Türkiyə Böyük Millət Məclisinin üzvü Canan Kalsın bunu həm də ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlayır
Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatlarının sayı yenidən artıb. Bununla bağlı ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin bəyanatı yayılıb. O, insan ölümünə səbəb olan hadisələri qınayıb. «Hər iki tərəfdə insan ölümü faktlarının artması ciddi narahatlıq doğurur. Atəşkəs rejimini pozan istənilən hadisə Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə xələl gətirir və konstruktiv dialoqun aparılması imkanlarını məhdudlaşdırır» - deyə onun bəyanatında qeyd edilib. ATƏT-in fəaliyyətdə olan sədri sentyabrın 6-da həmsədrlərin münaqişə tərəflərinə təmkinlik göstərməyə, atəşkəs haqda anlaşmaya əməl etməyə və biri-birini ittiham edən bəyanatlardan çəkinməyə dair çağırışlarını dəstəkləyir. «Həmsədrlərin payızda ATƏT-in Astanada keçiriləcək sammiti öncəsi Qarabağ münaqişəsinin nizamlanmasının intensivləşməsi üzrə səyləri münaqişə tərəflərinin irəliləyişin əldə olunmasına maraqlı olacağı təqdirdə nəticə verəcək» - deyə sənəddə vurğulanıb.
Müharibənin başlama ehtimalı və bununla bağlı Türkiyənin atacağı addımlarla bağlı sualı cavablandıran Türkiyə Böyük Millət Məclisinin üzvü, ATƏT-in Parlament Assambleyası sədrinin müavini Canan Kalsın isə bildirib ki, münaqişənin irimiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçməsi nəinki Cənubi Qafqaza, eləcə də müəyyən mənada Balkanlara təsirsiz ötüşə bilməz. Hakim Ədalət və İnkişaf Partiyasından olan deputat hesab edir ki, Türkiyə münaqişənin nizamlanmasında maraqlıdır: «Hazırda münaqişə necə deyərlər, “dondurulmuş” vəziyyətdədir. Ermənistan-Azərbaycan cəbhəsində baş verən təxribatların məqsədi regionda gərginliyin artırılmasına xidmət edir. Ermənistanda sülhün əldə olunmasını istəməyən qüvvələr var. Eyni zamanda, Ermənistanın 3 milyonluq əhalisinin böyük bir qismi ölkə xaricindədir. Onun iqtisadiyyatı bütövlükdə xaricdəki soydaşlarının yardımından asılıdır. Onların arasında isə millətçi əhval-ruhiyyəli çoxsaylı qüvvə var. Lakin mən əminəm ki, Ermənistan müharibəyə başlamağa cəhd göstərməz».
“Erməni diasporu qondarma erməni soyqırımı ilə bağlı Avropa məhkəmələrində Türkiyəyə qarşı iddialarının sayını artırıb. Sizin qənaətincə, Ankara təzyiqlər altında güzəştlərə gedəcək» sualının cavabında AKP-çi deputat vurğulayıb ki, Türkiyə özünün tarixi arxivlərini çoxdan açıb: «Lakin bəlli olduğu kimi, erməni tərəfi öz arxivlərini açmaq istəmir. Türkiyənin bu məsələ ilə bağlı mövqeyi belədir ki, «soyqırımı» ilə beynəlxalq təşkilatlar və tarixçilər məşğul olur. Türkiyə hesab edir ki, heç bir soyqırımı baş verməyib və tarixçi-alimlərə bununla bağlı tədqiqat aparılmasını təklif edib. İndiyə kimə bununla bağlı niyə heç bir tədqiqat aparılmayıb - bu sual erməni tərəfinə ünvanlanmalıdır».
Canan Kalsın Türkiyə-Rusiya yaxınlaşmasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına pozitiv impuls verə biləcəyinə də toxunub. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlananda Moskvanın Ermənistanı silahlandırması və təlim keçməsi yada düşür. O zaman Kreml ermənilərə yardım etməklə münaqişənin gələcək taleyini müəyyən etmiş oldu. Lakin o hesab edir ki, Türkiyə və Rusiya arasında yaxınlaşma “dondurulmuş” münaqişələrin nizamlanması üçün əlverişli şərait yarada bilər: «Söhbət ondadır ki, regionda domino prinsipi üzrə gərginlik digər ölkə və regionlarda reaksiya doğura bilər. Məsələn, İraqdakı müharibənin nəticələri müəyyən ölkələrə çox mənfi təsir etmiş olub».
ATƏT PA-nın rəsmisi Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsində Ankaraya təzyiq edilməsi və bu problemin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olub-olmadığı barədə sualı da cavablandırıb. O bildirib ki, Türkiyə müstəqil xarici siyasət yürüdür və ölkəsinə qarşı sərhədlərin açılması ilə bağlı xaricdən hər hansı bir təzyiq edilmədiyi qənaətindədir. Ötən əsrin 90-cı illərində Ermənistan müstəqilliyini elan etdikdə, onunla sərhədləri və hava məkanını açan ilk ölkə Türkiyə olub: «Lakin elə ki, ermənilər radikal millətçi siyasət yeritdilər, biz sərhədləri bağlamalı olduq. Türkiyəyə qeyri-leqal şəkildə çoxsaylı Ermənistan vətəndaşları gəlir. Bu ölkənin iqtisadiyyatı müəyyən mənada Türkiyədən asılıdır. Qarşılıqlı anlaşma ilə Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər və bu da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərə bilər. Sərhədlərin açılması Ermənistanla Türkiyə arasında dəmir yolunun bərpasına da səbəb ola bilər. Bu, Cənubi Qafqaz regionunun Mərkəzi Asiya ilə əlaqəsinin bərpasına gətirər. Qeyd edim ki, dəmir yolu xətti türkdilli dövlətlərin inteqrasiyası baxımından da əhəmiyyətlidir». Deputat sonda bildirib ki, erməni-türk sərhədlərinin açılması Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu gücləndirə bilər. Lakin o hesab edir ki, bu istiqamətdə yeganə şərt işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir.
Azər NURİYEV