Ötən illərdən miras qalan kadr təminatı problemi yenə də özünü göstərəcək? Ölkə üzrə ştatlı müəllimlərin sayı 159998 nəfərə enib
Başlanmasına sayılı günlər qalan növbəti tədris ili də əvvəlkiləri kimi, yeni olmasa da, ənənəvi problemləri ilə fəaliyyətinə başlayacaq. Təhsilin həllini gözləyən belə problemləri sırasında yeni dərs ilində özünü büruzə verəcək əsas məsələlərdən biri də ötən illərdən miras qalan kadr təminatıdır.
Ucqar kəndlərə niyə maraq yoxdur?
Ucqarlarda kadr çatışmazlığı, mərkəzdə kadr bolluğu problemini hələ neçə il əvvəldən çözməyə çalışan Təhsil Nazirliyi yenə də məsələnin uğurlu həllinin axtarışındadır. Düzdür, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş və 2005-2009-cu illəri əhatə edən proqram nəticəsində ümumilikdə 6179, o cümlədən 2009-cu ildə 1308 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilib. Amma məsələnin hələ də ortadan qalxmamağı stimullaşdırıcı, effektiv tədbirlərin gücləndirilməsinin zəruriliyini göstərir. Nazirliyin məlumatına görə, Nazirlər Kabinetinin (NK) qərarı əsasında 2010-2011-ci dərs ilinə ucqar kənd məktəblərindəki vakant yerlərə stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 800 nəfər gənc mütəxəssis göndərilib.
Əslində gənc kadrların ucqarlara maraq göstərməməyinin səbəbi hər kəsə bəllidir. Təbii ki, az maaşla çalışmaq məcburiyyətində qalan təhsil işçisi bundan başqa özünü su, qaz, işıq, kanalizasiya, yol və s. kimi infrastrukturla bağlı digər problemlərlə də yükləmək istəmir. O da nəzərə alınmalıdır ki, bu gün ölkədə nə qədər yeni məktəblərin inşası aparılsa da, hələ ki təmir üzü görməyən, hətta hər an yıxılmaq təhlükəsi ilə üz-üzə qalan məktəblərimiz də qalmaqdadır ki, onların da əksəriyyəti məhz regionların payına düşür. Hazırda nəinki ucqarlarda, elə rayon mərkəzlərində də taleyin ümidinə qalan xeyli məktəblə rastlaşmaq olar. Yayda sərinliyi sınıq-salxaq pəncərələrindən içəri dolan havanın hesabına alan belə məktəblər soyuq qış aylarında da qızdırılmaq ümidini məktəblilərdə görür. Yadımdadır ki, qışda Qubanın kəndlərindən birində olduğum zaman dərsə hazırlaşan məktəblinin çantasına dərslik əvəzinə odun yığması mənə təəccüblü gəldiyi halda, orada yaşayanların bu məktəblərin “istilik sistemi”nin elə uşaqların gətirdiyi odunlar hesabına fəaliyyət göstərməsinə artıq çoxdan alışdığını göstərirdi. Belə təhsil müəssisələrində təhsilin keyfiyyətindən danışmağa gəlincə....
Həvəsləndirici tədbirlər üçün 5 milyon manat vəsait
Ucqarlardakı məktəblərin maddi-texniki bazadan uzaq, təmirsiz vəziyyətdə olması nəticədə onların yaxşı kadrlarla təminatını da çətinliyə salır. Amma NK-nın “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” yeni qərarı vəziyyətin bəlkə bir qədər yaxşılaşacağını düşünməyə ümid verir. Belə ki, qərarda dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulur. Yaşayış sahələrinə ehtiyacların ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavənin ödənilməsi, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi kim tədbirlər də həyata keçiriləcək. Qərarın icrasına 2010-cu ildə yerli büdcə xərclərində 5 milyon manat vəsait nəzərdə tutulub.
