“Tanrıya minnətdaram ki, bu yaşa qədər yaşamışam”
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 129-cu mövsümünün açılışına hazırlaşır. Yeni mövsümü Dərbənd şəhərində qarşılayacaq teatr kollektivi 20 gün müddətində Mahaçqalada və ətraf rayonlarda “Xilaskar” və “O olmasın, bu olsun” tamaşaları ilə çıxış edəcək. Kollektivin yeni mövsüm sevincinə teatrın direktoru İftixar Piriyevin 50 illik yubileyinin sevinci də qarışıb. Yubilyar özü isə 50 yaşını indiyə qədər yaratdıqlarının mənzərəsindən boylanan
bir ömür kimi dəyərləndirir.
Ölkədən kənarda təmsil olunmaq istəyi
- İrəvan Teatrı yeni mövsümə Dağıstan Respublikasının Mahaçqala şəhərində ulu öndər Heydər Əliyevə həsr olunmuş «Xilaskar» əsəri ilə başlayacaq. Bu səfər mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin şəxsi layihəsi əsasında həyata keçirilir. Respublikamızdan kənarda yaşayan soydaşlarımıza mədəni xidmət məqsədilə vaxtaşırı ölkəmizin mədəniyyət xadimləri soydaşlarımız qarşısında çıxış etmək üçün səfərə göndərilir. Sentyabrın 17-dən oktyabrın 8-ə qədər Dağıstan Respublikasında olacağıq. Eyni zamanda, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» əsərini dahi bəstəkarın 125 illik yubileyi ərəfəsində oynayacağıq. Bakıya qayıdandan sonra isə Azərbaycanın bir çox bölgələrində qastrol səfərləri həyata keçirəcəyik.
Bununla yanaşı, teatrda üç əsərin - Əziz Nesinin «Sən qara deyilsən», Bernard Şounun «Sezar və Kleopatra», Mirzə Cəlilin «Kamança» əsərlərinin məşqlərinə başlamışıq. “Kamança” əsəri indiyədək heç bir teatrın səhnəsində hazırlanmayıb. Tamaşanı Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri cənab Kapanadze hazırlayacaq. Qarabağ hadisələri fonunda Azərbaycan xalqının humanizmini tərənnüm edən bu əsəri başqa millətin rejissoruna hazırlatmaqda məqsədimiz mənəvi dəyərlərimizin ayrı xalqlar arasında da dəyərli olduğuna əminlik yaratmaqdır. “Sezar və Kleopatra əsəri üzərində isə gənc rejissor Gümrah Ömər və rəssam Rəşid Şərif çalışırlar. Bu gənclərin hər ikisi müasir teatrı dərindən bilir. Onlarla müəllifi olduğum «Dan yeri söküləndə» əsəri üzərində yaradıcılıq işi aparmışdıq. O vaxt tamaşa mütəxəssislər tərəfindən yaxşı qiymətləndirildi. Ümumi yanaşma nöqteyi-nəzərindən çox müasir, orijinal olduğu üçün qənaətbəxş hesab etdiyimdən «Sezar və Kleopatra» əsərini də onlara həvalə etdim. İlkin təəssüratlarım məndə elə bir fikir yaratdı ki, tamaşa hadisəyə çevriləcək. Belə ki, Azərbaycanda dünya teatrları ilə ayaqlaşa biləcək bir iş ortaya çıxacaq. Kənardan dəvət olunan rejissorlarla yaxşı mənada rəqabətə girmək fikrimiz var. Sübut etmək istəyirik ki, ölkəmizin daxilindəki potensial kənardan dəvət olunanlardan geridə deyil. Sadəcə, istedadlı adamlara şərait yaratmaq və onlarla Azərbaycan teatrını sabaha aparmaq məqsədini qarşımıza qoymuşuq. Teatr ictimaiyyətinə başqa teatrlarda kənardan rejissorların dəvət olunması bəllidir. Mən də vaxtilə bu barədə çox düşünürdüm. Sonradan bu qənaətə gəldim ki, içəridə iş aparmaq daha düzgün olar. O mənada ki, kənardan gələn rejissor tamaşanı hazırlayandan sonra işini bitmiş hesab edəcək və çıxıb gedəcək. Biz isə öz milli potensialımızı yetişdirməliyik. O cümlədən inanıram ki, bu iki gəncin hazırlayacağı «Sezar və Kleopatra» tamaşası festivallara gedə biləcək bir səviyyədə olacaq. Çünki yanaşma artıq özünü ifadə edir. Onu da qeyd edim ki, «Sezar və Kleopatra» dövlət sifarişi ilə hazırlanacaq. Məqsədimiz tamaşalarımızla Azərbaycandan kənarda da təmsil olunmaqdır.
Döyüldükcə bərkiyən polad
- Bu il 129-cu mövsümünü qarşılayan İrəvan Teatrının Azərbaycan teatr məkanında yerini necə müəyyənləşdirirsiniz?
