Çayxana, kafe, mebel salonları, oyun zalları... tamaşaçıları kinoteatrlardan didərgin salıb
Milli Məclisin son iclasında millət vəkili Elmira Axundova ölkədəki kinoteatrların mövcud durumuna toxunaraq onların uzun illərdir ki, öz təyinatları üzrə fəaliyyət göstərməməsini narahatlıqla dilə gətirib. “Bu binalardan mebel salonu, alqı-satqı ofisləri, un məmulatları bişirilən yer kimi istifadə olunur. Hətta bəzi binalar bomj sığınacaqlarına, narkomanların toplantı yerinə, əxlaqsızlıq yuvasına çevriliblər. Bütün bunlar dözülməz və ürəkağrıdıcı faktlardır.
Vaxtilə bütün ölkə ərazisində, Bakıda və rayonlarımızda mədəniyyət klubları fəaliyyət göstərərdi, bədii özfəaliyyət dərnəkləri yüksək səviyyəli çıxışları ilə qəlbləri oxşayardı. İndi isə bunların heç birindən əsər əlamət də qalmayıb”. Millət vəkili əksər mədəniyyət klublarının hal-hazırda özəlləşdirilərək kommersiya məqsədləri üçün istifadə olunduğunu da diqqətə çatdırıb.
Əslində, mətbuat səhifələrində dəfələrlə qabardılan və həllini tapmasına az ümid olan bir problemin yenidən yüksək tribunadan səslənməsinə müsbət hal kimi yanaşmaq lazımdır. Hələ bir neçə il bundan əvvəl həmyerlimiz, Rusiyanın tanınmış mədəniyyət işçisi Yuli Qusman Bakıda qonaq olarkən “Məni Azərbaycanda ən çox narahat edən kinoteatrlar məsələsidir. Vaxtilə Azərbaycanda ən gözəl “Nizami” kinoteatrı idi. İndi isə o kinoteatr çox pis vəziyyətdədir. Bir “Azərbaycan” kinoteatrının fəaliyyəti çox azdır. Amma bilirəm ki, söz veriblər, “Nizami”, “Dostluq” və başqa kinoteatrlar yeni avadanlıqla təmin ediləcək” deyə bildirib.
Demək, narahatlığın kökü daha dərindir. Yəni nə dünənin söhbətidir, nə də bu günün...
Üçbücaq
Qeyd edək ki, binası olmayan bir sıra teatrların kinoteatrlarda fəaliyyət göstərməsi faktdır və onların nə vaxtsa bina ilə təmin olunması ehtimalı da istisna deyil. Hər halda, aidiyyatı qurumların verdikləri vədlərdə belə deyilir.
Problem isə ücbücaqlıdır: kino işcillərinin, bəzi teatr kollektivlərinin və çoxsaylı tamaşaçıların. O mənada ki, kinorejissorlar kinoteatr olmadığı üçün çəkdikləri filmlərin ictimai baxışından sonra rəflərdə qaldığından və tamaşaçıların görə bilməməsindən şikayətlənirlər. Sirr deyil ki, təzə çəkilmiş filmlər televiziya ekranlarına çıxmamış, kinoteatrlar müqavilə bağlayaraq həmin filmləri alır və tamaşaçıların ixtiyarına verir. Elə kinoteatrın özəlliyi də bundadır. Tamaşaçı televiziya ekranında görmədiyi yeni bir filmə baxmaq üçün kinoteatra üz tutur və s. Adətən kinoteatrların fəaliyyətini yüksəltmək üçün yeni filmlərdən daha çox istifadə olunur.
Binası olmayan bəzi teatrlar isə məskunlaşmaq üçün onlara müvəqqəti də olsa verilən kinoteatrların binasından həm razıdırlar, həm də narazı. Razılıqları odur ki, heç olmasa başlarını salmağa, məşqlərini etməyə yer tapıblar. Narazıdırlar ki, kinoteatrların binası onların yaradıcılıq imkanları üçün bəs eləmir. Belə ki, mövcud binalarda onlara verilən otaqlar həm azlıq edir, həm də şəraitsizdir. Kinoteatrların otaqları isə daha çox icarə məqsədləri üçün istifadə olunur.
Tamaşaçıya gəlincə, ən böyük ziyan onlara dəyir. Belə ki, onlar nə təzə tamaşalardan xəbər tuta bilirlər, nə də yeni çəkilən filmlərdən. Heç şübhəsiz, kinoteatrların biznes ocağına çevrilməsi tamaşaçıların bu mədəniyyət ocaqlarından didərgin düşməsinin əsas səbəblərindən biridir.
Acınacaqlı vəziyyət
Əlbəttə, öz növbəmizdə ünvanlarına səslənən ittihama münasibət öyrənmək üçün adı Mədəniyyət və Turizm Nazirliyinin saytında yer alan bir neçə kinoteatra – “Bakı”, “Dostluq”, “Təbriz” kinoteatrlarına telefon açsaq da zənglərimiz cavabsız qaldı. Heç telefonun dəstəyini qaldıran gözətçi də tapmadıq. Ancaq reydlərimiz nəticəsində məlum oldu ki, gerçəkdən kinoteatrlarda mebel mağazası, çayxana, yeməkxana, gözəllik salonu, tennis və oyun zalları və s. obyektlər fəaliyyət göstərir. Məsələn, “Dostluq” kinoteatrında yerləşdirilən Bakı Bələdiyyə Teatrı da yaradıcı kollektiv olaraq çətinliklər yaşayır. Teatrın aktyoru Vaqif Əliyev “Dostluq” kinoteatrının profili üzrə fəaliyyət göstərmədiyini təsdiqlədi. “Kinoteatrda bizə verilən otaqlardan əlavə mebel mağazası, çayxana, yeməkxana və s. fəaliyyət göstərir”.
