|
Günahkar kimdir?
Keçən həftə qəzetimizin səhifələrində “Efirdə toy biabırçılığı” başlıqlı yazı oxudum. Müəllifin əllərinə sağlıq, efirdə baş verən biabırçılığı təfərrüatı ilə göstərib. Lakin, bu yazını yazan müəllif həftə sonuna qədər səbr edib ANS-də yayımlanan “Kök altı” verilişinə baxsaydı, yəqin ki, məqalənin adını “Efirdə Xaos” qoyardı. Bunlara baxmayaraq, müəllif efirdə toy məsələsinə toxunmaqla televiziyalarda baş alıb gedən bayağılığın, yüngüllüyün, səviyyəsizliyin iç üzünü açıb göstərə bilib. Siyahıya ATV, SPACE və ANS telekanalları daxildir. Gəlin biz də efirdə «meydan sulayan» bayağı verilişlərin törəmə səbəblərini, onların ictimaiyyətin beyninə necə yeridildiyini aydınlaşdırmağa çalışaq.
Konkret ad çəkməyəcəyəm Zaur ATV-də belə elədi, Aytənlə qarabala filan elədi... Bunlar onsuz da ictimaiyyətə məlumdur. Təkcə bunu qeyd edim ki, mən ANS-də yayımlanan, yeni layihə olan “Kök Altı” verilişinə baxarkən əsəbimdən televizoru söndürməli oldum. İddia edirlər ki, xalq da bu cür bayağı, şou verilişlərinə meyl edib maraq göstərir. Bəs, bu meyli yaradan səbəblər nədir? Bəlkə, millətimizin zövqü korlanıb? Bəli, düz oxudunuz, millətin zövqü korlanıb. Axı, bu yazıq millət televizoru nə vaxt açır, orada kiminsə şit-şit hərəkətini, kiminsə ağzından “dür” töküldüyünü görür. Bunlar da parazit kimi xalqın beyninə yeriyir və instinkt olaraq xalq bunu tələb edir. Televiziyalar da sağ olsunlar ki, xalqın tələbatını vaxtı-vaxtında ödəyirlər. Bunun qarşılığında onlardan haqq da istəmirlər, lakin xalqın mənəvi haqlarını yeyib özlərinə reytinq qazanırlar. Media aləmində belə bir deyim var: “Media ictimaiyyətin dalınca getməməlidi, ictimaiyyəti öz arxasınca aparmalıdı”. Bizdə isə əksinədir. Xalqda bu cür verilişlərə tələbatı yaradan da televiziyaların özləridir. O, əgər düşündürücü, maarifləndirici, vətənpərvər verilişlərin sayını bol eləsə, xalq da düşünməyə məcbur olacaq. Düzdür, tamaşaçını əyləndirmək də lazımdır, amma ucuz şoularla yox. Azərbaycan tamaşaçısı o qədər də ucuz tamaşaçı deyil. Onların efirdə səviyyəsiz verilişlərə baxması çölü bəzək olan bir şey kimi görünür. Bu nə deməkdir: yəni, tamaşaçılar həmin verilişlərə baxır (sağlam düşüncəli tamaşaçı), baxa-baxa da həm kanalı, həm də verilişi qınayırlar, hətta, söyənlər də olur, amma yenə də marağa oturub sona qədər baxırlar. Bu vaxtsa həmin kanalın belə şeylərdən xəbəri olmur, reytinq ölçən cihazları isə gecə-gündüz işləyir və kanal sahibləri həqiqətən görürlər ki, maşallah reytinq kəlləçarxdadı və fikirləşirlər ki sən öl hamı bizə baxır! Beləliklə də, efir sahibləri reytinq cihazına baxıb həvəsə gəldikcə belə bayağı verilişlərin sayını artırırlar. Buradan da aydın olur ki, millətin müqəddəratı düşünülmür, hərə öz reytinqinin dalınca yüyürür. Bu da milləti uçuruma aparır. Başa düşmək olmur axı, bu reytinq xalqın nəyinə lazım? Reytinqini xalqdan üstün tutan televiziya kanalları yalnız öz mənafelərini güdür. Xalqa isə sağlam düşüncə, sağlam mənəviyyat lazımdır. Sizi inandırım ki, tamaşaçı uzun müddət efirdə yüngül verilişləri, səviyyəsiz aparıcıları, saxta şouları görmədikcə, zaman-zaman buna uyğunlaşacaq və televiziyadan daha səviyyəli proqramlar tələb edəcək. Onu da deyim ki, əsl reytinq cihazlar üzərində deyil, xalqın qəlbindəki reytinqdir. Şouya qaçan televiziya kanallarından hansı öz dəyərli efir vaxtını səviyyəsiz şou biznes məxluqlarından çox, ziyalıya, dəyərli bir insana həsr edir? Görünür, ziyalının müğənnidəki qədər pulu olmur, olsa da mən inanmıram ki, hansısa ziyalı efirə çıxmaq üçün pul xərcləsin. ATV-nin nəyinə lazımdı ki, Aygün Kazımova verilişdə nələr danışır, haqqını alıb efirini verir. Bunları düşünərkən vəziyyətə bais olanı axtarıb tapmaq ideyası peyda olur. Kimdir görəsən? Millət! Yox, milləti də bu günə salan var. Televiziya! Yox, onu da bu vəziyyətə salan şou-biznesdir. Bəlkə, şou-biznes! yenə də alınmadı, pul maneçilik elədi, onları da bədbəxt eləyən puldur. Tapdıq deyəsən, baiskar puldur! Amma, yoxeey... pul da şirin şeydi, adam qıymır ki, ona zərər toxusun. Bəs onda, KİMDİR GÜNAHKAR?
Elgün Mənsimov
|