Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Siyasi partiyalar” haqqında yeni qanun gəlir
Əsas yenilik partiyaların dövlət qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı olacaq

Azərbaycanda neçə müddətdir ki, “Siyasi partiyalar” haqqında qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi və yaxud yeni qanun layihəsinin qəbulu müzakirə edilməkdədir.

Artıq Prezident Administrasiyası tərəfindən “Siyasi partiyalar” haqqında qanun layihəsi rəy verilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hazırda Venesiya Komissiyası qanun layihəsini öyrənir. Onun sözlərinə görə, sentyabra qədər qanun layihəsinin beynəlxalq təşkilatların iştirakı ilə siyasi partiyalarla birgə ictimai müzakirəsi təşkil olunacaq. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Xatırladaq ki, Azərbaycanda hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Bundan sonra həm ölkədə yeni Konstitusiya qüvvəyə minib, həm də siyasi reallıqlar dəyişib. Buna görə də uzun illərdir siyasi dairələrdə «Siyasi partiyalar haqqında» yeni qanunun qəbuluna ehtiyac olduğunu vurğulayırlar. Özü də bu məsələdə həm hakim partiyianın, həm müxalifətin, həm də beynəlxalq təşkilatların mövqeləri demək olar ki, üst-üstə düşür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacağını təsdiqləyib. Bir müddət öncə o bildirib ki,  siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb. Hazırkı "Siyasi partiyalar haqqında" qanunun Konstitusiyadan öncə qəbul edildiyini deyən Ə.Hüseynli bildirib ki, qanuna əlavə və dəyişikliklərin edilməsi zərurəti meydana gəlib. Onun sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması onun rəhbərlik etdiyi komitəyə tapşırılıb və artıq bu istiqamətdə işlərə başlanılıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Varşavada siyasi plüralizm mövzusunda keçirilən seminarında iştirak etdiyini xatırladan Ə.Hüseynli qeyd edib ki, tədbirdə iştirakın əsas məqsədi siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi olub. Onun sözlərinə görə, seminarda siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabər hüquqlu iştirakı, sosial şəbəkələrdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Polşanın Prezident Administrasiyasında, Parlamentində, Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlər keçirilib.
Qanunda bir sıra məsələlərin dəyişdirilməsinə ehtiyac olduğunu vurğulanır. Bunlardan biri siyasi partiyaların qeydiyyatı ilə bağlı şərtlərin dəyişdirilməsidir. Bəzi siyasi partiyalar, xüsusilə də hakim partiya bu şərtlərin daha da sərtləşdirilməsini tələb edir. Əgər bu tələb reallaşarsa, ölkədəki siyasi partiyaların sayının xeyli azalacağını proqnozlaşdırmaq mümkündür. Çünki bu gün fəaliyyətdə olan 50-dən çox siyasi partiyadan 10-15-i istisna olunmaqla digərləri aktiv fəaliyyətdə deyillər. Onların qeydiyyat üçün tələb olunan yeni şərtlərə əməl edə biləcəkləri də şübhə doğurur. Digər tərəfdən, yeni qanun qüvvəyə mindikdən sonra yeni partiyaların dövlət qeydiyyatına alınması proseduru çətinləşəcək. Bu isə obrazlı desək hər yerindən duranın ailə üzvlərindən ibarət siyasi partiya təsis etməsinin qarşısını alacaq. 
Digər məsələ isə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlıdır. Uzun müddətdir müzakirə mövzusu olan bu məsələdə siyasi partiyalar arasında bir konsensus mövcuddur. Yəni siyasi spektrdə təmsil olunan qüvvələrin hamısı partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin zəruri olduğunu bildirirlər. Bu məsələ fikir ayrılığı yaradan məqam isə maliyyələşmənin hansı kriteriyalar əsasında aparılması ilə bağlıdır. Bununla bağlı bir neçə variant uzun müddətdir ki, müzakirə olunmaqdadır. Bəziləri hesab edirlər ki, dövlət yalnız parlamentdə təmsil olunan siyasi partiyalara maliyyə ayırmalıdır. Başqa bir təklifdə partiyaların üzvlərin sayı əsas tutularaq maliyyələşdirilməsi təklif edilir.