Milli Məclisin üzvü Elman Məmmədov hesab edir ki, bunun üçün böyük dövlətlərin istəyi lazımdır
Deputat Elman Məmmədovun SİA-ya müsahibəsini təqdim edirik.
- ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağla bağlı açıqladığı hesabat 2005-ci ildə açıqlanan hesabatdan fərqlənmədi. Bu dəfə də hesabatda Ermənistan işğalçı dövlət kimi qeyd olunmadı. Bunu nə ilə izah etmək olar?
- ATƏT-in faktaraşdırıcı missiyasının bu dəfəki hesabatı 5 aydan sonra tərtib olundu. Bundan belə nəticəyə gəlmək olar ki, hesabat qeyri - səmimi, obyektivlikdən çox uzaqdır.
Təbii ki, burada Azərbaycanı qane edən məsələlər də çoxdur. Məsələn, hesabatda işğal faktı təsdiq olunur. Bundan əlavə hesabatda bütün qaydalara zidd olaraq Ermənistanın işğal zonasında qeyri-qanuni məskunlaşma aparması ilə bağlı məlumatlar da öz təsdiqini tapıb. Onlarsa ala yarımçıq dediklərinə görə Kəlbəcərdə 14 minə qədər erməni yəni Qarabağa aid olmayan başqa ölkələrdən gətirilən ermənilər məskunlaşdırılıb. Mədəniyyət abidələrinin, qəbiristanlıqların, bütün yaşayış məntəqələrinin dağıdılması ilə bağlı qismən də olsa məlumatlar da hesabat da yer alıb amma tam yox. Hesabatda çatışmazlıqlardan biri onun axırında tələblərin olmamasıdır. Çox arzu edərdim ki, bu hesabat əsasında ATƏT, başqa qurumlar, eyni zamanda həmsədr dövlətlər Ermənistana qarşı hər hansı bir sanksiya və ya cəza tədbirləri tətbiq etsinlər. Bizə bu lazımdır.
- Faktaraşdırıcı missiya yalnız Kəlbəcər və Laçın rayonlarında araşdırmalar aparıb. Digər bölgələr niyə nəzərdən qaçıb?
- Konfliktdən əvvəl digər işğal olunmuş rayonlarda Şuşa, Xocalı, Xocavənd rayonları, Xankəndi şəhərində 120 minə yaxın erməni, 60 mindən çox azərbaycanlı yaşayıb. Bu gün həmin ərazilərdə bir nəfər də olsun azərbaycanlı və ya başqa millətin nümayəndəsi yoxdur. Orada təkcə ermənilər yaşayır. Hazırda onların sayı 60-70 min nəfərdir. İşğal olunan digər beş - Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının ərazisində erməni hərbçilərindən başqa heç kim yoxdur. Yəni o ərazilər tamamilə boşdur. Həmin ərazilər dağıdılmış, heç bir şəraiti olmayan xarabalığa çevriliblər.
O ki qaldı nə üçün köçürülən ermənilərin məhz Kəlbəcər və Laçında məskunlaşmasına, bu ərazilər Ermənistanla həmsərhəd yəni Dağlıq Qarabağla Ermənistan arasında olan rayonlardır. Bu ermənilərin gələcək hədəfindən, arzusundan, niyyətindən xəbər verir. Yəni onlar danışıqlarda iddia edirlər ki, Dağlıq Qarabağ və Laçın, Kəlbəcər rayonlarının bir hissəsi Ermənistana birləşdirilsin. Erməni xülyasının bir istiqaməti oradadır.
- Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinə məhəl qoymur. Necə düşünürsünüz qətnamələrin icrası ilə bağlı BMT öz üzərinə düşən vəzifələri yerinə yetirirmi?
- Amerikadan başqa dünyaya nəzarət etmək iddiasında olan dövlətlər var ki, həmin dövlətlər dünyaya nəzarət edirlər. Bunu son hadisələr sübut edir. Onlar istəsələr BMT- tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilən 4 qətnamə bir saatdan sonra icra olunar. Necə ki, 4 saatın içində BMT Liviya ilə bağlı qətnamə qəbul etdi və icrasına başladı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin qəbul olunmaması həmsədr dövlətlərin və başqa böyük təşkilatların problemə olan münasibətindən irəli gəlir. Əgər biz desək ki, BMT-nin qətnamələrin icra olunması üçün mexanizmi və ya gücü yoxdur o zaman biz səhv etmiş olarıq. Sadəcə istəmək lazımdır. İstəmək üçün də ona ağası sifariş verməlidir. BMT-nin də ağası da ABŞ-dır. Çünki o ABŞ-ın əlində bir alətdir, o nə istəsə BMT-də onu edir.
- Bu gün Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma həyata keçirir. Bunun qarşının alınması üçün niyə beynəlxalq qurumlar heç bir addım atmır?
- Nə beynəlxalq güclər, nə də təşkilatlar bu prosesin qarşısının alınması üçün heç nə etməyəcəklər. Açıq-aydın görünür ki, Ermənistan dünya birliyinin ərköyün, pis uşağıdır, heç kim onun xətirinı dəymir, hamı onu sığallayır, daha da həvəsləndirir ki, daha da cinayətlər etsin. Buna sübut Rusiya tərəfindən onlara külli miqdarda silahın verilməsi, bizim din qardaşlarımız olan İranın Ermənistana olan çox güclü dəstəyi, ABŞ-ın 1992-ci ildən başlayaraq hər il Ermənistana maliyyə yardımı göstərməsidir. Bunun hamısı düşmənçilik deyilmi? Əlbəttə ki, düşmənçilikdir.
Ona görə də qeyri-qanuni köçürülmələrin və digər qanunsuz işlərin yeganə yolu torpaqlarımızda məskunlaşıb, ora sahib durandan sonra həmin köçürülənlərin çıxarmaqdır. Başqa ölkələrdən ora köçürülən ermənilər çöldə qalacaq. Gec - tez bu qərarı verməli, torpaqlarımıza sahib çıxmalıyıq. Azərbaycan bütün beynəlxalq hüququ özündə saxlayır ki, öz ərazisində anti-terror hərbi əməliyyatları keçirilsin, torpaqlarında olan cinayətkar hərbi birləşmələri ləğv etsin, öz Konstitusiyasını, ərazi bütövlüyünü təmin etsin. Allahın köməyi ilə bu gün olacaq və öz torpaqlarımızı azad edəcəyik.