Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » İqtisadiyyat » Mənzil bazarının aktivliyi yenidən azalıb
11.12.09 05:55

Qiymətlərin düşəcəyi ehtimalı yüksəkdir

İlkin mənzil bazarında noyabr ayı ərzində mənzillərin satış tempi aşağı düşüb və bazarın aktivliyi yenidən azalıb. Adıçəkilən bazar üzrə növbəti araşdırmalarını yekunlaşdıran "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətindən qəzetimizə bildirilib ki, tikinti şirkətlərinin satışa təklif etdikləri binalarda orta ekspozisiya müddəti də il ərzində 3,9 faiz azalıb. Amma bu göstərici noyabr ayı ərzində 1,1 faiz artaraq 366 gün/-bina təşkil edib. Bununla belə, tikintisinə yeni başlanılan binaların sayı cari ildə tikintisi tamamlanan binaların sayından az olduğu üçün təklif portfelinin həcmi aybaay azalmaya məruz qalıb. Bu azalma isə noyabr ayında 9,3 faiz təşkil edib. Bundan başqa, şəhər üzrə yeni binaların orta mərtəbə göstəricisi 15 mərtəbə olub. Qiymətlərdə isə il ərzində -5,2, noyabr ayı ərzində -3 faiz azalma olub. Tikintisi aparılan binalarda orta yaşayış mənzil sahəsi 101.2 kv.m-dən 102.6 kv.m-ə qədər artıb. Tikintinin mərkəzi isə əsasən Yasamal rayonunda olub: "Hazırda tikintinin istiqaməti şəhərin yüksəklikdə yerləşən hissələrinə və boş ərazilərə tərəf yönəlib. Tikinti şirkətləri artıq xərclərdən yayınmaq məqsədilə köhnə tikililərin sökülməsindən yayınaraq boş ərazilərin mənimsənilməsinə üstünlük verirlər. Boş ərazilər isə şəhərin üçüncü zonasında çoxluq təşkil etdiyindən tikintinin mərkəzi tədricən bu zonaya yönəlir".
Ekspertlərin təhlilləri göstərir ki, tikinti şirkətlərinin satış portfellərinin həcmi də azalır. Tikintinin həcminin azalması isə tədricən satışın sürətini stabilləşdirir. Tikintisi aparılan çoxmənzilli binaların sayında da müşahidə edilən azalma meyilləri davam edir. Belə ki, 2003-2007-ci illərin müvafiq aylarında təməli qoyulan yaşayış binalarının sayı 20-30 ədəd olubsa, 2009-cu ilin noyabr ayı ərzində şirkət tərəfindən qeydə alınmış bu rəqəm 1 ədəd təşkil edib: "Ümumən hazırda tikintisi aparılan 202 yeni binada tikinti şirkətləri tərəfindən satışa təklif edilmiş mənzillərin sayında sürətli azalma davam edib. Son ay ərzində onların payı ümumi satışda 22,6 faiz təşkil edib. Tikinti şirkətlərinin satış portfelində paylarının azalması davam edir". İnvestisiya məqsədilə alınmış mənzillərin satışda paylarının artmasına gəlincə, bu, iş adamlarının öz bizneslərində yaranmış maliyyə böhranının həlli üçün atdıqları addımın nəticəsi kimi izah edilir.
Mənzillərin təklif-tələb portfelindəki vəziyyəti də araşdırılıb. Belə ki, əvvəllər olduğu kimi, hesabat ayında da iki və üçotaqlı mənzillər portfeldə öz üstünlüyü saxlayıb. Portfelin strukturuna gəlincə, tikintisi aparılan binalarda birotaqlı mənzillərə tələb yüksək olsa da, təklif azlıq təşkil edir. Üçotaqlı mənzillərə də potensial tələbin yüksək olması müşahidə olunur. Buna baxmayaraq, bazara təklif olunan mənzillərin sahələri böyük olduğundan alıcılar ikiotaqlı mənzillərə üstünlük verirlər. Beləliklə, noyabr ayı ərzində ilkin bazarda bağlanan əqdlərin sayında -1,2 faiz azalma olub. Ekspertlər bu azalmanı iş adamlarının əksər hallarda potensial tələb ilə real tələbi səhv salmalarının nəticəsi kimi izah edirlər.
İlkin bazarda qiymətlərə gəldikdə, ilin əvvəlki aylarında qiymətlər stabilləşsə də, noyabr ayı ərzində -3,3, ilin əvvəlindən isə -19 faiz azalma qeydə alınıb. Araşdırmalar qiymətlərin artıq bazar reallıqları ilə uzlaşdığını göstərir: "Əvvəlki illərdən fərqli olaraq, ilkin bazarda qiymətləri tikinti şirkətləri yox, məhz bazar formalaşdırır. Zaman ötdükcə daşınmaz əmlak bazarında qiyməti saxlamaq cəhdləri çətinləşir və bazarın müqaviməti ilə üzləşir. Qiymətlərin aşağı düşməsində vaxtilə investisiya məqsədilə alınmış mənzillərin satılması prosesi əhəmiyyətli rola malikdir". İlkin bazarda yaşayış sahələrinin qiymət dəyişməsinə müvafiq olaraq qeyri-yaşayış sahələrinin uyğun qiymət dəyişmələri ilə müşahidə edilib. Bu dəyişmə isə zonalar üzrə müxtəlif tempdə gedib. Tikintisi aparılan binaların əksər hissəsində qeyri-yaşayış sahələri ya tamamilə satışdan çıxarılır, ya da qismən satışa təklif olunur. Yeni tikililərdə kommersiya məqsədli mərtəbələr əsasən satışa təklif edilmir: "Tikinti şirkətləri və ya developerlər bir və ikinci mərtəbələri öz mülkiyyətlərində saxlamaqla icarəyə verməyə daha çox üstünlük verirlər". Ümumiyyətlə, aylıq nəticə göstərir ki, ölkə üzrə yaşayış mənzil tikintisində satış problemləri öz aktuallığını saxlayır. Bu problem regionlarda paytaxta nəzərən daha da ağır qiymətləndirilir. Yeni tikililərdə istilik və qaz problemlərinin son zamanlar mətbuatda daha qabarıq işıqlandırılması da bazara təsirsiz ötüşməyib. Belə ki, məhz bu amil qış aylarında bazarda satışların daha da azalmasına xidmət edən səbəblərdən biri sayılır. Qiymətlərin il ərzində düşməsinə baxmayaraq, növbəti il üçün də proqnozlar bu tendensiyanın davam edəcəyini göstərir. Ekspertlərin fikrincə, dünya bazarlarındakı və eneryi daşıyıcılarına mövcud qiymətlər, habelə əhalinin alıcılıq qabiliyyəti indeksi ilə daşınmaz əmlaka olan qiymətlərin müqayisəsi hələ 2010-cu ilin birinci yarısında da qiymətlərin düşəcəyi ehtimalının yüksək olduğunu deməyə əsas verir.


HƏQİQƏT
URL / WWW
http://www.kaspi.az/news/a-1402.html