|
Artım əvvəl proqnozlaşdırıldığından daha böyük olacaq
Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo bəyan edib ki, Avropa iqtisadiyyatı öz məcrasına qayıdır və artım əvvəl proqnozlaşdırıldığından daha böyük olacaq. Ancaq özünün Avropa parlamenti qarşısında etdiyi çıxışında o, hələ də bəzi problemlərin qaldığını deyib. BBC-nin iqtisadi məsələlər üzrə müxbiri Andrev Valkerin məlumatına görə, Barrozo deyir ki, ən son rəqəmlər güclü iqtisadi inkişafın olduğunu göstərir. Bu ilin ikinci rübündə bu, bir faiz olub. Əvvəlki dövrdə isə 0,3 faiz idi. Bir çox Avropa İttifaqına daxil ölkədə bu inkişafı görmək mümkün olub.
Amma ən yüksək və güclü rəqəmlər Almaniyaya aid idi. Məhz buna görədir ki, maliyyə bazarlarında əsas narahatlıq ABŞ istiqamətinə yönəlib. Avropada iqtisadiyyatın inkişafının davamlı olub-olmayacağı Avropanın sınaqların öhdəsindən necə gəlməsindən asılı olacaq. Barrozo bu sınaqların mövcud olduğunu etiraf edib. Ola bilsin ki, ən çətini bəzi Avropa hökumətlərinin borc problemlərini həll etməsidir. Bəzi hallarda bu problem çoxdan mövcuddur. Amma maliyyə böhranının ən çox təsir etdiyi ölkələrdə vergilərdən gəlirlərə böyük təsir olub. Ən bariz nümunə olaraq Yunanıstanı göstərmək olar. Amma başqa ölkələr də var ki, vergi və xərclə bağlı siyasət dəyişilməsə, onların borcları qeyri-sabit olaraq qala bilər. Bu, siyasi cəhətdən çətin olar və sürətlə edildiyi halda iqtisadiyyatın dirçəlişi prosesini zərbə altına ala bilər. Maliyyə sənayesi ilə bağlı narahatlıq potensial başağrısı kimi göstərilir. Düzdür, bank müfəttişlərinin həyata keçirdiyi stress sınaqlardan sonra bu narahatlıqlar bir az azalıb.
|