|
AKP-ni prokuror və hakimlərin telefon danışıqlarına qulaq asmaqda suçlayırlar
Türkiyə Apelyasiya Məhkəməsinin baş prokuroru Əbdurrəhman Yalçınkaya AKP haqqında sürpriz araşdırmanın aparılması barədə təlimat verib. Türkiyə mətbutının yaydığı məlumata görə, buna səbəb Apelyasiya Məhkəməsinə aid bir telefonla İstanbul baş prokuroru Aykut Cengiz Engin də daxil olmaqla, 65 prokuror və hakimin Ədliyyə Nazirliyi tərəfindən dinlənilməsinin ortaya çıxmasıdır. Bundan əvvəl dünyəviliyə qarşı fəaliyyətin ocağı olmasıyla bağlı AKP-nin bağlanılması haqqında ittihamnamə hazırlayan Əbdürrəhman Yalçınkaya indi də hakim partiyanı hüquqi dövlət prinsiplərini pozmaqda günahlandırır. Əbdürrəhman Yalçınkaya bildirib ki, bu cür durumlarda Konstitusiyanın 68/4 və "Siyasi partiyalar haqqında" qanunun 98-ci maddəsi Appelyasiya Məhkəməsinin baş prokuroruna partiyanın bağlanması haqqında ittiham aktı hazırlamağa əsas verir. Sabiq Cümhuriyyət baş prokuroru Sabih Kanadoğlu isə prokuror və hakimləri dinləməklə AKP-ni ölkədə faşist reyim qurmağa cəhd göstərməkdə suçlayıb.
|