|
Azərbaycan Mətbuat Şurası qadın jurnalistlər üçün “İşıq” mükafatını təsis edib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, bu mükafat hər il yanvarın sonlarında qaliblərinə veriləcək. “İşıq” qəzetinin 100 il bundan öncə yanvarın 22-də işıq üzü gördüyünü deyən şura sədri vurğulayıb ki, mükafatlar həm jurnalistika ilə bağlı araşdırma sahiblərinə, eyni zamanda hazırda jurnalistikada çalışan qadın jurnalistlərə təqdim olunacaq. Artıq bununla bağlı Təşkilat Komitəsinin yarandığını deyən Ə.Amaşovun sözlərinə görə, bu il çox güman ki, mükafat ilin ortalarına kimi sahiblərinə veriləcək.
“Növbəti ildən isə hər il yanvar ayında bu mükafat qaliblərinə təqdim olunacaq. Azərbaycan Mətbuat Şurası son zamanlar mətbuatın inkişafında önəmli rol oynayan hadisələrlə, bu inkişafa töhfələr verən insanlarla bağlı mütəmadi olaraq tədbirlər keçirir. Son belə tədbir isə “İşıq” qəzetinin 100 illik yubileyi ilə bağlı idi”, - deyə o əlavə edib.
|