|
Çöl quşlarının qanunsuz ovlanması və satılmasının qarşısını almaq üçün qurumlara tapşırıq verilib
Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və "Quş qripi" xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları monitorinq və reydlər təşkil edib. Nazirliyin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən aparılan reydlər onların nəzarət etdikləri inzibati ərazilərdə - Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı, Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan və Hacıqabulda keçirilib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mənbədən bildirilib ki, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib: "Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib". Qurumdan əlavə edilib ki, çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısını almaq məqsədilə ETSN müvafiq qurumlarına tapşırıq verib.
HƏQİQƏT
|