«Bu gün yaranan və fəaliyyətdə olan qrupların heç biri «Qaya» kimi şöhrət qazana bilmir. Bunların əksəriyyəti həvəskar qruplardır»
Bir vaxtlar “Sevil” vokal kvartetinin ifası səslənəndə dinləyicilərə xoş bir ovqat bəxş edirdi. Ancaq Azərbaycan qadınının adını tərənnüm edən “Sevil”in ömrü qrupun yaradıcısı Vaqif Mustafazadənin ömrü kimi qısa oldu. Qrup cəmi 6 il yaşadı. Buna baxmayaraq bu qısa ömründə çox sevildi, tamaşaçıların yaddaşına köçdü.
60-70-ci illərdə dörd nəfərdən ibarət daha bir qrupun – “Qaya” vokal kvartetinin də səsi təkcə ittifaqın deyil, dünyanın hər yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski bu qrupu yaratmaqla adlarını musiqi tarixinə yazdılar. Bakıda "çoxsəsli oxuyan qruplar"ın olmadığı bir vaxtda birağızdan xorla oxumaq dinləyicilərə də xoş gəlirdi. Rauf Hacıyevın dəvətilə Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə başlayan gənclər əvvəlcə “Bakı” kvarteti kimi tanınırdı. Onlar orkestrlə keçmiş SSRİ-nin bütün şəhərlərində qastrollarda olurdular. Gənclər orkestrdə 1963-cü ilə qədər işlədilər. Onlar sərbəst fəaliyyət göstərmək istəyirdilər.
1967-ci ildə onlar filarmoniyanın nəzdində “Qaya” ansamblını yaratdılar. Bu ad tezliklə bütün SSRİ-də məşhurlaşdı. 80-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə "Qaya"nın nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik dövlət ansamblı adlanır. Çox keçmir, ansamblın nəzdində "Talisman" adlı rok-qrup da formalaşır. Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd, Eldar Rzaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Biqbayev, Aygün Kazımova və başqaları fəaliyyət göstərirlər.
Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi bəstəkarlarla çalışan "Qaya" fəaliyyətinə 1988-ci ildə son qoyur.
Əfsanəvi "Qaya" minlərin, milyonların yaddaşında özünə əbədi məhəbbət qazanır.
Toy sənətiHazırda da ölkə şou-biznesində qrup şəklində fəaliyyət göstərən kollektivlər çoxdur. Ancaq bu rok, rep, pop, caz qruplarının heç biri nə “Qaya”nın, nə də “Sevil”in şöhrətini təkrarlaya bilib. Bəzi qruplar səhnəyə çıxdığı gündən populyarlaşa bilmir. Bəziləri isə, çox tez dağılır. Elə qruplar da var ki, yalnız qalmaqallarla yadda qalırlar. Bu qrupların bəziləri ətrafına gənc fanatlar toplasa da kütləvi populyarlıq qazana bilməyiblər.
Ancaq bu qrupların arasında yaşı 10-u keçən kollektivlər də var. Məsələn, “Şeron” qrupu. Bu zaman kəsiyində adı bir sıra qalmaqallarda hallanan, eyni zamanda, parçalanaraq sonradan yeni heyətlə birləşən bu qrupun üzvləri artıq yumruq kimi birləşdiklərini deyirlər. "Axtarışlar aparır və musiqiçilərlə məsləhətləşirik. Bizim gördüyümüz bu və digər işlər hər nəsil dinləyicilərin ürəyincədir” deyə qrup üzvləri bildirirlər. Qrupun solisti Ülvi Cəfərov “Azərbaycanda bizim rəqibimiz yoxdur. Sözün düzü, rəqiblik iddiamız da yoxdur. Bütün qruplarla münasibətimiz yaxşıdır. Heç bir qrupla işimiz yoxdur. Kiminsə bizimlə işi ola bilər, biz isə onlara fikir vermirik” deyə bildirib.
Azərbaycanda səviyyəli qrupların kifayət qədər olmaması fikrinə aydınlıq gətirən qrup üzvləri bildirib ki, səviyyəli qrupun yaradılması üçün müəyyən şərtlər lazımdır: “Məsələn, Amerikadakı qruplarla bizim qruplarımız çox fərqlənir. Çünki oranın əhalisi çoxdur, ərazisi böyükdür, eyni zamanda Amerika uzun illərdir müstəqil dövlətdir. Səviyyəli qrupların yaranması üçün bütün bunlar şərtdir. Azərbaycan müstəqillik qazandıqdan sonra musiqi sahəsində də çox irəliləyişlər olub. Güman edirəm ki, beş ildən sonra Azərbaycanda daha səviyyəli qruplar yaranacaq”. Bu gün “Şeron”qrupu öz repertuarını toylarda və telekanallarda daha çox nümayiş etdirə bilir. Toylarda iştirakını “Bugünkü dövrdə o qədər də geniş səhnəmizin olmadığını nəzərə alsaq, deməli, bizim sənət göstərməyimiz üçün yeganə imkan toydur. Yalnız toy vasitəsilə böyük kütləyə nə isə çatdırmaq olar. Biz toylarda əsl sənət nümayiş etdiririk. Əgər belə olmasaydı, çoxluq bizə üstünlük verməzdi. Bu gün toy aparmaq özü də sənətdir” deyə izah edirlər.
