Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Nə yaxşı ki insanlarda inam qalıb”
“Bu yaxınlarda cavan bir qadın qucağında uşaqla düz ziyarətgahın qapısından içərisinə qədər dizin-dizin iməklədi. 16 ildən sonra doğulan uşağı ilə gəlmişdi...»

Bakıda insanların ən çox üz tutduqları müqəddəs bir yer var – Mirmövsüm Ağa ziyarətgahı. Xəzər rayonunun (keçmiş Əzizbəyov rayonu), Şüvəlan qəsəbəsində yerləşən ziyarətgaha demək olar ki, hər gün yüzlərlə insan üz tutur. Uzun illərdir ki, bu ziyarətgah insanların inanc yerinə çevrilib. Zəvvarlar həmçinin onun doğulduğu və boya-başa çatdığı İçərişəhərdəki evinə də üz tuturlar. Mirmövsüm Ağa 1883-cü ildə, Firdovsi küçəsi 3-də yerləşən bu ünvanda dünyaya göz açıb. Ömrünün sonuna kimi bu evdə yaşayıb. Sağlığında bu ünvan Mirmövsüm Ağa ziyarətgahı kimi insanların pənah yeri olub. Mirmövsüm Ağa 1950-ci il noyabrın 17-də - 67 yaşında dünyasını dəyişib. Ağanı Şüvəlanda dəfn ediblər. Hazırda uyuduğu və ruhunun dolaşdığı qəbiristanlıq da ziyarətgaha çevrilib. İndi insanlar daha çox Ağanın dəfn olunduğu yerə - Şüvəlandakı ziyarətgaha üz tuturlar.

 Qırılmayan inam
Biz Ziyarətgaha gələndə həftənin bazar ertəsi idi. İstirahət günlərindəki qələbəlikdən fərqli olaraq, həm də səhər tezdən olduğu üçün ziyarətçilər o qədər də çox deyildi. Daha doğrusu, yenicə gəlməyə başlayırdılar. Ziyarətgahın açıq qapısından içəri keçənlər isə bir-bir məzarları ziyarət edir, dualar oxuyur, sonra Ağanın uyuduğu məqbərəyə yaxınlaşırdılar. Ziyarətgaha çevrilən məzarıstanda həmçinin Ağanın böyük qardaşının həyat yoldaşı Sara Seyid Musa qızı, onun övladları Hökümə, Gülsüm, Tahirə, Xədicə, kiçik qardaşı Mirkazım Ağa, onun həyat yoldaşı Sitarə xanım, övladları Seyid Əkrəm uyuyur.
Kişilər ibadət üçün ziyarətgahın 2-ci mərtəbəsinə qalxır, qadınlar isə birinci mərtəbədə Ağanın məzarını ziyarət edir, nəzirlərini qoyur, namazlarını qılırlar. Təmirdən sonra ziyarətgahın içərisinə ayaqqabı ilə girmək qadağandır. Mən eyni qaydanı İstanbuldakı məşhur Sultan Əhməd camisində də müşahidə etmişəm.
Bütün zəvvarlar kimi məqbərəni ziyarət edib, dualarımı oxuyub, istək və niyyətlərimi dilə gətirirəm. Məqbərənin başına fırlanan zəvvarların hər birinin qəlbində nə qədər istək, nə qədər niyyət var. Diqqətimi qucağında körpə olan bir qadın çəkir. O, Ağanın məzarını 7 dəfə dolanıb ağlaya-ağlaya dua edir, yalvarır... Kənara çəkilib oturandan sonra da göz yaşları dayanmır. Dərdinə şərik olmaq istəyirəm. Deyir ki, ailə qurduğu 10 il müddətində dünyaya gətirəcəyi 5 körpənin hamısı elə bətnindəcə tələf olub. Hətta ailəsi dağılmaq təhlükəsi ilə üzləşib. O da imdad üçün yolunu ziyarətgaha salıb. Mərdəkanda yaşadığından hər həftə bura üz tutub. Ağanın məzarı başındakı dualarını Tanrı da eşidib. Adını Səltənət kimi təqdim edən qadın nəhayət, 6-cı uşağını sağ-salamat dünyaya gətirib. Adını da Ağanın şərəfinə Mövsüm qoyub. Dedi ki, indi yenə hamilədir. Tez-tez ziyarətgaha gəlir ki, bu uşağı da salamat doğulsun. 
Ağanın məqbərəsini dizin-dizin ziyarət edən yaşlı bir qadın isə dedi ki, həbsdə olan gözünün-ağı qarası bir övladını ölkə prezidenti əfv edəndən sonra tez-tez ziyarətgaha gəlir. Əhd edib ki, hər dəfə gələndə Ağanın məqbərəsini 7 dəfə dizin-dizin ziyarət edəcək.  


