Və yaxud "Mənə qardaş deyin, ay eloğlular!"
"Müharibə şəraitində öz qəhrəmanlıqları ilə ad çıxaran əsgər və zabitlərimiz çox olub. Müharibənin ağır anlarında parlaq şəkildə təzahür etmiş kütləvi vətənpərvərliyin gözəl ənənələri yaşayır, davam edir. Azərbaycan övladları vətənə məhəbbəti öz əməlləri ilə sübut etmək üçün tələb olunan yerlərdə ön cərgədə olurlar. Belələrindən biri də Qarabağ uğrunda gedən döyüşlərdə batalyon komandirinin müavini olmuş, hazırda mayor rütbəsinə ucalmış Aidə Şirinovadır". Şənbə günü Rəşid Behbudov adına Mahnı Teatrında "Məlhəm" Humanist Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir bu cümlələrlə başladı. Təşkilatın sədri Xədicə Murad ilk tədbirlərini Azərbaycanın azadlığı uğrunda vuruşan qadınlara həsr etmələrindən qürur duyduğunu söylədi. "Bugünkü tədbirin qəhrəmanı Aidə xanımın adı milli ordumuzun tarixində bu mərtəbəyə çatan ilk qadınlar sırasında çəkilir. İlk tədbirimizi belə bir cəsur qadına həsr etməyimizlə fəxr edirik".
Həmin gün həmçinin Aidə Şirinovanın 50 illik yubileyi və mərhum yazıçı-yurnalist Canəli Mirzəliyevin onun döyüş yoluna həsr etdiyi "Müqəddəs hissin təzahürü" kitabının təqdimatı keçirildi.
Aidə xanımın döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verildi. Məlum oldu ki, Aidə Şirinova vətənin dar günündə əyninə əsgər paltarı geyinib, əlinə silah götürərək əsl azərbaycanlı qadınına xas olan qeyrət nümunəsi göstərib. Müxtəlif cəbhə xətlərində uğurlu əməliyyatların fəal iştirakçısı və mahir təşkilatçısı olub. Neçə-neçə düşməni qanına qəltan edib. Dəfələrlə yaralanıb, kontuziya alıb, əsəbləri pozulub. Qısa müalicələrdən sonra yenidən səngərlərə, döyüş meydanlarına qayıdıb. Aidə Şirinova Tərtər rayonunun, Talış, Şaumyan, Gülüstan, Marağa, Ağdərə, Həsənqaya, Qırmızıkənd, Orta kənd, Çaldıran və başqa yaşayış məntəqələrinin erməni hərbi birləşmələrindən təmizlənməsində əsl qəhrəmanlıq nümunəsi göstərib.
Aidə Şirinovanın döyüş yolundan təsirlənən Canəli Mirzəliyev ona həsr etdiyi kitabın girişində yazır: "Doğrusu, Aidə xanımla görüş zamanı ilk aldığım təəssürat məni mütəəsir etdi, xeyli düşündürdü. Bu cəsur qızın vətənpərvərliyi, milli qürur hissi, məntiqi fikirləri onun haqqındakı məlumatlarımı daha da artırdı. Təkcə məlumatımı artırmadı, həm də xalqına ürəkdən bağlı olan bu qızın mənalı həyat yolu barədə bir yazı yazmağa vadar etdi".
Kitabda Aidə xanım haqqında onu tanıyanların maraqlı fikirləri, özünün isə cəbhə xatirələri yer alıb. Bu xatirələrin hər birində müharibənin ağır üzünü görmək, onun çətinliklərinə mərdliklə sinə gərən insanları tanımaq mümkündür.
Müəllifin qızı Aytən xanım Aidə Şirinovanı 2003-cü ildən tanıdığını və atasının həmişə onun haqqında böyük sevgi ilə danışdığını xatırladı.
Tədbirin aparıcısı, bədii qiraət ustası Ağalar Bayram Aidə xanımın həyat yolunu gənclər üçün əsl qəhrəmanlıq nümunəsi adlandırdı.
