Onların fəaliyyətinin araşdırılması ilə bağlı parlament komissiyasının yaradılması təklif edildi
Parlamentin aprelin 15-də keçirilən iclasında radikal müxalifətin ölkədə vəziyyəti gərginləşdirmək istiqamətindəki fəaliyyəti geniş müzakirə olundu.
Millət vəkili Fərəc Quliyev ölkədə xaos yaratmaq istəyən qüvvələrin guya Əbülfəz Elçibəyin yolunu davam etdirən təşkilatların təmsilçiləri olması barədə deyilənlərin doğru olmadığını bildirdi. Onun sözlərinə görə, gerçək millətçilər baş verənlərlə bağlı başqa düşüncədədirlər. Millət vəkili dedi ki, Azərbaycan xalqı ərəblərin taleyini yaşamamalıdır. Çünki xaricdən idarə olunan proseslər nəticəsində Yaxın Şərq bölgəsində necə bir xaosun yarandığı hamının gözü qarşısındadır. Ona görə də Azərbaycan müxalifəti baş verənlərdən dərs çıxarmalı və onların ölkəmizdə təkrarlanmasına dəstək verməməlidir.
Millət vəkili Azərbaycanda akkreditə olunmuş 20-yə yaxın ölkənin səfirlərinin İctimai Palatanın rəhbərliyi ilə qapalı görüş keçirməsini də tənqid etdi. Onun sözlərinə görə, bu görüşdə iştirak edənlər səmimidirlərsə, müzakirə etdikləri mövzuları cəmiyyətdən gizlətməməlidirlər. F.Quliyevin fikrincə, Azərbaycan cəmiyyətinin bu görüşdən şübhələnmək üçün kifayət qədər əsası var. Çünki xarici diplomatlar həmin görüşə parlament müxalifətindən heç kimi dəvət etməyiblər. Millət vəkili təklif etdi ki, bu görüşün araşdırılması məqsədilə parlament komissiyası yaradılsın. Bu komissiya diplomatik korpus təmsilçilərinin fəaliyyətini araşdırsın. Lazım olarsa görüşdə iştirak edən bəzi diplomatlar persona-non-qranta elan olunsun.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə son vaxtlar kütləvi aksiyalarda iştirak edən tələbələrin oxuduqları ali məktəblərdən qovulmalarına etirazını bildirdi. Onun fikrincə, gərginliyin yaranmaması üçün Bakı şəhəri İcra Hakimiyyəti paytaxtın rayonlarında mitinqlərin keçirilməsi üçün yer ayırmalıdır.
Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əhalinin bütün təbəqələrinin prezident İlham Əliyevi dəstəklədiyini bildirdi. Onun sözlərinə görə, prezidentin 2006-cı ilə qədər pensiyaya çıxanların təqaüdlərinin yenidən hesablanması ilə bağlı qərarı bu təbəqədən olan insanlar tərəfindən çox razılıqla qarşılanıb. Təxminən 400 milyon manat maliyyə tutumu olan bu qərar 900 min pensiyaçının təqaüdünün artmasına gətirib çıxaracaq.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da dedi ki, diplomatlarla müxalifət təmsilçilərinin görüşünün qapalı keçirilməsi, görüşün keçirilməsi ilə bağlı xarici ölkə səfirliklərinin gətirdikləri arqumentlər narahatlığa əsas yaradır. Açıq görünür ki. onlar görüşün mahiyyətini gizlətməyə çalışırlar: «Qoy açıq desinlər ki, biz Azərbaycanda inqilab istəyən radikalları dəstəkləyirik».
F.Mustafa dedi ki, bütün bunları nəzərə alan Azərbaycan hakimiyyəti özü müxalifətlə münasibətlərini ayırd etməlidir. Hakimiyyət xarici qüvvələrin əlində kəşfiyyat işçisinə çevrilən müxalifəti xilas etmək üçün iş aparmalıdır.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da müxalifəti milli maraqları nəzərə almamaqda ittiham etdi. Onun sözlərinə görə, ABŞ-ın və Qərb dövlətlərinin müxalifəti müdafiə etməsi barədə fikirlər doğru deyil. Çünki bu ölkələrin əksəriyyətində heç Əli Kərimlinin və İsa Qəmbərin kim olduğunu belə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycana səfər edən xarici ölkə rəsmilərinin heç biri onlarla görüşmürlər. M.Qurbanlının fikrincə, sadəcə olaraq ABŞ-ın, Fransanın, Rusiyanın və İranın parlamentlərindəki ermənipərəst qüvvələr Azərbaycan müxalifətinə dəstək verirlər. Azərbaycan müxalifəti onların əlində alətə çevrilib.
Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov isə Azərbaycan müxalifətinin düşmənçilik psixologiyasından əl çəkə bilməməsinin narahatçılıq doğurduğunu bildirdi. Müxalifətçilər hakimiyyətdə təmsil olunanlara, hər hansı bir formada hakimiyyətlə əməkdaşlıq edənlərə, hətta, parlamentə mandat qazanan öz əqidədaşlarına da düşmən kimi baxırlar. «Düşmənçilik radikal müxalifətin ideologiyasına çevrilib. O gələcəkdə qorxulu nəticələr verə bilər» - deyə millət vəkili vurğuladı.
Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova da inkişaf etdirdi. Onun sözlərinə görə, radikal müxalifət hətta, parlamentdə daim onların mövqeyini müdafiə edən İqbal Ağazadəni də düşmən kimi qəbul edir. Onlar İ.Ağazadənin İctimai Palatada təmsil olunmasına razılıq vermirlər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 20 ölkənin səfirini Müsavat Partiyasına ABŞ səfirliyinin topladığını bildirdi. Onun sözlərinə görə, Avropa ölkələrinin ABŞ-ın təsiri altında olduğu heç kimə sirr deyil. ABŞ-ın Azərbaycandakı səfiri də görüşə öz müavinini göndərməklə iz azdırmağa çalışıb.
Milli Məclisin sədri Oqtay Əsədov da diplomatların fəaliyyətindən narahatlığını ifadə etdi. Onun sözlərinə görə, Azərbaycana şəffaflıq dərsi keçənlər bu cür hərəkət etməməlidirlər. Spiker dedi ki, əslində bütün bunların səbəbləri məlumdur. Azərbaycan prezidentinin müstəqil xarici siyasəti bəzi dairələrin xoşuna gəlmir. «Amma bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz yolundan dönməyəcək» - deyə spiker vurğuladı.
İlham QULİYEV