|
Yoxlamalar kustar üsulla hazırlanan maskalar da aşkarlayıb
Qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə yoxlamalar davam edir. Yoxlamalar Səhiyyə Nazirliyinin (SN) mütəxəssislərinin iştirakı ilə İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidməti tərəfindən aparılır. İİN-in mətbuat xidmətindən qəzetimizə bildirilib ki, yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında "AzkoMed" MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında "İmpuls-M.V." MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində "Ülvi-Həyat" firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Bundan başqa, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 220 ünvanında 97 saylı aptekin nəzdində fəaliyyət göstərən 498 saylı aptekdə kustar üsulla hazırlanan maskalar aşkarlanıb. Həmin respiratorun bir ədədinin 50 qəpiyə satıldığı da müəyyən olunub. Mənbədən qeyd edilib ki, qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektlərə verilmiş xüsusi razılıqların (lisenziyaların) dayandırılması ilə bağlı hazırda tədbirlər görülür.
HƏQİQƏT
|