|
Son bir neçə gündə sosial şəbəkələrdə adları indiyə qədər heç kimə məlum olmayan və ya şərti adlar altında gizlənən şəxslər çağırışlar edir, radikal ovqatlı şüarlar səsləndirirlər. Onlar virtual məkanın imkanlardan sui-istifadə edərək bütün istifadəçilərin ünvanlarına dəvətlər yollayaraq tanımadıqları həmin şəxsləri də antiazərbaycan təbliğatının həlqəsinə çevirmək istəyirlər. Yaratdıqları süni qruplar da normal diskussiya məkanından daha çox, sanki bir neçə adamın müxtəlif adlar altında monoloqundan qabağa getmir. Sanki eyni boyda, eyni biçimdə, eyni dağıdıcı ovqatda olan insanlar özləri deyib, özləri də eşidir, özləri söyüb, özləri də ləzzət alırlar.
Vay o gündən ki, tilovlarına hansısa nabələd düşsün və harada olduğunun fərqinə varmadan nəsə nativ fikir söyləsin, baxın onda nə müsibət başlayır – öz dillərindən başqa ala-yarımçıq bütün dillərdə danışan əcnəbi təhsilli bu adamların əsl siması üzə çıxır, hər gün çeynəyib-tüpürdükləri sözləri qurtardığından başlayır söyməyə. BƏLİ, ONLARIN ƏN «AĞILLI”LARININ ƏN SANBALLI ARQUMENTİ SÖYÜŞDÜR. Çox qəzəblidirlər! Sən nə üçün bizim kimi fikirləşmirsən? Sən nə üçün bizim ağılda, bizim rəngdə deyilsən? Ardınca da başlayır, yumşaq desək, dilimizin lüğətində olmayan sözlərin sıralanması… Budur özlərini intellektual hesab edən, ünvanlarının və şəxsiyyətlərinin Azərbaycana heç bir dəxli olmayan virtual manyakların səviyyəsizliyi! Heç kimi eşitmək istəmirlər, qafalarını elə doldurublar ki, çətin ki orada sağlam düşüncədən, vətən təəssübkeşliyindən nəsə işartı qalsın. Hələ kompyuterin, İnternetin izinin-tozunun olmadığı vaxtlarda belə adamlara «dil pəhləvanları» deyərdilər, yəni əllərindən düz-əməlli iş gəlməyən, amma ona-buna vedrə bağlamağı özlərinə sənət seçən əbləhlər dəstəsi. İndi zaman dəyişir, amma insan xisləti dəyişilməz qalır, hər dövrün öz əbləhi var, indi onlar «qəhrəmanlıq» göstərmək istəyəndə dillərinin yerini kompyuterin klaviaturası əvəz edir. Onları saatlarla komyuterin arxasında oturmağa, qan çanağına dönən gözləri şişib həlqəsindən çıxana qədər söyüşlər yağdırmağa, haray-həşir salmağa sövq edən nədir? YALNIZ NİFRƏT HİSSİ VƏ VİRTUAL MƏKANIN AŞILADIĞI MƏSULİYYƏTSİZLİK. Sosial şəbəkələrdəki statuslarında bu vaxta kimi bir dəfə də olsun Azərbaycan adına müsbət nəyəsə rast gəlmərsən. Amma bayraq meydanında texniki səbəblərdən qısa müddətli problem yarananda statuslarını montaj olunmuş video görüntülərlə bəzədilər, Azərbaycan bayrağına yaraşmayan ifadələr işlətdilər, dövlət atributlarımızı ələ salıb təhqir etdilər. Onların bu canfəşanlığı real həyatda olduğu kimi sosial şəbəkələrdəki erməni dostları tərəfindən böyük coşğuyla qarşılandı. Mübariz İbrahimov adı indi hər bir azərbaycanlının dilinin əzbəri olduğu bir vaxtda virtual ovçular bunu görməzdən gəlirlər. Bu barədə bir sətir də yazmadılar, amma mili ordumuzda hansısa insident