Nə yaxşı ki...

Nəzarətçi qadından ziyarətgaha gələn insanların niyyətləri barədə maraqlanıram. Deyir ki, nə yaxşı ki, hələ insanların nəyəsə inamı qalıb. “Ramazan ayı olduğundan, xüsusən Qədir gecələrində adam əlindən tərpənmək olmur. İnsanlar nəzir gətirir, dualar edir, Allaha yalvarırlar. Həmin günlər insanlar səhərə qədər burada qalırlar. Küçələrdə maşınların əlindən yollar da bağlanır. Bir də Məhərrəmlikdə insanlar daha çox olur. Əgər adi günlərdə 100 zəvvar gəlirsə, həmin günlərdə 500 adam gəlir”.
Nəzarətçinin dediyinə görə, ziyarətgaha ölkənin hər yerindən zəvvarlar pənah gətirir. Uşaqlar, qocalar, qadınlar, cavanlar... Uzaq yerdən gələnlər üçün qonaq evi də var. Yolun uzaqlığından geri qayıda bilməyənlər qonaq evində gecələyirlər. Ziyarətgaha tez-tez xarici turistlər də gəlir. “Onlar bizim camaata baxırlar, başlarını bağlayır, dua edir, nəzir qoyurlar. Bəzən bizim qadınları başa salmaq olmur ki, ziyarətgaha daxil olarkən mütləq başlarını bağlamaq lazımdır. Ancaq əcnəbilər qayda-qanunlara daha yaxşı riayət edirlər. Vəzifəli şəxslər, məmurlar, iş adamları, müğənnilər ziyarətgahın daimi ziyarətçiləri sırasındadırlar. Niyyətləri həyata keçib gələnlər isə minlərlədir. “Bu yaxınlarda cavan bir qadın qucağında uşaqla düz ziyarətgahın qapısından içərisinə qədər dizin-dizin iməklədi. 16 ildən sonra doğulan uşağı ilə gəlmişdi. Bilirsiniz, ziyarətgah nə qədər xəstə adamlara nicat verib? Ən çox da gələnlər sonsuzlardır. Sağalmaz dərdə düçar olanlar da gəlirlər, imdad diləyirlər”. Nəzarətçi bildirdi ki, dövlət başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da bir neçə dəfə ziyarətgaha gələrək ziyarət ediblər.


Allah təalanın vergisi

Ziyarətgahın həyətində düşüncəli-düşüncəli təsbeh çevirən bir ağsaqala yaxınlaşıb insanlar üçün müqəddəs yerə çevrilən ziyarətgahın sirləri barədə məlumatlanmaq istədim. Ağsaqqal hər gün namaz qılmaq üçün bura gəldiyini söylədi. Dedi ki, burda namaz qılanda özünü daha yüngül hiss edir, nə qədər canında can varsa bura gələcək. Məhəmməd kişi ilə söhbətdən öyrəndim ki,  ziyarətgaha kor-koranə ibadət eləmir. Vaxtilə müəllim işlədiyindən Ağanın həyatı haqqında ətraflı məlumata malikdir. Onun danışdığına görə, xalq arasında Mirmövsüm Ağa kimi tanınan Ağa Seyid Əli də Yaradana yaxın sayılan simalardan olub. Mirmövsüm Ağa imam Əlinin (ə) nəslindəndir. O, Tanrı ilə bizə məlum olmayan yollarda bələdçilik edib, biçarələrə çarə qılmaq, xəstələrə şəfa vermək kimi fövqəladə qabiliyyəti Yaradandan alıb. Mirmövsüm Ağanın valideynləri haqda nə respublikanın tarix arxivində, nə də Bakı məscidlərinin qeydiyyat kitablarında məlumat yoxdur. Lakin nəslinin nümayəndələrinin dediklərinə və ağızdan-ağıza keçənlərə görə, atası Mirabutalıb Mövsümzadə və anası Xədicə Mirqasımova Kərbəlada torpağa tapşırılıb. Nəsil haqqında araşdırma aparanlar Ağa Seyid Əli Mirmövsümzadələrin Məhəmməd peyğəmbərin (s) nəslinə mənsub olduğu iddiasındadırlar. Ağanın soykökü üçüncü imam Hüseynnin (ə) atası Xəlifə Əli İbn Abu Talıbın nəsli ilə bağlıdır. VI-VII əsrlərdə Məhəmməd peyğəmbərin (s) nın əleyidarları tərəfindən təqib olunan imam Həsən (ə) və imam Hüseynin (ə) törəmələri Yaxın Şərq ölkələrinə köçüblər. Sonradan isə Ağa Seyid Əli Mir Mövsümzadənin nəsli Azərbaycana köç edib. Mirmövsümzadələr nəsli İmam Hüseyn (ə) soyunun bir qolu olaraq seyid sayılıblar (belə ki, İmam Hüseynin (ə) şəcərəsi seyid, İmam Həsənin (ə) şəcərəsindən gələnlər isə “şərif” sayılırlar). Tədqiqatlarda göstərilir ki, peyğəmbər nəslindən olan Mirmövsüm Ağaya həm də, ALLAH-təalanın vergisi qismət olub. Ağa hələ uşaqlıqda  fiziki cəhətdən zəif olsa da,  həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik hiss ediblər. O, başı ağrıyan adama əlini çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. Seyid Əlinin cəddinin gücünə, qüdrətinə görə ona Mirmövsüm Ağa deyə müraciət edirdilər. “Ağa Seyid Əli Mirmövsümzadənin vəfatından 60 il vaxt keçsə də, insanların ona olan inamı azalmayıb. Əksinə... İndiyə qədər hamı Ağanın «möcüzə yaratmaq» qabiliyyətinin necə yarandığının sirrini tapmaq istəsələr də hələ heç kəs buna nail olmayıb. Heç bir təhsili olmayan Ağa öz müqəddəs duyğusu ilə müşkülləri açıb, cəddinin və pak dualarının köməyi ilə xəstələrə şəfa, insanlara sevinc və inam bəxş edib”.


