|
|
|
Xoş niyyət Qarabağ probleminin də həllində göstərilməlidir
|
Əhməd Davudoğlu erməniləri müsbət ssenarilərə yönəlməyə çağırır
"Ermənistanla imzalanan protokolların tətbiqi önəmli prosesdir. Bu cür proseslərdə hər kəsin diqqəti müsbət ssenarilərə cəmləməsi lazımdır. Mənfi ssenarilərin kimsəyə faydası olmaz". "Milliyət" yazır ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 23-də Brüsseldən dönərkən yurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın protokolların imzalanması ilə bağlı şərtlə danışmasına münasibət bildirərkən qeyd edib ki, əvvəlki vəziyyətə qayıtmaq kimsənin mənafeyinə uyğun deyil: "Hamı müsbət ssenarilərə yönəlməlidir. Müsbət ssenari protokolların tətbiqinə başlanması və bütün Qafqazda normallaşma prosesinin həyata keçirilməsidir". Nazir protokolların tətbiqinin Dağlıq Qarabağ münaqişəsinə bağlı olduğunu söyləyib: "İkitərəfli səviyyədə normallaşma Qafqazdakı durumun düzəlməsiylə əlaqəlidir. Ortada 17 ildir süründürülən bir problem var. Bu problem həll olunmadan ikitərəfli normallaşma heç sağlam da olmaz. Bizim istədiyimiz bütün Qafqazın sülh və sabitlik bölgəsinə çevrilməsidir. Türkiyə-Ermənistan sərhədi 20 ildir bağlıdır, amma biz yenə də problemi həll etməyə çalışırıq. Eyni xoş niyyət Dağlıq Qarabağ probleminin həllində də göstərilə bilsə, bu məsələ də bir mərhələyə gələr. Biz məsələyə neqativ münasibət perspektivi ilə baxmırıq. "O olmazsa, bu olmaz" demirik. Pozitiv münasibət qururuq".
|
Oxumaq
24.12.09
|
| |
|
|
"Neftçi"nin prezidenti dəyişdi
|
Əkbər Hacıyevi Sadıq Sadıqov əvəzlədi
Bakının "Neftçi" klubunun prezident postunda dəyişiklik gerçəkləşib. Apasport.az saytının məlumatına görə, son il yarımda bu vəzifəni tutan Əkbər Hacıyevin istefası qəbul olunub. "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov klubun prezidenti təyin edilib. Dünən klubun bazasında Ə.Hacıyev və S.Sadıqovun komanda ilə görüşü olub və yeni prezident komandaya təqdim olunub. İstefasının səbəblərini açıqlayan Ə.Hacıyev bundan sonra da komandanın yanında olacağını bildirib: "İşlərimin çox olması ilə bağlı seçim qarşısında qaldığımdan və "Azəriqaz" İstehsalat Birliyində yeni layihələrin həyata keçirilməsi üçün dövlət tapşırığının yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq, "Neftçi" PFK-nın prezidenti vəzifəsindən istefa verməyi qərara aldım. Buna baxmayaraq, komandaya bundan sonra da dəstək olacaq və sizin hər bir uğurunuzu öz uğurum hesab edəcəm".
|
Oxumaq
24.12.09
|
| |
|
|
Beynəlxalq müşahidəçilər seçkilərin qanunauyğun keçirildiyini təsdiq edirlər
|
Monitorinq zamanı pozuntular qeydə alınmayıb
Dünən ölkəmizin tarixində sayca üçüncü bələdiyyə seçkiləri keçirilib. Seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti proses zamanı hər hansı bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib. Məsələn, seçkiləri müşahidə edən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq missiyası proses zamanı qanun pozuntusu ilə rastlaşmadığını bəyan edib. Qeyd edək ki, monitorinq missiyasına Qayə Doğanoğlunun rəhbərliyi ilə 10-dan çox nümayəndə daxildir. Onlar ilkin olaraq 36 saylı Xətai seçki dairəsinin 5 saylı məntəqəsində seçkilərin gedişini müşahidə ediblər. Müşahidəçilər səsvermə başlamazdan əvvəl görülən hazırlıq işləri ilə tanış olublar. Missiya həmçinin səyyar seçki qutularının olub-olmadığı, məntəqə üzrə neçə seçicinin qeydiyyatda olduğu, artıq neçə nəfərin səs verdiyi ilə maraqlanıblar. Onlar məntəqədə səsvermənin vaxtında başladığını və seçki prosesinin qanunauyğun getdiyini bildiriblər.
