
Hər il sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur. Bununla bağlı qərar 1958-ci ilin mayında Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilən IV konqresində qəbul olunub. Bu addım 1943-cü il sentyabrın 8-də qətlə yetirilən çex jurnalisti Yulis Fuçikin xatirəsini əbədiləşdirmək üçün atılıb. Həmin tarixdən etibarən sentyabrın 8-i dünyada olduğu kimi, Azərbaycanda da jurnalistlər tərəfindən əlamətdar gün kimi qeyd olunur. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli hesab edir ki, jurnalistlərin həmrəy olması Azərbaycan gerçəkliyi üçün çox vacibdir. Media nümayəndələri bir çox sahələrdə korperativ maraqlardan çıxış edirlər və özlərini yeri gələndə müdafiə edirlər. Jurnalist ictimai marağa xidmət etdiyi üçün onların həmrəyliyi çox vacibdir. Onlar ictimai marağa xidmət etdiyinə görə, hətta, ictimaiyyət də jurnalisti müdafiə etməlidir.
Ümumiyyətlə, jurnalistə təzyiq göstərmək olmaz, jurnalistə qarşı olan ədalətsizliyə qarşı isə mütləq həmrəylik olmalıdır».
Xüsusi təbəqə formalaşır Reuters İnformasiya Agentliyinin Azərbaycan üzrə keçmiş müxbiri Rüfət Abbasov hər bir peşə sahibləri arasında həmrəyliyə ehtiyac olduğunu bildirib: «Bu həmrəylik onlar arasında təcrübə mübadiləsi, ümumi maraqlarının müdafiəsi və təmsil etdikləri sahənin inkişafı baxımından önəmlidir. Fikrimcə mətbuatda ən böyük problem peşəkarların az olmasıdır. Cəmiyyətdə informasiya ehtiyacını yeni məlumat mənbələri vasitəsilə ödəyən xüsusi təbəqə formalaşmaqdadır. Və bu tendensiya bizim milli mətbuatımızı hazırda narahat etməli olan əsas məsələlərdən birinə çevirməlidir. Məhz bu tendensiyaya qarşı mövcud oxucularını itirməmək və yenilərini cəlb etmək uğrunda birləşib həmrəy olmaq lazımdır”.
BDU-nun jurnalistika fakültəsinin müəllimi, əməkdar jurnalist Nəsir Əhmədli isə hesab edir ki, Azərbaycan jurnalistikası müstəqillik illərində xeyli inkişaf eləyib, sovet dövründə güclü senzura buna imkan vermirdi: «Qəzetlərin, televiziyaların sayı az idi, hamısı dövlətə tabe idi. Ancaq bu gün jurnalistika inkişaf mərhələsindədir. İndi əsas məsələlərdən biri beynəlxalq aləmə çıxmaq, dünya inteqrasiyasına qoşulmaqdır. Müəyyən addımlar atılıb, amma biz tam mənada deyə bilmərik ki, Azərbaycan jurnalistikası beynəlxalq aləmdə tanınır, bunun üçün müəyyən işlər görülməlidir. Düzdü, bəzi informasiya agentlikləri, jurnalist təşkilatları müəyyən addımlar atıblar, ancaq hələ istənilən səviyyədə deyil. Yəqin ki bunlar da tədricən düzələcək. Ölkələr arasında jurnalist mübadiləsi, təhsillə bağlı mübadilə olmalı, xarici dil bilən, ölkələrin coğrafiyasını, tarixini bilən yeni jurnalist nəsli yetişdirmək lazımdır. Cəmiyyət necədirsə jurnalistika da elədi. Jurnalist həyatın güzgüsüdü, cəmiyyət həmrəy olduqda jurnalist də həmrəy olur».
Öz növbəsində BDU-nun Jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov də hesab edir ki, keçirilən tədbirlərdə, konfranslarda hansı mətbu orqanı, yaxud televiziyanı təmsil etməsindən asılı olmayaraq hər bir jurnalistin orada iştirakına geniş imkanlar yaradılmalıdır.
Elgün Mənsimov