Bahar Muradova: “ABŞ vətəndaşlarına qarşı hər hansı təhlükənin baş verməsi onların dünyada gedən proseslərdə iştirakı ilə bağlıdır”
Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın SİA-ya müsahibəsini təqdim edirik
- ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. İkinci dəfə bu xəbərdarlığın arxasında nə dayanır?
- ABŞ Azərbaycandakı vətəndaşlarına yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdarlığı ilə bağlı bəyanatının arxasında nə dayandığını Amerikanın müvafiq orqanları daha yaxşı izah edərlər. Mən Azərbaycanın müvafiq qurumlarının, təhlükəsizilik strukturlarının birinci xəbərdarlıqdan sonra hər şeyin nəzarətində olması barəsində verdiyi bəyanatı qəbul edirəm. Düşünürəm ki, bu həqiqətən belədir. Azərbaycan tərəfindən hansısa belə bir təhlükələrin olduğunu düşünmürəm. Görünür, Amerika Birləşmiş Ştatları müvafiq təhlükəsizlik orqanlarının bütün dünyada Amerikanın ünvanına yönələ biləcək təhdidlərin və təhlükələrin nədən ibarət olduğunu yaxşı bildiklərindən təkcə Azərbaycanda yox, Cənubi Qafqaz regionunda belə bir təhlükələrin olacağı ilə bağlı vətəndaşlarını xəbərdarlıq edir. Hər halda mən düşünürəm ki, Azərbaycan dövləti və azərbaycanlılar tərəfindən onlara qarşı hər hansı bir təhlükə gözlənilmir. Bu təhlükə onların özlərinin dünyada gedən proseslərdə iştirakı, Amerikaya yönəlik ziddiyyətli münasibətin olması ilə bağlıdır.
- Bu xəbərdarlığın arxasında siyasi aspektlər dayana bilərmi?
- Düşünmürəm ki, burada ciddi siyasi səbəblər olsun. Nəzərə alaq ki, Yaxın Şərqdə son zamanlar baş verən hadisələr, ərəb ölkələrində gedən proseslər və bu proseslərin içərisində ABŞ-a xoşagəlməz münasibətin olması onları bir az ehtiyatlı olmağa vadar edir. Xüsusilə də nəzərə alaq ki, münasibətlərinin gərgin olduğu İranla bizim də hansısa münasibətimiz var və həmin ölkələrin vətəndaşları bizim ölkəmizə gəlib gedir. Ümumiyyətlə, bu məsələləri çox açıqlamaq istəməzdim. Çünki bunlar ehtimallardır. Ehtimallar barəsində isə hər hansı bir fikir söyləmək içməzdim. Əsas olan odur ki, Amerika öz vətəndaşları üçün təhlükələr hiss edir. Təhlükələrin konkret nədən ibarət olduğunu yalnız onların müvafiq dairələri açıqlaya bilərlər.
- ATƏT-in Minsk qrupu regiona səfər etdi. Yenilik varmı?
- Səfərdən çox da irəliyə gedən dəyişikliklər gözləməyə dəyməz. Regiona belə səfərlər saysız-hesabsız olub. Bu da növbəti səfərlərdən biridir. Onların bölgəyə səfərindən sonraki bəyanatında müəyyən sözlər var ki, bizi düşünməyə vadar edir. Onlar bildiriblər ki, Həştərxan görüşündən sonra irəliləyişlər olub və sülh prosesinə keçidi əngəlləyən hansısa fikirlərə, hərəkətlərə yol vermək olmaz. Mən bilmirəm irəliləyişlər deyərkən onlar nəyi nəzərdə tuturlar? Bu danışıqların məqamları gizli getdiyi üçün hansısa şərh verə bilmərəm. Amma hər halda onlar belə bir fikir söyləyiblər. Bu fikrin də konkret nəticəsini qarşıdakı dövr, zaman göstərəcək ki, bəli bu fikir nə qədər əsaslı imiş. Amma görünən və bizim daim vurğuladığımız və hiss etdiyimiz odur ki, ümumilikdə götürdükdə bu günə qədər həmsədrlərin fəaliyyətində Azərbaycanın haqq, ədalət mövqeyinə uyğun hansısa bir ciddi adım atılmayıb və konkret nəticə yoxdur. Müəyyən irəliləyişlər var deyirlər, amma irəliləyişlərə ciddi maneələrin olduğunu da söyləyirlər. Ona görə də mən konkret heç nə söyləyə bilmirəm. Bunu yalnız bu cür dəyərləndirmək olar ki, bu danışıqlar prosesində həmsədrlərin regiona növbəti səfərləri oldu. Başqa bir şey deyə bilmirəm.
- İran-Ermənistan münasibətlərini necə qiymətləndirirsiniz? Eyni zamanda İran mətbuatının Azərbaycana qarşı təbliğatını da...
- Mən yüksək səviyyədə bəyan edilən məqsədlərin və hədəflərin istər Azərbaycan, istər İran tərəfindən qorunması istiqamətində dövlətlərin səy göstərməsinin vacib olduğunu vurğulayıram. Bilirsiniz, istənilən tərəfdən arqumentlər səsləndirilə bilər və bu rəsmi dövlət siyasətində deyil, hansısa mətbuat bağları və vətəndaş cəmiyyətləri səviyyəsindədir. Amma onu da istisna etmək olmaz ki, bu fikirlə də o zaman meydana çıxır ki, hansısa bəyan edilən sözlər dövlət siyasəti ilə uzlaşmayan məqamlar ortada olur. Ona görə də, mən bunların təsadüf olmadığının fikrindəyəm və eyni zamanda hesab edirəm ki, İran tərəfi özünün maraqlarına və regionda gedən proseslərin gələcək perspektivlərini nəzərə alaraq qonşularla münasibətlərində korrektə edilmiş davranışın vacib olmasını unutmamalıdır. İran kimi dövlətin bu kimi məsələlərə təsir göstərməyəcək qədər imkansız olduğunu düşünmürəm. Ona görə də, hesab edirəm ki, onlar ən azı Azərbaycan yönəlik zərərli təbliğat durdurmaq üçün müəyyən addımlar atmalıdırlar. Əgər Ermənistanla dostluq onlar üçün bizimlə münasibətlərdən üstündürsə, qoy bunu açıq şəkildə bəyan etsinlər. Biz də bunu bilək.