«Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bədii əsər və publisistik yazı müsabiqəsinin qalibləri təltif edildi
"Vətənpərvərlik elə mövzudur ki, bu barədə hissiz, həyəcansız danışmaq qeyri-mümkündür. Çünki biz elə bir mövzudan danışırıq ki, bu, ilk addımımızı atdığımız torpağın təəssübkeşliyinə və onun uğrunda şəhid olan qəhrəmanların ruhuna həsr olunub”.
Bu fikirlər 11 fevral tarixində Beynəlxalq Mətbuat Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunun geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirmək məqsədi ilə «Kaspi» qəzetinin keçirdiyi müsabiqənin yekununa həsr olunan tədbirdə səslənib.
Mərasimdə öncə vətənimizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli vurğulayıb ki, müsabiqəni elan etməkdə məqsəd vətənpərvərlik mövzusunu cəmiyyətin diqqətinə çatdırmaq və KİV-in əsas mövzusuna çevirməkdir. N.Məmmədli müsabiqə ilə bağlı statistik rəqəmi tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Müsabiqə üç ay davam edib. Belə ki, ötən ilin sentyabrın 6-dan müsabiqə start götürüb və dekabr ayının 31-də başa çatıb. Müsabiqəyə 86 əsər təqdim olunub. Müsabiqənin şərtlərinə cavab verməyən əsərlər müsabiqədən kənarlaşdırılıb, digərləri isə münsiflər heyəti tərəfindən qiymətləndirilib”.
Müsabiqənin şərtlərinə görə, yalnız vətənpərvərlik mövzusunda yazılmış və KİV-lərdə, habelə İnternet saytlarında çap olunmuş hekayələr, şeirlər, publisistik məqalələr qəbul olunaraq münsiflər heyətinə təqdim edilib.
Qeyd edək ki, əvvəl I yer üçün 1000 manat, II yer 500 manat, III yer 300 manat olmaqla üç mükafat və hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. Ancaq müsabiqəyə təqdim olan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyəti əlavə olaraq hər biri 200 manat dəyərində 5 xüsusi mükafat təsis etmək qərarına gəlib.
Vətən təəssübü, vətəndaşlıq qeyrəti
«Kaspi» qəzetinin rəhbəri, filologiya elmləri namizədi, tanınmış publisist, şairə Sona Vəliyeva vurğulayıb ki, vətənpərvərlik mövzusu həyatımızın əsas qayəsinə çevrilərək bütün fəaliyyət sahələrimizin içindən işıqlı bir xətt kimi keçməlidir: “Nəzərə alsaq ki, biz taleyimizin sınaq mərhələsində olan bir mərhələni yaşayırıq, onda bu mövzu bizim üçün əsas amala çevrilməlidir». S.Vəliyeva diqqətə çatdırıb ki, bu gün bütün gənclər təşkilatları, QHT-lər, xarici qurumlarla əməkdaşlıq edən bütün təşkilatlar Azərbaycanın düşdüyü bütün bəlaları məhz vətənpərvərlik mövqeyindən təqdim etməyi bacarmalıdır: “Vətənpərvərlik hissi bizim ordunun döyüşə hazırlıq prosesində xüsusilə rol oynayır. Vətənpərvərlik bu gün əsas silahımız kimi cəsarəti ortaya qoymalıdır. Adını qızıl hərflərlə tariximizə yazan qəhrəmanlarımız sübut etdilər ki, vətənpərvərlikdən irəli gələn cəsarət öz sözünü deyir. Onda insanın şəxsi arzuları arxa plana keçir. Onun bütün amalları ictimailəşir. İnsan öz doğulduğu torpaq, vətən uğrunda şəhid olmaqdan bir addım belə çəkinmir. Qəhrəmanlıq mütləq vətənpərvərliklə uzlaşmalıdır. Vətən təəssübü, vətəndaşlıq qeyrəti olan yerdə mütləq qəhrəmanlıq olacaq və onlar sabaha doğru öz arxasında öz qəhrəmanlar ordusunu yetişdirməyə xalqı sövq edə biləcək».