|
Oxumaq
24.12.09
|
| |
|
|
Duzsuz zarafatlarla zənginləşdirilmiş gərginlik
|
İran prezidenti ABŞ-ın Yaxın Şərqdə hakimiyyətinə imkan verməyəcəklərini deyir
Şirazda çıxış edən İran prezidenti Mahmud Əhmədineyad Vaşinqtonun zənginləşdirilmiş uranın ölkə xaricində işlənib əldə edilməsi təklifinə toxunub. Onun sözlərinə görə, İran müəyyən edilən son müddət təkliflərini qəbul etmir və etməyəcək. "İran kifayət qədər cəsarətli ölkədir" - deyən prezident əlavə edib ki, əgər nüvə silahı yaratmaq istəsəydilər, onda bunu dünyaya bəyan edərdilər. Prezident Birləşmiş Ştatların Yaxın Şərqdə hakimiyyətinə imkan verməyəcəklərini də diqqətə çatdırıb. İran lideri ölkəsinin guya atom bombası üzərində işləməsi ilə bağlı ABŞ-ın təqdim etdiyi sənədləri də saxta adlandırıb. ABC kanalına müsahibəsində Mahmud Əhmədineyad deyib ki, Vaşinqtonun ittihamları təkrar olunan, duzsuz zarafatlardır. İran prezidenti ölkəsinin nüvə bombasını işə salan cihaz üzərində işləməsi barədə məlumatı təkzib edib. Telekanala müsahibəsi zamanı yurnalist Dayan Soyer Əhmədineyada həmin cihazla bağlı sənədlərin surətini verib.
|
Oxumaq
24.12.09
|
| |
|
|
Bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun şəraitdə keçirildi
|
Demokratiklik və şəffaflıq tam təmin olunub
Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Səhər saat 8.00-da ölkənin bütün ərazisində növbəti bələdiyyə seçkilərinə start verilib. Bütün seçki məntəqələrində normal səs vermək üçün hər cür şərait yaradılıb. Ümumilikdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilib. Bələdiyyə üzvü olmaq üçün mübarizə aparacaq 31 minə yaxın namizəddən 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçkilərdə seçicilərin 31,8 faizi iştirak edib. Yerli və beynəlxalq müşahidəçilər bütün məntəqələrdə səsvermə prosesinin gedişini maneəsiz izləyə biliblər. Tədbiri 49 mindən çox yerli və 52 beynəlxalq müşahidəçi izləyib. Səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədi ilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb və istənilən şəxs MSK-nın internet səhifələrinə daxil olaraq həmin məntəqələrdə prosesi canlı izləyə bilib. Saat 19.00-da başa çatan səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ictimaiyyətə məlumat verilib. Azərbaycanda keçirilən sayca üçüncü bələdiyyə seçkilərində paytaxt Bakıda seçici fəallığı hiss olunub. APA-nın əməkdaşı Bakı şəhərində yerləşən müxtəlif seçki məntəqələrində müşahidə aparıb. Saat 14.00-a qədər aparılan müşahidələr zamanı seçicilərin təxminən 25-30 faizinin səsvermədə iştirak etdiyi qənaətinə gəlinsə də, günün ikinci yarısına doğru dinamikanın artdığı hiss olunub. Paytaxt ərazisindəki istənilən məntəqədə yerli müşahidəçilərə rast gəlinib. Seçki məntəqələrindəki müşahidəçilər seçki prosesinə hər hansı kənar müdaxiləyə rast gəlmədiklərini, prosesin tam şəffaf keçdiyini bildiriblər. 21 saylı Nəsimi Seçki Dairəsinin 21, 22, 23, 24, 25 və 26 saylı məntəqələrində olan müşahidəçilər bələdiyyə seçkilərində ilk dəfə bu cür aktivlik müşahidə olunduğunu, seçki prosesinin kənar müdaxilə olmadan başa çatacağına ümid etdiklərini deyiblər.