Yenidən “Qaya”
1960-70-ci illər estrada-caz musiqisi mədəniyyətinin ən layiqli təmsilçilərindən olan məşhur "Qaya" kvarteti yeni həyatını yaşayır.
Belə ki, "Qaya"nın yetirməsi kimi fəaliyyət göstərən "Bəri bax" qrupu yenidən "Qaya" adı altında səhnəyə çıxır. "Bəri bax" septeti 11 il ərzində müxtəlif ölkələrdə keçirilən müsabiqə və festivallarda uğurla iştirak edib. Əcnəbi dinləyicilərin zövqünü oxşayaraq vətənə mükafat və diplomlarla dönüb. Hazırda “Qaya” adı ilə fəaliyyət göstərən qrupun repertuarını da elə "Qaya"nın repertuarına daxil olan Azərbaycan xalq və bəstəkar mahnıları, kompozisiyalar, caz interpretasiyaları, dünya vokal, estrada və caz məktəbinin ən yaxşı nümunələri təşkil edir.
Qrupun rəhbəri və "Qaya" kvartetinin keçmiş solistlərindən biri olan Rauf Babayev deyir ki, "Bəri bax"ın yaranması bir eksperiment idi. "Bəri bax" "Qaya"nın tam mənada davamçısı olub onun adını yaşatmağa layiq və qadirdir".
70-ci illərin tanınmış estrada müğənnisi Natəvan Şeyxova müasir “Qaya”nın fəaliyyətini yüksək qiymətləndirir: «Bu qrup o vaxtkı «Qaya»nın layiqli davamçısıdır. Rauf Babayev həmin uşaqları ansambla götürəndə onlar hələ balaca idilər. İndi onlar öz istedadları ilə qrupun bütün tələblərinə cavab verirlər. Onlar öz yollarını yarada biliblər. Əgər qrup üzvləri öz sələfləri kimi Azərbaycanı dünyada təmsil etsələr bu, çox yaxşıdır”.
“Kristal”ın gələcəyi
Xanımlardan ibarət yeganə pop-üçlüyü olan «Kristal qrupu»nun qızları da canfəşanlıq edirlər. Qrupun üzvlər «Repertuarımıza daxil olan mahnıların böyük əksəriyyətində həmişə sevgidən bəhs edilib. Amma indi yenilik etməyə qərar vermişik” deyə gündəmdə qalmaqlarını sübut etməyə çalışırlar. Natəvan Şyxova hesab edir ki, «Kristal» qrupu bugünkü estradamızın tələblərinə uyğun olaraq inkişaf edir: “Qrup bütün keyfiyyətləri özlərində birləşdiriblər: peşəkarlıq, səhnədə özünü aparmaq, repertuar seçmək. Onların gələcəyinə inanıram. Əgər kollektivdə tez-tez dəyişiklik olmasa, stabil bir qrup kimi qalsalar, özlərinə layiqli yer tutacaqlar. «Qaya» ansamblının 4 nəfərdən ibarət üzvü uzun müddət bir yerdə çalışaraq dünyanı dolaşdılar. Ona görə də onlar böyük şöhrət qazandılar. Bu cür kollektivlərdə bir-birini hiss etmək çox vacibdir”.
Rep qruplarından söhbət düşəndə “Dəyirman”ın adı yada düşür. Rep qrupu 1996-cı ildə 4 gənc tərəfindən yaradılıb. Əvvəlcə qrup «GGG-ailəsi» adlanırdı, amma sonralar qrupun adı dəyişdirilərək «Dəyirman» adlanıb. Tamaşaçılar qrupu «Leyla və Dəyirman qrupu»nun «Sarı gəlin» mahnısına çəkilmiş kliplə tanısalar da o qədrə qəbul etməyiblər. Sonradan onlar Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks edərək fəaliyyətlərini genişləndiriblər. Bu yenilik də birmənalı qarşılanmayıb. “Dəyirman” rep aləmində çevrilişi “Ya Qarabağ, ya ölüm» mahnısı ilə etdiyini bildirir.
