Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyət göstərən təşkilat kimi respondentlərin 75.5 faizi Heydər Əliyev Fondunu və fondun prezidenti Mehriban Əliyevanın adını çəkiblər
Qarabağ İctimai Forumu vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün QHT, KİV və ictimaiyyət nümayəndələri arasında bu ilin iyul-sentyabr aylarında aparılan sorğunun nəticələrini təqdim edib. Qurumun oktyabrın 15-də açıqladığı məlumata görə, sorğuda 973 nəfər iştirak edib.
Qarabağ problemi ilə bağlı aparılan təbliğat işi sorğuda iştirak edənlərin 54%-ni qane etmir. 27.5% təbliğat sahəsindəki mövcud vəziyyətdən razıdır. Rəyi soruşulanların 18.5%-i bu təbliğat işinin qismən qənaətləndirici olduğunu bildirir. Sorğuda iştirak edənlərin 58.9%-ni vətəndaş cəmiyyəti institutlarının Qarabağ problemi ilə bağlı həyata keçirdikləri layihələr qane etmir. Rəyi soruşulanların 29.5%-i Qarabağ probleminin həllini daha çox dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə fəaliyyətindən gözləyir. Respondentlərdən Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və ziyalıların adları da soruşulub. Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyət göstərən təşkilat kimi respondentlərin 75.5 faizi Heydər Əliyev Fondunu və fondun prezidenti Mehriban Əliyevanın adını çəkiblər. Dünya Azərbaycanlıların Konqresi və onun həmsədri, xalq şairi Sabir Rüstəmxanlının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirənlər 41%, Qarabağ Azadlıq Təşkilatının fəaliyyətini dəyərləndirənlər isə 31.5 % təşkil edir.
|