Bu dəfə isə müğənnilərdən Samira, Nüşabə Ələsgərli, Ruhəngiz Allahverdiyeva, tanınmış dünya ulduzu Modern Tokin parodiya olunacaq
“Bu şəhərdə” yumor qrupu «Xınayaxdı» adlı yeni və çox maraqlı proqramları ilə martın 5, 6, 7, 8 və 9 mart tarixlərində Heydər Əliyev Sarayında çıxış edəcək. “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov Milli.Az xəbər portalına konsert barədə açıqlama verdi.
"İlk öncə onu deyim ki, bəzi saytlarda «Bu şəhərdə»nin yeni proqramı barədə yanlış məlumatlar yerləşdirilib. Bu məlumatlar dəqiqləşdirmədən yazılıb. Həmin məlumatlarda bildirilir ki, bu dəfə «Bu Şəhərdə»nin proqramında müğənnilər Eyyub Yaqubov, Firuzə İbadova və Cavanşir Məmmədov parodiya olunacaq. Bu məlumatlar səhvdir, builki mart konsertində onların parodiyası olmayacaq. Adları çəkilən müğənnilər bizim ötən proqramımızda var idi. Bu dəfə isə müğənnilərdən Samira, Nüşabə Ələsgərli, Ruhəngiz Allahverdiyeva, tanınmış dünya ulduzu Modern Tokin parodiya olunacaq. Bir məlumata da dəqiqliklə aydınlıq gətirməyə ehtiyac duyuram. Biz bundan əvvəlki proqramda Bülent Ersoyu parodiya etmişik. Ancaq Mixail Qusman parodiya olunmayıb, sadəcə sözlə onu tənqid etmişik. Bu da o ərəfədə olub ki, Qusman ermənilərin prezidentinə şahmat hədiyyə etmişdi. Biz də sözlə bu jestə münasibət bildirmişdik, yəni, bu, parodiya deyil. Onu da qeyd edim ki, biz «Günəbaxan» və «toylar kraliçası»nın parodiyalarını da ötən dəfə tamaşaçılara təqdim etmişdik, yəni, bu dəfə onlar olmayacaq» - deyə Müşfiq açıqlama verdi.
Müşfiq Abbasovla söhbətimiz zamanı onu da öyrəndik ki, bu dəfəki proqramda «Lotoreya» və «Müstəntiq» səhnələri təqdim olunacaq. Eyni zamanda proqram çərçivəsində ayrı-ayrı millətlərin simasında Azərbaycan qadınları təbrik olunub və bu təbriklər video görüntülərlə təqdim ediləcək. Həmişəki kimi tamaşaçıların maraqla izlədiyi «Toy» səhnəsi də proqramda yer alıb. M.Abbasovun dediyinə görə, digər maraqlı səhnəciklər də hazırlanıb. "Bu dəfə repertuarda Otello və Dezdemona obrazları da nəzərdə tutulub. Sonra lotereya uduşu olacaq. Kasıb yox, acgöz bir şəxs lotereyanı udacaq və bundan sonra həyatı dəyişəcək".
|