|
ABŞ prezidenti hamı ilə dost olmaq istəyir
Çinə ilk dəfə rəsmi səfər edən ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ ilə Çinin rəqiblər olmasına ehtiyac yoxdur və onların arasındakı əməkdaşlıq bütün dünyaya xeyir verə bilər. O, Şanxayda gənclərlə debatlar zamanı bildirib ki, ifadə və din azadlığı, eləcə də azad informasiyanın əldə edilməsi universal hüquqlara aiddir və bundan hamı yararlana bilməlidir. Onun sözlərinə görə, ABŞ və Çin düşmən hesab olunmamalıdır. "Son 30 il ərzində bizim münasibətlərimizdə azalmalar və ziddiyyətlər, fikir ayrılıqları və mürəkkəbliklər olub. Ancaq "biz düşmən olmalıyıq" fikri qabaqcadan müəyyən edilməməlidir" - deyə o, çinli tələbələr qarşısında çıxışı zamanı bildirib. Eyni zamanda Obama vurğulayıb ki, hazırda iki dövlət arasında "müsbət, konstruktiv hərtərəfli münasibətlər yaranıb və bu münasibətlər zəmanəmizin iqtisadi bərpa, təmiz eneryi mənbələrinin inkişafı, nüvə silahının yayılması və iqlim dəyişikliyi ilə mübarizə, eləcə də Asiyada və bütün dünyada sülhün və sabitliyin inkişafı kimi əsas qlobal məsələlər üzrə tərəfdaşlıq üçün qapı açır".
Amerika prezidenti ehtimal edib ki, onun doğma şəhəri Çikaqo və Şanxay təmiz eneryi mənbələrindən istifadə baxımından təcrübə mübadiləsi apara bilər: "Bu, bir-birimizdən öyrənmək üçün böyük imkandır". O vurğulayıb ki, təmiz eneryi mənbələrindən istifadə məsələsi Şanxayda keçiriləcək "Ekspo-2010" sərgisində əsas olacaq. Bununla yanaşı, B.Obamanın sözlərinə görə, Vaşinqton hansısa şəkildə Çinin inkişafını dayandırmağa çalışmır, əksinə, ÇXR-in "güclü və çiçəklənən millət, beynəlxalq birliyin uğurlu üzvü" olmasına çalışır. "Bir ölkənin uğuru başqasının hesabına qazanılmamalıdır" - deyə Ağ evin başçısı bildirib. "Biz hansısa ölkələrdə hər hansı idarə formasını qəbul etdirməyə çalışmırıq" - deyə o vurğulayıb. Prezident Obama açıq şəkildə bildirib ki, o, amerikalıların çox mühüm saydığı azadlıqları müdafiə edəcək: "Biz söz və din azadlığı, informasiya almaq və siyasi proseslərdə iştirak etmək azadlıqlarının universal hüquqlar olduğuna inanırıq. Bütün insanların onlardan istifadə etmək hüququ var". Qeyd edək ki, Çin dünyada ən çox internet və mobil telefon istifadəçisinin olduğu ölkədir. Lakin Çin hökuməti bəzi internet səhifələrinə məhdudiyyətlər qoyub. Prezident Obama internetdən azad istifadənin böyük tərəfdarı olduğunu deyib: "Fikrimcə, informasiya nə qədər azad şəkildə axsa, cəmiyyət bir o qədər güclü olar, çünki o zaman vətəndaşlar öz hökumətlərini məsul tuta və özləri haqda fikirləşə biləcək". Yeri gəlmişkən, Obamanın Yaponiyaya səfəri yeni mübahisələrə yol açıb. Buna səbəb isə Obamanın Yaponiya imperatorunun önündə salamlaşarkən əyilməsi olub. Bəziləri bunu Obamanı gülümsəyərək qəbul edən imperator Akihito və onun xanımı qarşısında lazımsız yerə özünü kiçiltməsi kimi şərh edib. "Biz krallar və imperatorlar qarşısındə əyilə bilmərik. ABŞ prezidenti olmaq başqa bir şeydir" - deyə sağçıların nümayəndəsi Villiam Kristol qeyd edib. "Bunun Yaponiyada yaxşı qarşılanacağını düşünə bilərsiniz. Amma ABŞ prezidentinin başqa bir ölkənin başçısı qarşısında əyilməsi yaxşı addım deyil". Onun sözlərinə görə, bu, Obamanın idarə etdiyi ABŞ-ın zəifliyindən xəbər verir. Qeyd edək ki, Barak Obama aprel ayında Səudiyyə Ərəbistanına səfəri zamanı da kral Abdullahın önündə əyilərək salam vermişdi. Onun bu addımı da mübahisələrə səbəb olmuşdu.
Azər NURİYEV
|