Üzrxahlıq

Məhəmməd kişinin danışdıqlarına qulaq asdıqca Ağanın möcüzəsinin sirrini anlamağa çalışıram. Yadıma bir neçə il bundan əvvəl Mircəfər Bağırovun cangüdəninin qəzetimizə müsahibəsi zamanı danışdığı xatirələr düşür:
- 1943-cü ilin əvvəli idi. Ağanı aparmaq üçün NKVD-dən çoxlu milis və hərbçi göndərildi. Onu kreslo qarışıq küçəyə çıxarmışdılar. Bütün İçərişəhər əhalisi yığışmışdı, ağlayırdılar ki, Ağanı niyə və hara aparırlar. Nə qədər çalışdılarsa, Ağa mindirilən maşın işə düşmədi. Axırda ağa özü dilləndi ki, məni hara istəyirsinizsə, öz faytonumla aparın. Bundan xəbər tutan Yemelyanov özü gəldi və o, Ağanın tez maşından düşürülüb evinə aparılmasını əmr etdi. Ağa düşən kimi maşın öz-özünə baş alıb üzüaşağı getdi və tikə-tikə parçalandı. Yemelyanov orqan işçilərini qovduqdan sonra içəri keçib üzr istəyərək, Ağaya bildirdi ki, onu Mircəfər Bağırov göndərib. Ağayla bağlı nəsə anlaşılmazlıq olub. Sonra da deyib ki, nə qədər ki, Azərbaycanda  Seyid var, mən varam, kimsə sizə yaxın düşə bilməz”.
Mərkəzi İcraiyyə Komitəsinin sədri Mirbəşir Qasımovun başına gələnləri və Ağaya pənah gətirdiyini də hamı bilirmiş: “İclasların birində Mirmövsüm Ağa haqqında nalayiq sözlər danışan Mirbəşirin qəfildən səsi tutulub. Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yerə yıxılıb. Həkimlər əlac edə bilməyəndən sonra Ağanın yanına aparıblar. Ağanın işarəsi ilə bacısı bir tikə çörəyi Seyidin yeməyinə batıraraq Mirbəşirə verib. Həyəcandan titrəyən sədr tikəni yeyəndən sonra sakitləşib və səsi açılıb”.

İşıqlı ruh

Bu gün ziyarətgah təkcə insanların ümid və inam yeri deyil. Həm də neçə-neçə imkansız ailənin, uşaq və qocalar evlərinin, internat məktəblərinin, qaçqın və köçkün ailələrinin təminatçısıdır. Seyid Ağa adına yığılan nəzirlərdən bu günə qədər neçə-neçə gənc ailənin təməli  qoyulub, onlara el adətincə toy edilib. Mirmöhsüm Ağanın işıqlı ruhu bu gün də insanlara kömək edir, inamlarını qırılmağa qoymur. 
Mən də bu işığa bələnib ziyarətgahı tərk edirəm. Yolboyu isə nəzarətçinin sözləri yadımdan çıxmır: “Nə yaxşı ki, hələ insanlarda nəyəsə  inam qalıb”.


Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 09.09.10 | Baxılıb: 333

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •