|
Rusiyalı deputat 300 min avrosunun "atılması"nı ürəyinə salmır
Rusiya Dövlət Dumasının üzvü Edvard Markinin başına qəribə bir iş gəlib. Onun 300 min avrosunu oğurlayıblar. Deputat avronu paytaxtdakı valyutadəyişmə məntəqəsində rus puluna çevirmək istəyən zaman pullarını əlindən alıblar. Bu, bir uğursuzluq olsa da, çoxlarını belə bir sual düşündürür: parlament üzvü bu qədər pulu niyə Moskvanın fırıldaqlara görə ad çıxarmış bir "budka"sında dəyişirmiş? BBC-nin Rusiyadakı müxbiri Rupert Vinqfeld Hayes Edvard Markinin köməkçisinə bu sualı ünvanlayıb. Deputat köməkçisi cavabında deyib ki, onun şefi yaxşı adamdır, sadəcə onu aldadıblar. O deyib ki, Rusiya parlamentinin sağçı üzvü sadəcə öz doğma şəhəri Yekaterinburqda müharibə veteranlarına və qocalara yardım etmək istəyirmiş. Bunun üçün isə yerli bankdan təxminən bir milyon dollar nağd kredit götürüb.
Köməkçi deyib ki, deputat bu pullarla Yekaterinburqda və Moskvada ev almaq və həmin evlərdə özünün xeyriyyə təşkilatını işlətmək istəyirmiş. Lakin "bəs bu xeyriyyə təşkilatının adı varmı" və "qeydiyyatdan keçibmi" suallarının cavabına isə "yox" deməklə kifayətlənib. Yurnalistin "nəyə görə bu yaxşı əməli həyata keçirmək üçün pulu xarici valyutadan rus rubluna çevirmək lazım gəlib" sualı da cavabsız qalıb. Yurnalist bildirib ki, bu yerlər yaramazlıqlara görə ad çıxarıb və elə doğrudan da orada yaramazlıq baş verib: "Pulu dəyişən məntəqə işçisi pulla birlikdə arxa qapıdan yoxa çıxıb". Buna baxmayaraq, Markin heç kefini pozmur. "O, varlı adamdır" - deyə köməkçisi vurğulayıb. "Öz puludur və belə kiçik bir itki onun üçün heç nədir" - deyə əlavə edib.
|