S.Vəliyeva vurğulayıb ki, qəhrəmanlıq həm də dövlət və dövlətçilik təfəkkürünün, Vətən və vətənçilik təfəkkürünün mövcudluğu deməkdir: «İctimai əhəmiyyət baxımından vətənpərvərlik və qəhrəmanlıq həm də ilahi bir sirdir. Əgər bir gənc özünün bütün arzularından, gələcəyindən, İlahinin ona verdiyi – ən şirin nemət olan canından keçirsə, demək, ondan ali olan bir məqsədi bütövlükdə dərk edir. Demək o, adi şəxs deyil, müqəddəsdir. Mübariz İbrahimovun, Fərid Hüseynovun və digər şəhid qəhrəmanlarımızın ölümü sübut edir ki, qəhrəmanlıq bir məktəbdir: “Bu gənclər 22-23 yaşlarında əbədi cavan qalmağın hikmətini bizə öyrətdilər. Əgər bu məktəbin verdiyi dərsdən beynimiz, ruhumuz qidalanacaqsa, biz ordu və xalq kimi bu torpaqları düşmən işğalından azad etməyə gedəcəyik. Torpaq o zaman bərqərar olur ki, onun uğrunda şəhid getməyi bacaran və şəhidlik zirvəsinə ucalan oğullarımız var». S.Vəliyeva vurğulayıb ki, nə qədər ki, bizim vətənpərvərlik mövzusunda həyata keçirdiyimiz tədbirlər və yaxud əsərlər olacaqsa, onda biz qələbəmizin yaxında olacağı günü daha tez görəcəyik».
Başqa KİV-lər üçün nümunə
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin keçirilməsini böyüyən gənclərin vətənpərvərlik istiqamətində tərbiyələndirilməsində mühüm addım kimi dəyərləndirib: «Tarixi təcrübə göstərir ki, hər bir xalq, ölkə müəyyən problemlərlə qarşılaşdıqda, xarici təcavüzə məruz qaldıqda KİV üzərinə başqa bir missiya da götürür. KİV cəmiyyəti məlumatlandırmaqla yanaşı, təbliğat işini həyata keçirir. Bu missiya daha çox vətənpərvərlik istiqamətində təsdiqini tapır. Birinci və İkinci dünya müharibələrində də analoji hadisələr baş verib. Belə bir məqamda «Kaspi» qəzeti özünün vətənpərvərlik borcunu yerinə yetirməkdədir. Bu da başqa KİV-lər üçün nümunəvi bir hadisədir. Şura sədri qeyd edib ki, Mübariz İbrahimovun şücaəti hər bir azərbaycanlı üçün örnəkdir. Biz bu örnəyi daha da genişləndirmək və insanların qəlbində qəhrəman şəhidlərimizə bir sevgi yaratmaq, Azərbaycan gənclərinin ruhunda Vətənə olan sevgi hisslərini daha da gücləndirmək hər bir KİV-in üzərinə düşən mühüm missiyalardan biridir. Sirr deyil ki, torpaqlarımızın 20 faizi düşmən tərəfindən qəsb edilib. Torpaqlarımızın geri qaytarılması bugünkü gəncliyin Vətən sevgisinin nə dərəcədə yüksək olmasından çox asılıdır».
Azərbaycançılığa çağıran müsabiqə
Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli keçirilən tədbiri mətbuat işçiləri üçün əlamətdar gün kimi dəyərləndirib: «Vətənpərvərlik mövzusu həmişə gündəmdədir və daim mətbuat səhifələrində işıqlanır. Mənə elə gəlir ki, «Kaspi» qəzetində bu müsabiqənin keçirilməsi digər mətbuat orqanları üçün örnək olacaq». KİVDF sədri vurğuladı ki, belə tədbirlər gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün istiqamət verir. KİVDF- də öz növbəsində bu mövzunu daim gündəmdə saxlayaraq, fərdi jurnalist müsabiqələrində bu mövzuya istiqamət ayırır.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı vətənpərvərlik mövzusunun tarixən aktual olduğunu diqqətə çatdırıb: «Nə zaman ki, Vətən yaranıb elə o zamandan da vətənpərvərlik mövzusu aktualdır. Bu mövzuda tarix boyu çox yazılar yazılıb. Qəhrəmanların yetişdirilməsində, vətənpərvərlik ruhunun tərbiyələndirilməsində heç şübhəsiz tarix müstəsna rol oynayır. Tarixdən ibrət dərsi götürülür. «Torpaqlarımız uğrunda gedən mübarizədə jurnalistlərimiz böyük rol oynayır». Bu baxımdan hesab edirəm ki, müsabiqə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılığa, vahid ideallar ətrafında birləşməyə çağıran bir müsabiqədir».
M.Qasımlı müsabiqəyə təqdim olunan bütün yazıların kitab şəklində nəşr edilməsi arzusunu da dilə gətirib. Millət vəkili vurğuladı ki, bu gün bütün sahələrdə dil, tariximiz və ayrı-ayrı qəhrəmanlarımızla bağlı müsabiqələrin keçirilməsinə ehtiyac var.
