Digər elektrik şəbəkə rayonlarında (EŞR) olduğu kimi “Xızı” və “Bağlar” EŞR-lərdə də istehkakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
Bağlar EŞR-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2010-cu ilin IV rübü ərzində ümumi gücü 2,23 MVA olan 7 ədəd transformator dəyişdirilmişdir. Transformator məntəqələrində (TM) və komplekt transformator məntəqələrində (KTM) aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı 40-a yaxın ayrıcı, 10 ədəd açar dəsti və 80 ədəd qoruyucu dəyişdirilmişdir.
Qeyd edək ki, uzunluğu 16,4 kilometrə yaxın müxtəlif gərginlikli (10, -6 və 0,4 kV-lik) EVX, 260-dan artıq dayaq dəyişdirilmişdir. Eyni zamanda 830 metr kabel xətti dəyişdirilmiş və 26 ədəd mufta qoyulmuşdur. Sayğaclaşma işi ilə əlaqədar olaraq 280 metrə yaxın SİP kabel çəkilmişdir.
Yeri gəlmişkən, qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar olaraq, 6 kV-lik “Mehdiabad” HX-də 341 saylı TM-də transformatorun alt hissəsinin bünövrəsinin qurulması və paylayıcı şitin quraşdırılması işi yerinə yetirilmişdir.
Xızı EŞR-dən əldə edilən məlumatda qeyd edilir ki, müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, 2010-cu ilin IV rübü ərzində 35 kV-lik “Fındığan” yarımstansiyasında 1 ədəd eyni gərginlikli boşaldıcı və 2 ədəd 10 kV-lik cərəyan transformatoru quraşdırılmışdır. Eyni zamanda TM və KTM-lərdə də əsaslı və cari təmir işləri aparılmış, bir ədəd 250 KVA transformator dəyişdirilmiş, 19-u cari təmir olunmuş, xeyli sayda isə ayrıcı və qoruyucu dəyişdirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 10, -6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 2,4 kilometrə yaxın naqil və 15 ədəd dayaq dəyişdirilmişdir. Eyni zamanda, 0,4 kV-lik kabel EVX-lərdə zədələnmiş kabel hissələri 4,6 kilometrdən artıq SİP markalı kabellə əvəz edilmişdir.