“Savalan” kinoteatrı özünün kinoteatr kimi fəaliyyətini ümumiyyətlə, dayandırıb. Hazırda kinoteatrda Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyət göstərir. “Savalan”ın binasının da əsaslı təmirə ehtiyacı var. Şuşa Teatrının aktyorları bu kinoteatrın keçmiş kino zalında məşq edirlər. Teatrın truppa müdiri Azad Məmmədov bildirdi ki, tamaşalarını icarəyə götürdükləri başqa səhnələrdə oynayırlar. Amma nə vaxtsa kinoteatrın binasının təmir olunub onlara verilməsi ehtimalı istisna deyil.
Eləcə də “Şəfəq” kinoteatrı eyni aqibətlə üz-üzədir. Bu kinoteatrda ümumiyyətlə, film nümayiş olunmur. Hazırda binada Pantomim Teatrı fəaliyyət göstərir.
Qeyd edək ki, “Azərbaycan” kinoteatrı istisna olmaqla, Bakıdakı kinoteatrların hamısının vəziyyəti acınacaqlıdır: əsaslı təmirə ehtiyac, soyuq otaqlar, tamaşaçısız kino zalları...
Məcburiyyət?
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov problemə münasibətini açıqlayaraq bildirdi ki, “Teatrların kinotarlarda yerləşdirilməsi mədəniyyət və turizm nazirinin məlum sərəncamından sonra həyata keçirilib. Belə ki, bir neçə il bundan əvvəl Pontamim Teatrı “Şəfəq” kinoteatrında, Şuşa Teatrı “Savalan”, Bakı Bələdiyyə Teatrı “Dostluq” kinoteatrında yerləşdirilib. Y.Şeyxovun sözlərinə görə, hazırda Pontamim Teatrında nazirliyin öz daxili imkanları hesabına şərait yaradılıb və orada həftədə bir neçə dəfə axşamlar tamaşalar oynanılır. Teatr öz fəaliyyətini bu kinoteatrda davam etdirir. “Nazirliyin «Şuşa» kinoteatrı haqqında konkret planı var. Bu binada yenidənqurma işlərinə başlanılacaq. Yəni Şuşa Teatrı orada təkcə məşqlərini həyata keçirməyəcək, həmçinin tamaşalar göstərilməsinə şərait yaranacaq. Bütün bu işlər kinoteatrlardan səmərəli istifadə etmək məqsədilə görülür. Bilirsiniz ki, «Nizami» kinoteatrında geniş yenidənqurma işləri aparılır. Bu kinoteatrın istismara verilməsi nəzərdə tutulur. «Araz» kinoteatrında videofilmlər nümayiş olunur. «Vətən» kinoteatrının zalında da filmlər nümayiş etdirilir».
Yusif Şeyxov kinoteatrların profilinə uyğun olmayan məqsədlər üçün istifadə olunduğunu da istisna etmədi. Nazirlik rəsmisi problemi kinotetrların imkansızlığı, kommunal xərcləri ödəyə, işçiləri əmək haqqı ilə təmin edə bilməməsi və s. səbəblərlə əlaqələndirdi. «Kinodan əldə olunan gəlir kifayət eləmir. Ona görə də kinoteatr başqa xidmətlər göstərmək məcburiyyətində qalır”.
Kinoteatrlar lazımdırmı?
Təbii bir sual meydana çıxır: kinoteatrların profilləri üzrə fəaliyyət göstərməməsinə hər hansı bir dəlillə haqq qazandırmaq mümkündürmü? Əlbəttə, yox! Çünki kinoteatrlar ilk növbədə mədəniyyət ocağıdır. Təəssüf ki, bizim kinoteatrlara nəzər saldıqca bir daha inanırsan ki, burada ticari məqsədlər mədəniyyətdən daha üstün tutulur. Daha dəqiq desək, kinoteatrlar mədəniyyətə yox, biznes mənbəyi kimi şəxsi ciblərə xidmət edir. Çayxana, kafe, mebel salonları, oyun zalları... tamaşaçıları kinoteatrlardan didərgin salıb. Kinoteatrların profilini dəyişib “İndi bizə kinoteatrlar lazımdırmı?” sualı ilə üz-üzə qalmağa isə ümumiyyətlə ehtiyac yoxdur. Kinoteatrları mebel mağazalarına və ya oyun zallarına çevirməklə heç bir mədəni inkişafdan danışmaq olmaz. Unutmaq lazım deyil ki, kinoteatrlar bütün sivil ölkələrdə fəaliyyət göstərir. Kinoteatrı heç bir televiziya və ya digər müasir texnologiya əvəz edə bilməz, çünki kollektiv tamaşa tamamilə fərqli təəssüratdır. Həm də ölkədə kino sənətinin inkişaf etməsi üçün kinoteatrlara daha böyük ehtiyac var. Nəinki bilyard və ya tennis zallarına...
Təranə Məhərrəmova