|
Tehran zənginləşdirilmiş ehtiyatlarını xaricə göndərmək istəmir
İran az zənginləşdirilmiş uranını daha da zənginləşdirilməsi üçün xaricə göndərməkdən imtina edib. "France Presse" agentliyinin yaydığı məlumata görə, bu barədə İran parlamentinin təhlükəsizlik məsələləri üzrə milli komitəsinin rəhbəri Ələddin Borudceri bildirib. Borudceri vurğulayıb ki, İran 20 faizlik zənginləşdirilmiş yanacaq almaq üçün 1200 kiloqramlıq az zənginləşdirilmiş uranlarını xaricə göndərmək istəmir. Onun sözlərinə görə, artıq xaricə uran göndərmək məsələsinin üzərindən xətt çəkilir. Xatırladaq ki, az zənginləşdirilmiş uranın xaricə göndərilməsi təklifi MAQATE-dən gəlib. Bu plana görə, 1200 kiloqram uran əvvəlcə Rusiyaya göndərilərək bir qədər də zənginləşdirilir, sonra isə Fransaya göndərilərək reaktor üçün yanacağa çevrilir. Qeyd edək ki, 1200 kiloqram uran İranın uran ehtiyatının dörddə üçüdür.
Bəzilərinin qənaətincə, bu, İrana qarşı sanksiyalar məsələsini gündəmə gətirə bilər. Lakin Almaniyanın "Şpigel" yurnalına müsahibəsində Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, o, İrana qarşı sanksiyaların tətbiq edilməsini istəmir. Onun təbirincə, sanksiyalar hadisələrin neqativ istiqamətdə inkişaf etməsinə səbəb ola bilər. O deyib ki, İran az konstruktivlik nümayiş etdirsə, hər şey mümkündür. Ötən ay Rusiyanın baş naziri Vladimir Putin İrana qarşı sanksiyaların kontr-produktiv ola biləcəyini bildirmişdi. Hazırda İranın nüvə proqramıyla bağlı danışıqların gündəliyində Beynəlxalq Atom Eneryisi Agentliyinin təklifinə Tehranın münasibəri durur. İran ilə BMT "çətir"i altında danışıqlar aparan 6 fövqəldövlət Tehrandan İran uranının əksəriyyətinin xaricdə emal olunmasını istəyir. Rəsmi Tehran uranın bir dəfəyə xaricə göndərilməsinin əleyhinədir. İran bu əməliyyatın mərhələlər ilə görülməsinin, yaxud da çıxarılan uranın əvəzində emal olunmuş reaktor yanacağının verilməsini istəyir.
|