|
"Donuz qripi" Rusiyanı Sibir və Moskvada haqlayıb
Gələn həftə Rusiyada "donuz qripi"nə qarşı əhalinin peyvəndlənməsi başlanılacaq. Ölkədə "donuz qripi"ndən ölənlərin sayı 19 nəfərə çatıb, xəstəliyə yoluxanların ümumi sayı isə 3000 nəfəri keçib. Ən problemli yerlər kimi cənub-şərqi Sibir bölgəsi və Moskva şəhəri göstərilir. Səhiyyə rəsmiləri deyirlər ki, vəziyyət ümumən nəzarət altındadır və hər şey hələlik mülayim ssenari üzrə inkişaf edir. Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyində bildirilib ki, artıq bu həftənin sonuna 3 milyon doza vaksin hazır olacaq. Vaksinlər Rusiyada hazırlanır və burada da klinik sınaqlardan keçib. İlk əvvəl peyvəndləşmə daha gec olmalıydı, ancaq "donuz qripi"nin daha surətlə yayılması üzündən vaksinlərin hazırlanması prosesi tezləşdirilib. Ümumən təxminlərə görə, 40 milyon vaksin hazırlanmalıdır. Peyvəndləşmə bir neçə mərhələylə aparılmalıdır və ilk əvvəl necə deyərlər, riskli qruplar bu prosedurdan keçməlidir. Bu isə uşaqlar, həkimlər, kommunal xidmətlərdə işləyənlər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.
Bu arada "donuz qripi" və adi qripin qarşısının alınması üçün bir sıra bölgələrdə, o cümlədən Moskvada məktəb tətilləri uzadılıb. Bəzi bölgələrdə isə məktəblərdə ümumən karantin elan edilib. Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko əlavə tədbirlərin də yeridiləcəyini istisna etməyib: "Ticarətdə biz maskaların gəzdirilməsini tələb edəcəyik, vəziyyət daha da pisləşsə, məktəb tətilləri uzadıla bilər". Tələb olunan maskaları isə Moskvada tapmaq elə də asan iş deyil. Şəhərdə bir bir dərman dükanlarını gəzib belə maskaları axtarmaq lazımdır. Eyni şey bir sıra antivirus dərmanlarına da aiddir. Onlar bir çox yerlərdə ya ümumən yoxa çıxıb, ya da çox yüksək qiymətlərlə satılır. Səhiyyə rəsmiləri isə təşviş üçün əsas olmadığını bildirirlər. Qeyd olunur ki, Rusiyada vəziyyət başqa yerlərə baxanda xeyli qənaətbəxşdir, yerli vaksinin geniş istifadəyə buraxılması isə xəstəliyin yayılmasını xeyli cilovlaya bilər. Düzdür bəzi mütəxəssislərə görə, yeni vaksin hələ hərtərəfli və uzunmüddətli sınaqlardan keçməyib. Habelə göstərilir ki, Rusiyada diaqnostika işi bir elə yüksək deyil və bu baxımdan, "donuz qripi"ylə bağlı real durum rəsmi rəqəmlərdə göstərildiyindən xeyli ağır ola bilər. Yeri gəlmişkən, bütün dünyaya yayılan "donuz qripi" Əfqanıstanı da cənginə alıb. Burada son iki həftə ərazində 10 nəfər dünyasını dəyişib. Əfqanıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Raidin yaydığı məlumata əsasən, hazırda ölkədə 768 nəfər "donuz qripi"ndən müalicə olunur. Onların 456-sı əfqan, 312 nəfəri isə əcnəbidir. A/H1N1 virusuna yoluxmuş əcnəbilərin demək olar ki, hamısı NATO kontingenti tərkibində xidmət edən əsgərlərdir. F.Raid onu da bildirib ki, təkcə son 2 gün ərzində 55 nəfər bu xəstəliyə tutulub. Əfqanıstanda "donuz qripi"nin daha çox yayıldığı əyalətlər isə Kabil, Herat, Pərvan, Qəndahar və Bamiandır.
|