|
Oxumaq
24.12.09
|
| |
|
|
Vladimir Ruşaylo: "Ərazi konfliktləri həmişə çox uzun zaman ərzində həll olunublar"
|
"Əgər biz sizinlə ərazi mübahisəsi ilə bağlı konfliktlərin tarixini təhlil etsək görərik ki, onlar həmişə çox uzun zaman ərzində həll olunublar. Ona görə də mən düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi də bu məsələdə istisna deyil. ATƏT-in Minsk qrupu var, maraqlı tərəflər var. Ona görə də düşünürəm ki, bu məsələlər həmin qrup çərçivəsində həll olunmalıdır. Rusiya Federasiyasının bu məsələdə roluna gəlincə, o, həqiqətən də əhəmiyyətlidir. Amma hesab edirəm ki, bu məsələnin həllində hər şeydən əvvəl Azərbaycanın və Ermənistanın mövqeyi daha vacibdir". Bu sözləri Bakıda səfərdə olan MDB-nin sabiq icraçı direktoru, Rusiyanın Federasiya Şurasının üzvü Vladimir Ruşaylo bildirib. Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxa bilər ki, bu da son nəticədə onun Qərblə yaxınlaşmasına səbəb olar. Rusiya rəsmisi bunların hamısının proqnozlar və ehtimallar nəzəriyyəsindən doğduğunu bildirib: "Düşünürəm ki, hazırkı dövrdə sualı bu cür qoymaq o qədər də düz deyil. İkincisi isə gəlin, konkret məsələlərin həllini gözləyək".
|
Oxumaq
24.12.09
|
| |
|
|
Bakıda Lyubov Uspenskayanın konserti keçirilib
|
Dekabrın 22-də Heydər Əliyev Sarayında Rusiya şansonunun ulduzlarından olan Lyubov Uspenskayanın konserti keçirilib. APA-nın məlumatına görə, təxminən iki saat davam edən konsert zamanı müğənni həm köhnə, həm də yeni albomunda yer almış mahnıları ifa edib. Bunların sırasında şansonsevərlərin tanıdığı "Kabriolet", "Karusel", "Edinstvennomu neynomu", "Nebo" və digər mahnılar da olub. Konsert boyu müğənnini Rusiyanın "Kabriolet" qrupu müşayiət edib. Qeyd edək ki, L.Uspenskaya 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L.Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L.Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-a (Los-Anceles) köçüb. Müğənni ilk albomunu ("Lyubimıy") 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-da populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçüb və hazırda da orada yaşayır. L.Uspenskaya bir neçə dəfə "İlin şansonu" mükafatına layiq görülüb.
|
Oxumaq
24.12.09
|
| |
|
|
"Always"ın klipi "Youtube"da keçirilən müsabiqədə birincilik qazanıb
|
Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində ifa olunan "Always" mahnısına çəkilən klip "Youtube" saytında keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb. APA-nın xəbərinə görə, 2009-cu ilin yekunlarına həsr olunmuş müsabiqədə kliplər izlənmə sayına görə sıralanıb. "Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncülük qazanan Aysel Teymurzadə və Araşın ifasında səslənən bu mahnıya çəkilən klip dünya internet auditoriyasını valeh edib. Belə ki, 9 ay ərzində Azərbaycan təmsilçilərinin klipi 5,5 milyon dəfə izlənib. İnternet müsabiqəsində ikinciliyi "Eurovision-2009" müsabiqəsinin qalibi olmuş Norveç təmsilçisi Aleksandr Rıbak "Fairytale" klipi ilə qazanıb. Bu klip "Always"dən 400 min dəfə az izləyici toplayıb.
|
Oxumaq
24.12.09
|
| |
|
|
Məlahət Abbasova bu həftə Bakıya gəlir
|
Aktrisa Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalayacaq
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova dekabrın 25-də Bakıya gələcək. Bu barədə APA-ya məlumat verən aktrisa deyib ki, o, səfərə prodüser Sevda Kaygısızla birgə gələcək. Səfərlərinin məqsədi isə xalq yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri əsasında çəkiləcək film üçün Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalamaqdır. M.Abbasovanın sözlərinə görə, bu əsər əsasında filmin Türkiyədə hazırlanması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalanması lazımdır. Azərbaycanlı aktrisa qeyd edib ki, filmin çəkilişlərinin gələn ilin mayında gerçəkləşməsi nəzərdə tutulur:
|
Oxumaq
24.12.09
|
| |
|
|
Sumqayıt sakini dəm qazından zəhərlənib
|
Sumqayıt sakini dəm qazından zəhərlənib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt şəhərindəki 49-cu məhəllədə yaşayan Soltan Tahirov evində dəm qazından zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
24.12.09
|
| |
|
|
|
|
|