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı ümumi konsensusa gəlinməsi vacibdir. Onun sözlərinə görə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi beynəlxalq aləmdə müxtəlif cürdür: «Bəzi prezident respublikalı ölkələrdə ümumiyyətlə, partiyaların dövlət tərəfindən maliyyələşməsi yoxdur. Məsələn, ABŞ kimi nəhəng bir ölkədə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi anlayışı yoxdur. Eləcə də Böyük Britaniya və digər aparıcı ölkələrdə bu cür maliyyələşmə institutuna təsadüf olunmur. Əsasən parlamentli respublikalarda siyasi partiyaların dövlət maliyyələşməsi var və bunun məntiqi də ondan irəli gəlir ki, həmin ölkələrdə hökuməti siyasi partiyalar, seçkilərdə qalib gələn siyasi qüvvələr qururlar».
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunandan sonra bütün siyasi partiyalar yeni tələblərə uyğun şəkildə yenidən qeydiyyatdan keçməlidir: "Qeydiyyatla bağlı təklifimiz ondan ibarətdir ki, siyasi partiyalar seçicilərin 0,1 faiz imzasını toplamalıdır. Azərbaycanda 5 milyona yaxın seçici var və onların 0,1 faizi 5 min nəfər edir. Dünyanın müxtəlif ölkələrində bu sistem tətbiq olunur. Misal üçün ABŞ-ın bəzi ştatlarında bu göstərici 7 faizə qədərdir. Bəzi dövlətlərdə 2 faizdir. Partiyalar respublika üzrə fəaliyyət göstərirlər. Ona görə də düşünürük ki, imzaların toplanması respublika üzrə aparılmalıdır. Hər bir seçki dairəsindən təqribən 200 imza toplanmalıdır".
S.Novruzov bildirib ki, bu praktika Ukraynada və dünyanın bir çox ölkələrində var: "Hətta Ukraynanın siyasi partiyalar haqqında qanununda şəhərlərin adları da göstərilib. Qeyd olunub ki, Xarkovdan, Krımdan və başqa regionlardan nə qədər səs toplanmalıdır. İstəyirik ki, bu, Azərbaycanda da tətbiq olunsun ki, partiyalar məhəlli yox, ümumrespublika səviyyəli olsunlar. Siyasi partiyaların yenidən qeydiyyata görə qorxmağına heç bir əsas yoxdur, çünki qeydiyyatla bağlı ən asan sənədləşmə Azərbaycandadır".
YAP funksioneri onu da qeyd edib ki, siyasi partiyaların sosial bazası olmalıdır. "Əgər siyasi partiya alternativ layihələr təklif edirsə, özünün hakimiyyətə gəlmək iddiasını ortaya qoyursa, bu zaman sosial bazası və elektoratı olmalıdır. Bu sosial baza olmadıqda siyasi iddialar irəli sürməyə də ehtiyac yoxdur" – deyə o qeyd edib.
S.Novruzovun sözlərinə görə, partiyaların yenidən qeydiyyatdan keçməsi maliyyələşmə məsələsi ilə də bağlıdır: «Sosial bazanın göstərilməsi siyasi partiyaların maliyyələşməsi üçün vacibdir. Partiyalar dövlət büdcəsindən maliyyələşən zaman əvvəlki qaydalar tətbiq olunarsa, üç-beş nəfər yığılıb partiya yarada və sonra tələb edə bilər ki, onlara mailiyə vəsaiti verilsin. Baş verə biləcək belə halların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır".
Yeri gəlmişkən, dünən ATƏT-in Bakı ofisi "Siyasi partiyalar haqqında" yeni qanuna münasibətini açıqlayıb. Qurumdan bildirilib ki, onlar "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu demokratiya və plüralizmin inkişafı üçün mühüm şərt hesab edirlər. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, yeni qanunla əlaqədar fikirlər hələ tam formalaşmayıb, lakin bununla bağlı bəzi fikirləri var: «Hazırkı "Siyasi partiyalar haqqında" qanun köhnədir və mövcud şərtlərə uyğun yenilənməlidir. Qanunda siyasi partiyaları dəstəkləyəcək və onlara kömək olacaq yeni tədbirlərin yer alması da tələb oluna bilər".
O, yeni qanunda siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinin də yer aldığını xatırladıb və qeyd edib ki, bu təcrübə, demək olar ki, bütün ölkələrdə mövcuddur. "Yəqin ki, bu məsələlər qanunun qəbulu zamanı nəzərə alınacaq", - deyə Ə.Cankorel əlavə edib.
Göründüyü kimi, cəmiyyətdə uzun müddətdir müzakirə olunan bu məsələ ilə bağlı son akkordlar vurulmaqdadır. Artıq elə bu payız parlament yeni qanunu qəbul edə, gələn ildən isə maliyyələşmə başlaya bilər.
İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 08.06.11 | Baxılıb: 452

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •