Putini üstüörtülü tənqid etdiyinə görə
Rusiya prezidenti Dmitri Medvedyevin Federal Məclisə müraciəti ölkədə geniş rezonans doğurub. Bir sıra müşahidəçilərə görə, prezident üstüörtülü şəkildə Vladimir Putinin prezidentliyi dövrünü tənqid edib. Prezident çıxışında daha çox keçmiş iqtisadi siyasətin tənqidinə yer verib: "Neftin qiymətləri qalxanda demək olar ki, hamıda belə illüziya var idi ki, struktur islahatlar gözləyə bilər. Köhnə, xammala oturan iqtisadiyyata üstünlük verilirdi. Unikal texnologiyalar və innovasiya məhsullarını yaradan yeni iqtisadiyyatın yaradılması üçün ancaq ayrıca, qeyri-sistem qərarlar çıxarılırdı. Bu işi artıq yubatmaq olmaz". Rusiya nəşrləri də Dmitri Medvedyevin ölkə iqtisadiyyatını tənqid etməsini onun sələfi Vladimir Putini tənqid etməsi kimi qiymətləndiriblər. Belə ki, rəylərə görə, məhz Vladimir Putinin prezidentliyi dövründə Rusiya xammal iqtisadiyyatından qurtula bilməyib.
Prezident Medvedyev çıxışında Şimali Qafqazdakı vəziyyətə də toxunub. O, bölgədəki durumu Rusiyanın başlıca daxili siyasi problemi adlandırıb: "Gəlin açıq danışaq - Şimali Qafqaz respublikalarında korrupsiya, zorakılıq və tayfabazlıq görünməmiş vəziyyətə çatıb. Bu baxımdan vətəndaşların sosial-iqtisadi problemlərinin həllinə biz xüsusi əhəmiyyət verəcəyik". Bəyan edilib ki, mərkəz Şimali Qafqaz respublikalarındakı sosial problemlərə, o cümlədən işsizlik probleminin həllinə xeyli vəsait ayıracaq. Bölgədəki vəziyyətə nəzarət üçün isə xüsusi vəzifəli şəxsin təyin edilməsi təklif olunur. Yeri gəlmişkən, Rusiya televiziyasına müsahibəsində İnquşetiya prezidenti Yunus bəy Yevkurov bu fikrə müsbət yanaşdığını bildirib: "Qafqaza cavabdeh şəxsin təyin edilməsi məqsədi qoyulub. Bu, lazımi şeydir, belə institutun yaradılması xeyli problemin həllinə kömək edəcək". Düzdür, bəzi müşahidəçilərə görə, çox güman Kreml Şimali Qafqazda artıq yerli məmurlara etibar etmir və buraya bir növ general-qubernator göndərmək istəyir. Tamamilə mərkəzdən asılı olacaq Şimali Qafqaz üzrə məsulliyyətli şəxsə böyük səlahiyyətlərin veriləcəyi təxmin edilir. Prezidentin müraciətində xarici siyasət və hərbi sahəyə də toxunulub. Bildirilib ki, Rusiyanın xarici siyasəti sırf praqmatik olmalıdır. Prezidentə görə, xarici siyasətin səmərəliliyi onun əhalinin həyat standartlarının qaldırılmasına kömək edib-etməməsiylə ölçülməlidir. Hərbi sahəyə gəldikdə isə bəyan edilib ki, Rusiya yeni silahların alınmasına xüsusi diqqət verəcək. Gələn il silahlı qüvvələr 30 ballistik raket, 5 "İsgəndər" raket kompleksi, təxminən 300 ədəd müasir zirehli texnika, 30 helikopter, 28 təyyarə və 3 sualtı qayıq alacaq.
|