|
Bu gün insanları ölüm qorxusuyla üz-üzə qoyan "Donuz qripi" dünyada ən çox danışılan və insanların psixoloyi gərginliyini artıran qlobal problemə çevrilib. Hazırda hamı bu problemdən çıxış yolunu, qorunmaq üsulunu axtarır. Bu xəstəliyə tutulanların və ölənlərin sayı artdıqca gərginlik də, həyəcan da artır. Xatırladaq ki, A/H1N1 virusu A qripi yüksək patogenli virus ştampının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insanlardan insana hava, damcı yolu ilə ötürülür və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü kəskin şəkildə birüzə verir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda olan kəskin ağrılar, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 qripinin əlamətləri müşahidə edilən kimi, həkimə müraciət olunmalı və ilkin tədbirlər görülməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən bacardıqca uzaq qaçmaq lazımdır. Əlbəttə ki, bu, hər kəsin öz xeyri üçündür.
Qarşısını almasa belə, özünü az da olsa sığortalamağın ən sadə yollarındandır. Deyirlər, "Donuz qripi"ndən qorunmağın birinci üsullarından biri də respiratorlardan-xalq dili ilə desək maskalardan istifadə etməkdir. İnsanların bu gün Azərbaycanda da "Donuz qripi"nə yoluxanların sayının artıq 12 nəfərə çatmasını eşitdikdən sonra təşvişi və bu qripdən qorunmaq istəyənlərin sayı daha da artıb. Amma özünü əvvəlcədən bu virusdan müdafiə etmək istəyənlər apteklərdə maskaların olmamasından şikayətlənir. Bu faktın nə qədər doğru olub-olmadığını araşdırmaq məqsədilə noyabrın 15-i mən də üz tutdum Bakı şəhərində yerləşən apteklərə. 10-dan çox mərkəzi apteki bir-bir gəzdimsə də, heç birində virus əleyhinə qoruyucu maska tapa bilmədim. Səbəbini soruşduqda hər bir aptekdə cavab sanki əvvəldən bir-birilə danışılmış kimi "Depolarda qoruyucu maskalar yoxdur və bu səbəbdən biz də satmırıq" - deyə cavablandırıldı... Bu cavab nə dərəcə doğrudur bilmirəm, amma bu gün ölüm qorxusuyla üz-üzə qalanlar üçün bu cavab heç də çıxış yolu deyil. Maraqlıdır, bu gün KİV "Donuz qripi"nin acınacaqlı fəsadlarından, bu qripdən qorunmaq üsullarından danışsa da, əhalinin "Donuz qripi" haqqında ətraflı məlumatı varmı? Bu qripdən necə qorunurlar, maskalardan istifadə edirlərmi? "Donuz qripi" fəlakəti tezliklə ötüb keçəcək, yoxsa yaxın zamanlarda ciddi fəsadlar daha da artacaq? Elə bu suallarımıza cavab tapmaq üçün əhali arasında sorğu keçirdik. Sizi də sorğuda iştirak edənlərin fikirləri tanış edirik. Haqverdiyeva Təranə (müəllimə): - Qrip haqqinda bir qədər məlumatım var. Əlbəttə, bu məni bir ana kimi, bir müəllimə kimi, eyni zamanda bir insan kimi çox narahat edir. Bu qrip adi qrip deyil ki, tezliklə aradan qaldırılsın. "Donuz qripi" daha sürətlə yayılır. Gündən-günə ölənlərin sayı da artır. Qorunmağa çalışmaq hamımızın borcudur. Fikrimcə, adi üsul olsa da, vitaminli məhsulları qidamızda daha da artırmalı, xüsusilə sarımsaq, soğan