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Asif Rüstəmli Aidə xanımın doğum gününü içində vətən həsrəti çırpınan hər bir azəri qadınının doğum günü adlandırdı: "Aidə Şirinovanı o qan-qadaya çağıran hansı hisslər idi? Bu o dövr idi ki, Azərbaycan əsgərləri Daşaltı tələsinə salınmışdı. Xalqımız Xocalı soyqırımını yaşamışdı. Elə onda biz televizorda Azərbaycan qızlarının səsini eşitdik. Onlar döyüş alayı yaratmaq istəyirdilər. Təbii ki, bu alayın qabağında Aidə xanım getməli idi. Amma o, alayın yaranmasını gözləmədi. Əyninə döyüş paltarı geyinib od-alovun içinə getdi. Gənclərdə vətənpərvərlik ruhu aşıladı. Gənc əsgərlər başa düşdülər ki, əgər döyüşdə Aidə xanım varsa, onların bircə addım da geriyə qaçmağa ixtiyarları yoxdur. Onlar bunu sadəcə, qeyrətlərinə sığışdıra bilməzlər. Aidə xanım döyüş illərində əsgərlərə bacı, ana olub, onların dərdlərinə şərik çıxıb, sirdaşlarına çevrilib. Aidə xanımın döyüş yolu onun tale yoludur. Bu, unudulmaz, şərəfli bir yoldur".
Şair-publisist Seyran Səxavət məhz bu kitab vasitəsi ilə Aidə xanımla tanış olduğunu diqqətə çatdırdı: "Bu kitabı oxuyunca Azərbaycan xalqının belə bir qeyrətli, mərd qızının olması ilə fəxr etmişəm. Dünya ədəbiyyatında həmişə qadın qəhrəmanlar olub. Məmləkətdə sınaq dövrü gələndə həmişə qadınlar meydana çıxır. O zaman cəmiyyətdə qadın qəhrəmanlar peyda olur ki, kişi qıtlığı yaranır. Əslində, qadın qəhrəmanlar rəmzi olmalıdır, çünki onların ən böyük qəhrəmanlığı qadın olmalarıdır. Mən Aidə xanımın qarşısında baş əyirəm və ona "qardaşım" deyirəm".
Akademik Teymur Bünyadov qatıldığı gecənin ona nağıllar qədər gözəl təsir etdiyini vurğuladı: "Bizim qadınlarda olan qeyrət heç bir xalqda yoxdur. Bunun ibrətamiz nümunəsi Aidə Şirinovadır. Bu, Tomrisdən gələn qəhrəmanlıq tarixidir. Mən bu qadınla qürur duyuram".
Akademik Akif Musayev çıxışında bir gün torpaqlarımızın geri alınacağına əminliyini gizlətmədi. Onun fikrincə, bu müqəddəs işdə qadınların rolu danılmaz olacaq: "Yaradan qadınları gözəl yaradıb. Çox deyilir ki, dünyanı bəlalardan qadınlar qurtaracaq. Biz də inanırıq ki, bu, həqiqətən belə olacaq. Qadınlar müharibəyə həmişə nifrət edirlər. Çünki müharibə onların ərlərini, oğullarını, qardaşlarını əllərindən alıb. Aidə xanım bu dəhşətləri görməmək üçün müharibəyə gedib. Onun bütün həyatı gənclərimiz üçün əsl örnəkdir".
Bədii qiraətçi Zülfiyyə Eldarqızı, Şəmistan Əlizamanlı, müğənni Səyyad Əlizadə, gənc muğam ifaçıları və b. gecəyə mahnı, şeir töhfələrini ərməğan etdilər. Aidə xanım özü də ara-sıra hisslərinin ünvan tapdığı şeirlərini söylədi. Onu kişi qeyrətli adlandıranlara "Mənə qardaş deyin, ay eloğlular" deməkdən də çəkinmədi.
Tədbirin sonunda Aidə xanım təşkilatçılara və gecəyə qatılan bütün iştirakçılara minnətdarlığını bildirdi. Hazırda Nəsimi Rayon Polis İdarəsində çalışan və həmişə "Mən döyüş xidmətlərimə görə mükafat ummuram" - deyən Azərbaycanın bu qəhrəman qızı yenə də onun üçün əsl mükafatın torpaqlarımızın geri qayıdacağı gün olacağını dilə gətirdi.
Təranə MƏHƏRRƏMOVA