|
Separatçı hərəkatın atəşkəs elanı mərkəzi hakimiyyəti maraqlandırmır
İspaniya hökuməti ETA bask separatçı hərəkatının atəşkəs elanını rədd edib. Hökumət deyir ki, bask separatçı qrupu siyasətə qayıtması üçün ciddi öhdəliklər götürməlidir. ETA bazar günü silahlı mübarizəni hələ bir neçə ay əvvəl dayandırması və öz məqsədlərinə dinc yolla nail olmaq istəməsi barədə bəyanat vermişdi.
İspaniyanın daxili işlər naziri Alfredo Perz Rubalkaba isə deyib ki, ETA birdəfəlik zorakılıqdan əl çəkməsini bəyan etməlidir. Rubalkaba deyir ki, ETA əvvəllər böyük sayda atəşkəs razılıqlarını pozub və bu səbəbdən ona etibar etmək çətindir. Nazir deyib ki, atəşkəs və dialoq günləri arxada qalıb. Əksinə, İspaniyanın antiterror siyasətində dəyişiklik edilməyəcək və məhz bu yanaşma ETA-nı əvvəlkindən xeyli zəif edib: «Sülh danışıqlarına gedilməyəcək». Rubalkaba ETA-nın atəşkəs elanını qeyri-kafi adlandırıb və təşkilatın məqsədləri barədə şübhələrə malik olduğunu deyib. Bir çoxları hesab edir ki, atəşkəs elan etməklə ETA özünün siyasi qanadı olan Batasuna partiyasının siyasi prosesə qayıtmasına cəhd edir. Gələn il Bask vilayətində yerli seçkilər keçiriləcək. Lakin daxili işlər naziri israr edib ki, Batasuna ETA ilə əlaqələrinə görə məhkəmə tərəfindən qadağan edilib. Buna görə də leqallığa qayıtmağın yeganə yolu ETA ilə əlaqələri birdəfəlik kəsmək və ya onu həmişəlik zorakılıqdan əl çəkməyə razı salmaqdır. ETA Avropa Birliyi və ABŞ tərəfindən terrorçu təşkilat hesab edilir. Bu ilin altı ayı ərzində ETA-nın 62 üzvü həbs edilib. Fevralda isə Fransa və İspaniya polisinin birgə keçirdiyi əməliyyat nəticəsində qruplaşmanın liderlərindən biri həbs olunub. Bu şəxs 1997-ci ildə İspaniya kralı Xuan Karlosa sui-qəsd cəhdində günahlandırılırdı. Elə DİN rəhbəri də bəyan edib ki, qruplaşma silahı yerə qoymayana kimi onlardan əl çəkməyəcəklər. Onu da qeyd edək ki, Basklar ölkəsi hazırda çox ciddi muxtariyyətə malikdir. Onun öz polisi, parlamenti və vergi idarəsi var. Yerli hakimiyyət orqanları səhiyyə və təhsilə nəzarət edirlər. Əhalinin böyük bir qismi getdikcə silahlı mübarizənin əhəmiyyətsiz olduğu qənaətinə gəlir. Əhalinin yalnız 15 faizi ETA-nın fəaliyyətini dəstəkləyir.
|