AXCP sədri ilə görüşə "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların nümayəndələri dəvət olunub
Ölkənin siyasi gündəmindən çoxdan çıxmış AXCP sədri Əli Kərimlinin özünün mövcudluğunu hiss elətdirmək üçün bütün vasitələrdən istifadə etməsi artıq kimin üçünsə sürpriz deyil. Bu dəfə Xalq Cəbhəsi Partiyasının sədri dünyəvi dövlətə başlıca təhlükə olan radikal dini qurumlarla əlaqəyə girərək gərginlik yaratmaq üçün onların potensialından istifadə etmək qərarına gəlib.
Trend-in məlumatına görə, martın 30-da Demokrat Partiyasının qərargahında Əli Kərimlinin radikal dini qrupların nümayəndələri ilə görüşü keçiriləcək. Tədbirin Əli Kərimliyə yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilir.
Tədbirdə İslam Partiyasının, Azərbaycanda son zamanlar fəallaşan iranmeylli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri iştirak edəcəklər.
Görüşdə aprelin 2-də keçirilməsi nəzərdə tutulan etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP ilə birgə fəaliyyəti məsələləri müzakirə olunacaq.
Artıq Əli Kərimli ilə radikal qruplaşmanın «müştərək» iltifatı ilkin nəticələrini də verməkdədir. Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərən İslam partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib.
Partiya sədri Elçin Manafov mediaya açıqlamasında bildirib ki, onlar aksiyalarını ya «Azadlıq» meydanında, ya da parlament binasının qarşısında keçirmək niyyətindədirlər. Aydın məsələdir ki, ölkə qanunvericiliyinə görə, aksiyaların keçirilməsi üçün paytaxta müəyyən yerlər ayrılıb və dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla «Azadlıq» meydanında hər hansı aksiyaların keçirilməsi yolverilməzdir. Deməli söhbət qanunsuz aksiyadan gedir, paytaxt rəhbərliyinə müraciət isə sadəcə olaraq diqqəti yayındırmaqdır. Bu ssenaridən bir qayda olaraq ənənəvi müxalifət partiyalarının xüsusən də şəhərin mərkəzində qarışıqlıq yaratmaq istəyən AXCP kimi radikal qruplaşmalar isitifadə edirlər. Elə bu arada Bakıda İran dini emissarlarının iştirakı ilə qapalı toplantı keçirilməsi də təsadüfü sayıla bilməz. Martın 28-də “Alsu” restoranında Azərbaycanda “Hicabı müdafiə və hicab məhbuslarının müdafiəsi komitəsi”nin adı altında dindarların toplantısı keçirilib. toplantıda 40-50 nəfər şəxs iştirak edib. Çıxış edən şəxslər radikal bəyanatlar səsləndiriblər. Qeyd edək ki, toplantıda İrandan dindar qismində gəlmiş iki şəxs də iştirak edib. Lent.az-ın müxbiri onların adını dəqiqləşdirmək istəsə də, buna nail olmayıb. Artıq xoruzun quyruğu görünür. Emissarların nə məqsədlə gəldikləri aydınlaşır. İndi onlar Əli Kərimli kimi imicini və potensialının xərcləyib qurtarmış bir şəxsin timsalında Azərbaycana zərbə endirmək üçün «zənginləşdirilmiş lider» tapıblar. Uranın zənginləşdirilməsi cəhdləri İrana necə beynəlxalq qınaq gətirirsə, Əli Kərimli kimi şəxslərin zənginləşdirilməsi də eyni effekt verəcək.
F.Qurbanlı
|