yeməliyik. Lakin respiratorlardan istifadə etmirəm. Amma vəziyyət gərginləşsə, əlbəttə, mən də istifadə edəcəm. Övladlarım və şagirdlərim isə məcburi şəkildə olsa da istifadə edirlər. Quliyeva Aytən (tələbə): - "Donuz qripi" haqda az-çox məlumatım var. Bu qrip dünyada ekstremal vəziyyət yaradıb. Bu xəstəlik digər infeksion xəstəliklərdən daha tez və daha asan yoluxur. Təbii ki, can şirin şeydir. Hamı kimi mən də bu virusa yoluxmağı heç də istəmərəm. Qorunmağa qaldıqda isə əlimdən gələn şeyləri edirəm. Məsələn, dost-tanış, rəfiqələrimlə öpüşüb, görüşməyi azaltmışam. Dərsdən, işdən evə gələn kimi onsuz da əllərimi sabunla yuyurdum. İndi isə harda sabun, su gördümsə, tez əllərimi təkrar-təkrar yumağa çalışıram. Küçədə, metro və avtobusda olan tutacaqlardan istifadə etdikdən sonra spirtli nəm salfetlə əllərimi silirəm. Cəmiyyət arasında bir az nasaz, qrip simptomları olan insanlardan uzaq durmağa çalışıram. Ancaq bütün bunlar o cür intensiv yayılan virusun yanında çox cüzi şeylərdir. Məncə, uşaqlardan qocaya kimi hamıya konkret bu virusa qarşı bir peyvənd vurulsa, hamı cüzi də olsa rahat olar. Ancaq söhbət orqanizmə zərərsiz bir peyvənddən gedir. Həsənova Nigar (şagird): - Bu qrip haqqında, bir az bilirəm. Anam və müəlliməm mənə bu qrip haqqında ondan necə qorunmaq haqqında danışıb. Televizor vasitəsilə də eşitmişəm Məktəbə maskasız gələndə bizi içəri buraxmırlar. Nəm salfetlə tez-tez əlimi silirəm. Atamalıyev Ağakişi (sürücü) : - "Donuz qripi" hal-hazırda ən qorxulu qripdir. Məncə, dünya tibb işçiləri bununla zarafat etməməlidi, virusu yox edən bir vasitə tapmalıdır. Mənim qabaqlayıcı tədbirlərim özümü qorumaqdan ibarətdir ki, mən də maskalardan istifadə edirəm. Bəzi insanların fikirlərinə görə, qripin dünyada belə sürətlə yayılması heç də təsadüfi deyil. Belə ki, dünyanın bəzi hegemon dövlətləri virusu bilərəkdən yayırlar. Bunun üçün virusun daşıyıcıları olan vətəndaşlarını dünyanın müxtəlif ölkələrinə göndərirlər. Hər deyilən sözdə müəyyən həqiqətin olduğunu nəzərə alıb, əcnəbi vətəndaşlardan bacardığımız qədər uzaq durmalıyıq. Ağayev Nazim (tələbə): - Bu qripdən mən də qorunmağa çalışıram, amma tam qorunuram desəm, yalan olar. Maskalardan istifadə etmirəm, çünki onun məni qoruyacağına inanmıram. İstifadə edənlər də azdı 100 nəfərdən beşi. Rəhimov Elşad (magistr): - Bu gün çoxlarımız bu qripə zarafatla, adi qrip kimi yanaşsaq da, əslində olum və ya ölüm məsələsidir. Bir az məzəli alınsa da, metroda və yaxud avtobusda, bir sözlə, cəmiyyət arasında "SƏBR" gətirən olsa, o insan yavaş - yavaş ətrafında olan insanların yüksək sürətlə ondan uzaqlaşdığının şahidi olacaq. Sorğumuzdan da bir daha bəlli oldu ki, "Donuz qripi" həqiqətən insanların canına qorxu salıb. Əlimizdən gələn özümüzü maksimum dərəcədə qorumaqdır. Daha ciddi tədbirlər isə səhiyyə işçilərinin üzərinə düşür.
Könül MAYILOVA
|