ibarət siyahı versə, yaxşı olar. Buna görə də bəzən kobud sözlər işlətmək lazımdır.
Bu sözlər mənim çox xoşuma gəldi. Ağlı var imiş. Qoy bizim söyüşləri öyrənsin. Ünvanına istiqamətlənəndə başa düşməsi üçün.
Zaman hər şeydən müdrikdir, çünki o, hər şeyi aşkarlayır. Amma cənablar, indi Foqtsu saxlasanız və Avropa çempionatının seçmə turu başlayan kimi komandamız uduzsa, neyləyəcəksiniz? Elə isə işi indi görmək lazımdır. Vallah vaxtımız azdır. Eksperiment, pul yemək vaxtı deyil.
Fotsun bir müsahibəsi var, qalib gəlmiş general kimi danışıb. Orada bir sitat marağımı cəlb etdi: "Almanlarda bir misal var. Elə dediyim kimi yazın: onun dalına təpik vurmaq, qaçırtmaq lazımdır ki, oynasın". Bununla tam razıyam. Düz deyir, beləsinin dalından təpik vurmaq lazımdır ki, getsin. Foqts, get!
Sənan NƏCƏFOV
URL / WWW
http://www.kaspi.az/news/a-216.html