Bu gün də qrup vətənpərvərlik ruhunda replər ifa edir. Amma digər musiqi qrupları kimi kollektiv ölkənin sərhədlərindən kənarda tanınmır.
Həvəskar qruplar
2009-cu ildə yaranan qruplardan biri də “Surreal” rep qrupudur.
Surrealizm, fəlsəfə kökü ilə bağlı olan qrup 2 nəfərdən ibarətdir - Elrocl və Melaman. Qrupun musiqiçiləri biıdirilər ki, qrupu yaratmaqda məqsədləri repin təkcə söyüşdən ibarət olmadığını insanlara çatdırmaq, yaşından, cinsindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəsdə repə maraq yaratmaqdır. «Mən insanam» adlı albomunu buraxan qrupun fəaliyyəti qətiyyən hiss olunmur.
2002-ci ildə Emo adlı yeni başlayan reperin təşəbbüsü ilə yaranan “Uran” qrupu da heç bir məşhurluğa imza ata bilməyib. Bu illər ərzində qrupun üzvləri dəfələrlə dəyişikliyə məruz qalıb. Üzvlərin tez-tez dəyişməsi qrupun inkişafına və tanınmasına mane olub.
Sevən ürəklər” qrupu da eləcə. İlk pop musiqi qruplarından olan “Sevən ürəklər” 2003-cü ilin fevral ayında Dr.Nicat və Nail Yusifov tərəfindən yaradılıb. Professional səhnəyə gəlişləri 2003-cü ildə Sing YourSonp TV müsabiqəsindən başlayıb. Hal-hazırda 3 albom və 3 klipləri mövcuddur. Bütün mahnılarının musiqiləri, sözləri və oranjemanları özlərinə məxsus olan qrup hansısa restoran çərçivəsindən kənara çıxa bilmir.
Ötən ilin sentyabr ayından isə ölkədə Ego rok qrupu H.O.S.T leyblı altında fəaliyyətə başlayıb. Yaranma səbəbi H.O.S.T qrupunun üzvü PRoMetenin rok albomu yazmaq istəyi olub. Uzun müddətli albom məşqlərindən sonra, qrupa “40-cı Qapı” adlı filmə soundtrack yazmaq təklif olunub. Ego qrupu Heydər Əliyev adına Sarayda “40-cı qapı” filminin nümayişinə dəvət alaraq iki mahnısını ifa edib.
Qrup öz fəlsəfəsini belə izah edir: “Bütün dünyada irqindən, dilindən, milli mənsubiyyətindən asılı olmayan yeganə anlaşılan şey var – musiqi. Yazılış zamanı keyfiyyətdən daha çox ruh önəmlidir. Ən pis keyfiyyətli musiqi ilə belə istədiyin ismarıcı verə bilərsən, əgər buna birinci özün inanırsansa. Xaric notlar belə hərdən xaric olmayan notlardan daha çox danışa bilir. Biz birinci ifa etdiyimiz musiqiləri yaşayır, sonra sizə təhvil veririk. Vaxt bizim üçün çox önəmlidir. Əlimizdə olan qısa vaxtdan istifadə edib sizə daha çox şey qulaq asdırmaq istəyirik”. “Bizim yolumuz Günəşə doğrudur!” deyən qrup məhdud bir dairədə tanınır.
Yaxşı zövq və böyük mədəniyyət
Qeyd etdiyimiz kimi, hazırda şou-biznesdə müğənnilər kimi adları tamaşaçılara məlum olmayan qrupların da sayı çoxdur. Ancaq bu qruplar kvartet, kvintet ənənələrindən xəbərsiz halda bir növ dostluq və tanışlıq çevrəsi yaradıblar. Heç birinin ölkənin adını beynəlxalq çərçivədə tanıtmağa hünərləri çatmır. Tanınmış bəstəkar Musa Mirzəyevin dediyi kimi: “Bu gün yaranan və fəaliyyətdə olan qrupların heç biri «Qaya» kimi şöhrət qazana bilmir. Bunların əksəriyyəti həvəskar qruplardır. Geniş fəaliyyət göstərmək üçün qastrollar, maddi vəsait lazımdır. Ona görə də onlar təkcə televiziyalarda və kiçik salonlarda çıxış edirlər». M.Mirzəyevin fikrincə, tamaşaçıların qəbul edə biləcəyi, səviyyəli bir qrup formalaşdırmaq üçün ilk növbədə yaxşı zövq lazımdır. «Təklikdə oxuyanlar çoxdur. Ancaq ayrı-ayrı oxuyanları birləşdirmək çətindir. Bunun çoxlu tələbləri var. İlk növbədə səslərin uyğunluğu vacibdir. Belə bir qrup üçün böyük mədəniyyət lazımdır».
Təranə Məhərrəmova