«İlk addımlarını jurnalistika fakültəsinin birinci kursunda atan jurnalistlərə ilk cümləm belə olur: «Biz jurnalist olmamışdan əvvəl vətəndaşıq»” – deyə BDU-nun professoru Cahangir Məmmədli bildirib: Bu gün bu fikri bəyənməyən, ona nativ fikir səsləndirən jurnalistlər «İnformasiyanın Vətəni yoxdur» deyirlər. Amma informasiyanın Vətəni var və biz bu informasiyanın haradan getdiyini özümüz üçün müəyyənləşdirməliyik. Yaşadığımız zaman bunu bizdən tələb edir”.
C.Məmmədli vurğulayıb ki, bu gün Azərbaycanın bir nömrəli mövzusu vətənpərvərlikdir: «Bu mövzuda yazanların hamısını, qalib gələnləri də, gəlməyənləri də bağrıma basıram. Bu mövzu onların hamısının içindən gəlib. Özünü bu mövzuda sınayanların hamısını təbrik edirəm!»
Milli Qəhrəman Mübariz İbrahimovun atasının üzrlü səbəbdən tədbirdə iştirak edə bilməməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb: «Müsabiqə başlayandan və tədbirin keçirilməsindən onun xəbəri var idi. Şəhid atası bildirdi ki, Mübariz tək onun yox, bütün xalqın övladıdır”.
Demokratik seçim
Mərasim iştirakçılarına münsiflər heyətinin tərkibi haqqında da məlumat verilib. Münsiflər heyətinə aşağıdakı şəxslər daxil olub: Sona Vəliyeva, «Kaspi» qəzetinin rəhbəri, şairə, filologiya elmləri namizədi (sədr), Fikrət Qoca, Xalq şairi, Elçin HÜSEYNBƏYLİ («Ulduz» jurnalının baş redaktoru), Yunus Oğuz («Olaylar» qəzetinin baş redaktoru), Fərqanə (şairə), Mahirə Abdulla (yazıçı), Niyaz Niftiyev («Azadinform» İA-nın baş redaktoru) Natiq Məmmədli («Kaspi»nin baş redaktoru), Dayandur Sevgin (şair).
Münsiflər heyətinin üzvü, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz müsabiqəyə təqdim olunan əsərlərin dəyərləndirilməsi ilə bağlı çıxış edərək bildirdi ki, qaliblər münsiflərin tam demokratik rəyləri əsasında müəyyənləşib: «Tam vicdanla deyə bilərəm ki, müsabiqəyə təqdim olunan bütün yazıları oxumuşuq, heç bir tapşırıq və kənar təsir nəzərə alınmayıb. Komissiya iclasları çox demokratik keçirildi”. Y.Oğuz vurğulayıb ki, Mübariz İbrahimovun adı ilə başlayan müsabiqə ümumən vətənpərvərlik mövzusunda daha da genişləndirilməlidir: «Bu gün Mübariz İbrahimov bir ailənin övladlığından çıxaraq Vətən oğluna çevrilib. Təbii ki, «Kaspi» qəzetinin də bu təbliğatda müstəsna xidməti var».
Tədbirin sonunda qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Hafiz Mirzə, «Qeyrət» (hekayə) – «Olaylar» qəzeti – I yer, Zəkurə Quliyeva, «Ermənilərə tarixi dərs» (məqalə) – «Qarabağ» qəzeti- II və Valeh Məhərrəmli, «Hünər» (poema) – «Səs» qəzeti – III yer- layiq görülüblər.
Xüsusi mükafatlar Oqtay Qorçu. «Torpaq üstə, yarpaq üstə, göz üstə…» (hekayə) –Media Forum, İmir Məmmədli. «Qarabağ havaları» (şeir) – İctimai Televiziya, Mustafa ÇƏMƏNLİ. «Mübariz» (povest), Yusif Kərimov. «Təmas xəttindən məktublar» – «İki sahil» qəzeti, Rahilə Elçin – “Milli qəhrəmanım, Vətən qürurum” əsərlərinə görə təqdim olundu.
Həvəsləndirici mükafatlara isə Nigar Vaqifqızı. «Soruşma ki vətən sənin üçün nə edib…» (məqalə) - «Azadlıq» qəzeti, Balayar Sadiq «Hünər simfoniyası» (poema) – «Paritet» qəzeti, Fərid Hüseyn «Müqəddəs adam haqqında yeddi tezis» (məqalə) – «ktibxana.net» saytı, Rizvan Nəsiboölu, «Təpədən dırnağa Vətəndi Vətən…» (şeir) - «Bütöv Azərbaycan» qəzeti, Mirdaməd Əziz «Gedək Mübarizin arxasınca biz» (şeir) - «Ədəbiyyat qəzeti» layiq görülüblər.
Bakı məktəblisi Aygül Rəhim «Azadlıq» hekayəsinə görə Fəxri Fərmanla mükafatlandırılıb.
Təranə Məhərrəmova