Bir stavkadan az dərs saatları, aşağı düşən müəllim-şagird nisbəti və qeyri peşəkar müəllimlər
Kadr təminatının həllində atılan digər addım ötən dərs ilindən respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmasıdır. Belə ki, ötən dərs ilində Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilib. Görülən tədbirlər nəticəsində müəllimlərin sayı ölkə üzrə 173 mindən 168 minə, ştatlı müəllimlərin sayı isə 159998 nəfərə enib. Cari dərs ilində ilk dəfə olaraq ölkə üzrə müəllimlərin işə qəbulu elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilib. Xüsusi proqram təminatı hazırlanmaqla Bakı şəhərinin ümumtəhsil məktəblərindəki 197, respublikanın digər şəhər və rayonlarının məktəblərində 89 vakant yerə hazırda müəllimlərin işə qəbulu aparılır. Amma bu sahədə problemlər hələ də qalmaqdadır. Belə ki, bir stavkadan aşağı dərs saatı ilə işləyən müəllimlərin sayının 21,5 faiz təşkil etməsi, müəllim-şagird nisbətinin ildən-ilə aşağı düşməsi və hazırda ölkə üzrə 8,5 təşkil etməsi ciddi narahatlıq doğurur. Bu gün təhsildə narahatedici əsas məqamlardan biri də hazırda işləyən müəllimlərin müəyyən hissəsinin peşəkarlıq səviyyəsinin aşağı olmasıdır.
Pedaqoji kadr təminatı vəziyyətinin monitorinqi əsasında təkliflər hazırlanacaq
Nazirlik vəziyyətdən çıxış yolu kimi ölkənin ümumtəhsil məktəblərində pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması və təkliflərin hazırlanmasını məqsədəuyğun sayır. Bundan başqa, hazırda işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi, müəllimlərin karyera inkişafı mexanizminin hazırlanması və tətbiqi də nəzərdə tutulur. Bundan başqa, proqramlar əsasında maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ümumtəhsil məktəblərinin avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası üzrə tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Ümumtəhsil məktəblərində adambaşına maliyyələşdirmə mexanizminə keçidlə bağlı zəruri tədbirlərin görülməsi, ümumi təhsil sahəsində metodik xidmətin və metodkabinetlərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də qarşıda görüləcək əsas işlərdəndir. Məktəblərində şagird kontingentinin, o cümlədən təhsildən yayınmanın təhlili və müvafiq təkliflərin hazırlanması, Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi də planlaşdırılır.
Məktəb şəbəkəsi rasionallaşdırılır
Hazırda sayı azlıq təşkil edən xeyli təhsil müəssisəsi də var ki, onlar da kadr təminatı ilə bağlı nazirlik qarşısında xeyli problem yaradır.
Belə məktəblərin fəaliyyətini daha təkmil etmək üçün nazirlik dünya təcrübəsinə uyğun olaraq məktəb şəbəkəsinin rasionallaşdırılması təklifini irəli sürür. Bu proses zamanı hər bir yeni məktəbin açılması, tipinin dəyişdirilməsi məsələləri ciddi nəzarətə götürüləcək, hər bir təklif nazirliyin müvafiq şöbələri tərəfindən ətraflı araşdırılacaq. Zəruri ehtiyac olmadığı müəyyənləşdirildiyi hallarda isə bu məsələlərin qarşısının alınması nəzərdə tutulur. Rayon Təhsil Şöbələri tərəfindən eyni yaşayış məntəqəsində fəaliyyət göstərən təhsil müəssisəsinin ciddi problem yaranmadan və daşınmaya ehtiyac olmadan digər təhsil müəssisəsi ilə birləşdirilməsi imkanlarının araşdırılması, müvafiq tədbirlər görüb nəticəsi barədə Nazirliyə məlumat verilməsi də gündəmdədir. Pilot layihə kimi isə Ucar rayonunda məktəb şəbəkəsinin rasionallaşdırılması planının həyata keçirilməsi nəzərdə tutulur. Bağlanması, birləşdirilməsi yerli imkanlar daxilində mümkün olmayan təhsil müəssisələri ilə bağlı rasionallaşdırma üzrə təhlillərin aparılması, şagirdlərin daşınması üçün tələb olunan nəqliyyat vasitələri, ixtisar ediləcək pedaqoji və texniki heyət barədə təkliflərin hazırlanıb 2 ay müddətinə nazirliyə təqdim edilməsi də görüləcək əsas işlər sırasındadır. Nazirlik tərəfindən yerlərdən daxil olan məlumatların və təkliflərin araşdırılıb, təhlil edilib ümumiləşdirilməsi və ölkə üzrə məktəb şəbəkəsinin rasionallaşdırılması proqramının hazırlanıb təsdiqə təqdim edilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA