|
Atom proqramı intensivləşdirilib
İran atom proqramını intensivləşdirib və hazırda 3 atom bombası yaratmaq üçün yetərincə zənginləşdirilmiş urana malikdir. Bu, MAQATE-nin son hesabatında qeyd olunur. Hesabatda yazılır ki, hazırda Tehranın 20 faiz zənginləşdirilmiş 22 kiloqram uranı, 2,8 ton 3,5 faiz zənginləşdirilmiş uranı var. MAQATE vurğulayır ki, İran hakimiyyəti bu urandan atom bombası yaratmaq üçün istifadə etməyəcəyini bildirsə də, ekspertlərdə şübhə var.
ABŞ administrasiyası isə hesab edir ki, MAQATE-nin son hesabatı İranın beynəlxalq öhdəlikləri yerinə yetirmədiyini bir daha sübut edir. Ağ Evin rəsmi nümayəndəsi Tommi Vietor deyib ki, Tehran atom bombası əldə etməyə yaxınlaşır. Yeri gəlmişkən, Beynəlxalq Atom Energetikası Agentliyi - BATENA İranı nüvə müfəttişləri ilə əməkdaşlığa çağırıb. Agentlik özünün yeni hesabatında bildirir ki, İrandakı bütün nüvə materialının dinc məqsəd daşıdığından əmin deyil. İran ötən ilin noyabr ayından az qala min kiloqramadək aşağı zənginləşdirilmiş uran istehsal edib. BATENA-nın BBC tərəfindən əldə olunmuş məxfi hesabatında deyilir ki, İran agentliyi lazımi sənədlərlə tanış etmir və onun müfəttişlərindən bəzilərinin bu ölkəyə səfər etməsinə razılıq vermir. Odur ki, agentlik hazırda İranın nüvə fəaliyyətinin tam şəkildə dinc xarakter daşıdığı barədə təminat verə bilməz. Agentlik bildirir ki, İranın bu məsələdə əməkdaşlığı təcili xarakter daşıyır. Həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı tətbiq olunmuş daha sərt sanksiyalara baxmayaraq, Tehran uranın istehsalını davam etdirir. Amerika Birləşmiş Ştatları və onun Qərb müttəfiqləri İranın məxfi şəkildə nüvə silahı yaratmağa can atdığını düşünürlər, hərçənd Tehran bu iddiaları rədd edir. Tehran bildirir ki, onun nüvə fəaliyyəti tamamilə dinc xarakter daşıyır.
|