baş verəndə bunun ətrafında uzun müddət müzakirə açırlar, məsələni ictimailəşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Niyyət də aydındır və bundan kimlərin xoşlandığı da… Virtual məkanın favoritləri indi yeni çağırış səsləndirməkdədirlər – ağıllarına gələn bütün ünvanlara dəvət yollayaraq insanları küçələrə səsləyirlər. İş orasındadır ki, bu utopik tədbirin təşkilatçılarının özlərinin etiraf edirlər ki, MÜRACİƏT ETDİKLƏRİ ŞƏXSLƏRİN 90%-DƏN ÇOXU RƏDD CAVABI VERİB. Gülməli və təəccüb doğuran haldır ki, Bakı küçələrində «xalq günü» keçirmək üçün az qala bütün «Facebook» istifadəçiləri qarşısında diz çöküb yalvaran manyaklardan heç biri Azərbaycanda deyil. Onlar müxtəlif Avropa şəhərlərində işsiz-gücsüz avaralanırlar, saatlarla kompyuterin qarşısında mənasız vaxt keçirmək də elə bu, avaraçılığın, tüfeyli həyatın nəticəsidir. İnsanları söymək, böyüdükləri torpağa qara yaxmaq, Azərbaycanın adını yalnız qara siyahılarda görəndə sevinmək – budur onların nifrətlə çulğalaşan natamam həyatlarına rəng qatan amillər. Onların çağırışlarına cavab vermək insanın özünü aşağılamasından, öz ləyaqət hissini itirməsindən başqa bir şey deyil. Əgər xalq yürüşü keçirmək istəyirsənsə, niyə xalqın arasında deyilsən? Məgər Bakının küçələrində azmı gəzmisiniz? Və yaxud da Bakının küçələrində gəzən elə siz deyilsinizmi? Bu çağırışın məsuliyyətsizliyini başa düşən bir çox gənclər təşkilatı, hətta müxalifət düşərgəsinin təmsilçiləri belə aksiyaya qatılmayacaqlarını bildiriblər. Axı nə üçün Avropanın «pub»larının birində noutbukunu ayağının üstünə aşırıb, pivə qurtulda-qurtuldada həmyaşıdlarına ağıl dərsi keçən kiminsə çağırışına qoşulasan? İndi bir-iki nəfərin polis tərəfindən müvəqqəti saxlanılmasını əllərində bayraq ediblər, amma sual verən yoxdur ki, NƏ ÜÇÜN HƏMİŞƏ EYNİ ADAMLAR TUTULUR? Deməli, yazan da, çağırış edən də, qışqıran da, tutulan da eyni zümrənin təmsilçiləridir, özlərinə toxtaqlıq vermək üçün uydurduqları sosial baza tərpənməz qalıb. Əslində, belə bir baza heç vaxt da olmayıb. Azərbaycan cəmiyyətini Afrika ölkələri ilə müqayisə etməyi sevsələr də, prinsipial fərqlər ortadır. Azərbaycanda ifadə və fikir azadlığının təmin olunmasının, cəmiyyətin buna tolerantlıq göstərməsinin nəticəsidir, nə sosial şəbəkələr də, nə ölkə mediasında hansısa məhdudiyyətdən, qadağadan söhbət gedə bilməz. Hətta virtual məkanın məsuliyyətsizliyindən yararlanıb ağıllarına gələn çağırışları edənlər üçün də, ölkənin ictimai rəyini özlərinin doğru bildiyi səmtə yönləndirənlər üçün də meydan var. Yeganə problemi Azərbaycana Afrika bucağından baxmağı sevənlərin təfəkküründə axtarmaq lazımdır. İstənilən şəxs xalqın adından danışa bilər, hətta özünü bəşəriyyətinin müəllimi kimi də hiss edə bilər, amma xalq belə «müəllimləri» çox görüb, çox dinləyib, onların nağıllarının sonunun nəyə qurtaracağını da çox yaxşı bilir…
|