İslahatlar 2 milyona yaxın insanı küçələrə çıxarıb
Fransada pensiya islahatlarına qarşı çıxan əhali dünən etirazını küçələrə çıxmaqla bildirib. Milli mitinq günü adlandırılan sentyabrın 7-də ölkə parlamentində pensiya islahatları haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Əsas məsələ pensiya yaşının 60-dan 62-yə qaldırılmasına qarşı olub. Etiraz aksiyası zamanı əhali arasında qeyri-populyar olan qanun layihəsinin parlamentə daxil olması əleyhinə şüarlar da səslənib. Həmkarlar, müxalifət, ictimai nəqliyyatda çalışanlar, dövlət qulluqçuları ölkəni iflic vəziyyətinə gətirəcəklərini vəd ediblər.
Bu aksiyalar islahatları prezidentlik müddətinin əsas prioriteti elan edən ölkə prezidenti Nikola Sarkozi üçün əsas sınaq hesab olunur. Küçələrə çıxan 2 milyona yaxın insan həqiqətən də ölkənin bütün nəqliyyat sistemini iflic vəziyyətinə salıb. Günortaya yaxın onlara tibb işçiləri də qoşulublar. «İfor» sorğu mərkəzinin apardığı tədqiqatın nəticələrinə görə, fransızların 70 faizi pensiya islahatına qarşı çıxır. Sarkozinin şəxsən müəllifi olduğu qanun layihəsi büdcə kəsirinin azaldılması və pensiya sisteminin xilasına yönəlib. Dövlət başçısı hələ seçkiqabağı verdiyi vədində fransızlara işarə edərək onların az işlədiyini bildirirdi. Sarkozi ölkənin yığılıb qalan problemlərinin günahını sosialist Fransua Mitteranda görür. Mitteran 1982-ci ildə pensiya yaşının 65-dən 60-a azaldılması barədə qərar qəbul edib. O dövrdən etibarən də fransızlar Avropada hamıdan tez pensiyaya çıxırlar. Bu isə Fransa iqtisadiyyatına çox pis təsir edir. Çünki fransızlar Avropada ən uzunömürlü olmaları ilə qürrələnə bilərlər. «Evrosat»ın proqnozlarına görə, 2050-ci ildə fransız xanımlarının orta yaş həddi 89, kişilərin isə 82 olacaq. İslahatlar pensiya yaşını 2011-ci ilin iyulundan artırmaqla ildə dörd dəfə mərhələ ilə aparılmasını nəzərdə tutur. Bu proses 2018-ci ilə kimi pensiya sistemində kəsirləri 50 faiz, yəni 16 mlrd. avro aşağı salmağa imkan verəcək. Müqayisə üçün deyək ki, Almaniya və İspaniyada pensiya yaşı 67-dir. Lakin fransızların 79 faizi islahatın ədalətsiz olduğunu, 68 faiz isə bunun pensiya problemini həll etməyəcəyini düşünür. Layihə oktyabrın sonunda qəbul olunmalıdır. Əvvəl də qeyd etdiyimiz kimi, vəziyyəti mürəkkəbləşdirən hal islahatların keçirilməsinə məsul şəxsin əmək naziri Erik Vertin olmasıdır. Bu şəxsin reputasiyası çoxsaylı korrupsiya qalmaqalı ilə pisləşib. Onu vəzifə səlahiyyətlərini aşmaqda, öz xanımını işə düzəltməkdə, «L’Oreal» firmasının varisi Lilian Betankurdan iri məbləğdə pul almaqda günahlandırırlar. Sarkozi tərəfindən güclü dəstəyə malik Vert isə ona qarşı irəli sürülən ittihamları rədd edir. Elə dünənki aksiyada da Sarkozi ilə Vertin birgə şəkilləri yerləşdirilib. Sarkozinin reytinqinin aşağı düşməsinə qaraçıların köçürülməsi planı da təsir edib. Bu səbəbdən də onun reytinqi 32 faizə düşüb.
|