|
Qəddafi gənc qızlar arasında islamı yaymaqla məşğuldur
Liviya lideri Müəmmar Qəddafi yenə hamını təəccübləndirməkdə davam edir. Bu dəfə o, bir qrup italyan gənc qızı Roma şəhərində keçirilən yüksək səviyyəli qonaqlığa dəvət edib. Kokteyllər və kiçik buterbrodlarla qonaq ediləcəklərini gözləyən 200 gənc qız müsəlman olmağa həvəsləndirilib. Belə məlum olub ki, qonaqlığın sahibi Liviya lideri Müəmmar Qəddafidir. O, Romaya BMT-nin Ərzaq sammitində iştirak etmək üçün gəlib. Qəddafi islamın möcüzələrindən danışıb və qonaqlarını bu dinin bəzilərinin iddia etdiyi kimi qadınlar əleyhinə olmadığını vurğulayıb. Qonaqlığa dəvət prosesi çox ciddi şəkildə aparılıb. Qonaqlıq sahibinin kimliyi gizli saxlanılıb. Seçilən qızlar gözəl və 18 ilə 35 yaş arasında olmalı idilər. Onların boyu 1.70 sm-dən aşağı olmamalı idi. Qonaqlığa gəlmək üçün xüsusi geyim qaydasına əməl etmək lazım gəlib.
Sinəsi açıq paltarlara və çox qısa ətəklərə icazə verilməyib. Sınaqdan 200 qadın keçib. Onlar avtobuslara mindirilib Romanın dəbdəbəli məhəllələrindən birinə aparılıblar. Təhlükəsizlik dəhlizindən keçəndən sonra onları böyük qonaq otağına dəvət ediblər. Burada müəyyən müddət gözləyəndən sonra qızların bəzisi şikayət etməyə başlayıb. Bir saatdan sonra qonaqlığı kimin təşkil etdiyi bəlli olub. Polkovnik Qəddafi islamın xeyrindən danışıb sə dəvət edilən qızları bu dini qəbul etməyə çağırıb. İki saatdan sonra bu qadınlar qonaqlığı ciblərində 50 avro və əllərində Quranın nüsxəsi ilə tərk ediblər.
|