- Bilirsiniz ki, mən 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunaraq Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin edildim. Qayıdandan sonra - 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olundum. Buradakı aktyor heyətinin yeniləşməsi, zənginləşməsi, potensialın gücləndirilməsi istiqamətində işlər aparmağa başladım. Teatrın ənənələrini bərpa etdik. Teatr bütün teatrlarla şəbəkə sistemində inkişaf etdirməyə başladı. Belə bir mənzərənin yaranmasının nəticəsi olaraq 2007-ci ildə cənab prezidentin sərəncamı ilə teatrın 125 illik yubileyi həm Bakıda, həm də Türkiyənin bir sıra şəhərlərində qeyd olundu. Ondan sonra biz teatrın xarici ölkələrdə də təmsil olunması müstəvisində inkişafına çalışdıq. Demək olar ki, bu məqsədimizə də nail olmuşuq. Artıq iki ildir Gürcüstan, Rusiya və Türkiyədə layihələrlə iştirak edirik və təbliğ olunuruq. Tək mənim fikrim deyil, mütəxəssislərin də fikrincə, İrəvan Teatrı bugünkü teatr şəbəkəsində öndə gedən teatrların sırasında özünə yer tapa bilib.
- Cənnət Səlimova həmişə müsahibələrində deyir ki, «Teatrları klassika xilas edəcək». Sizcə bu fikir həm də müasir dramaturgiyanın yoxluğundan qaynaqlanmırmı?
- Bu sualın qarşısında yeni bir sual yaranır: klassika teatrları nədən xilas edəcək? Əgər klassika teatrı bədii keyfiyyətdən xilas edəcəksə, bu, yanlış fikirdir. Çünki müasir dramaturgiyanın da klassikaya qədər bədii keyfiyyəti yüksəldə biləcək yeri var. Əgər klassik əsərə yanaşma o əsərin özünə uyğun deyilsə, klassika heç vaxt xilaskar obrazını oynaya bilməz. Və yaxud əksinə, müasir dramaturgiyaya yanaşma sənət nöqteyi-nəzərindən peşəkardırsa, o, teatrı ən uca mərtəbəyə qədər yüksəldə bilər. Müasir dramaturgiyanın özü də nə vaxtsa klassikaya çevrilə bilər. Məncə klassika ilə müasir dramaturgiyanın müqayisəsi doğru deyil. Bunların hər ikisi teatrı xilas edə bilər. Klassik bir əsərlə teatrı uçuruma və ya müasir dramaturgiya ilə uğura aparmaq olar. Və yaxud da əksinə.
- Bu yaxınlarda Şuşa Teatrının truppa müdiri bildirdi ki, “biz əvvəlcə tamaşalarımızı oynamaq üçün səhnə, daha sonra tamaşaçı tapırıq”. Yəqin ki, bu problem sizdə də var.
- Binasızlıq şəraitində fəaliyyət göstərən teatrlar demək olar ki, eyni çətinliklərlə üzləşir. Tamaşalarımız teatr səhnəsinə mükəmməl şəkildə cavab verməyən bir səhnədə, yəni öz səhnəmizdə hazırlanır, daha sonra hazır teatrların binasında oynanılır. Ona görə biz də həmin çətinliklərlə qarşılaşırıq. Biz özfəaliyyətimizi daha çox səyyar qurduğumuza görə bu məsələlərdə o qədər də çətinlik hiss eləmirik. Başlıca məsələ teatrların təmiri deyil, onların yaradıcılıq işində dönüş yaratmasıdır. Biz yalnız premyeralar oynayarkən binalar axtarırıq. Tamaşaları isə Azərbaycanın bir sıra rayonlarında oynayırıq. Bir də İrəvan Teatrı tarixən köç şəraitində yaşayıb. İnsan döyüldükcə bərkiyən polad kimi bir şeydir. Biz də çətinliklərə dözdükcə, daha çox yollar axtarıb tapmağı sevirik və bu mübarizədə bərkiyirik.
Aktyorluq mənim peşəmdir
- Siz həm teatrın rəhbəri, həm də aktyorsunuz. Məmur, yoxsa aktyor kimi fəaliyyət göstərmək daha rahatdır?
- Əslində mənim peşəm aktyorluqdur. Bu ixtisas üzrə təhsil almışam və bu sahədə mükəmməl formalaşmışam. Ancaq bəzən insanda öz peşəsindən kənar işlər görmək qabiliyyəti də olur. Mənim inzibati fəaliyyətim də bu qəbildən olan məsələdir. Şübhəsiz, hər ikisi mənim üçün çətin və şərəflidir. Ancaq mən direktorluq vəzifəsi ilə əbədi müqavilə bağlamamışam. Hər an direktor vəzifəsində olmaya bilərəm. Amma aktyor vəzifəsi mənim peşəmdir və mən əbədi olaraq bu sənətlə bağlıyam. Bu mənim üçün əzizdir, eyni zamanda vəzifəm də mənim üçün doğmadır.
- Aktyor kimi ilk dəfə hansı səhnəyə çıxmısınız?
- Aktyor kimi ilk fəaliyyətimə Akademik Milli Teatrında başlamışam. İncəsənət İnstitutunu qurtarandan sonra təyinatımı bu teatra aldım. Bu səhnədə 30-dan çox əsas və kiçik rollar oynamışam. Müxtəlif sənətkarlarla çiyin-çiyinə çalışmışam. Teatr sənətinin incəliklərini görkəmli sənətkarlardan əxz etmişəm.
- Ən çox hansı rolunuz xoşunuza gəlib?
- Mənim üçün rollarımın hamısı doğmadır. Çünki onların hamısı mənim övladlarımdır. Amma onların arasında yaddaqalan böyük rollarım da olub. «Vaqif»də Əlibəy, «Şəhərin yay günləri»ndə Namiq, «Sizi deyib gəlmişəm»də Vəliqulu, Nəbi Xəzrinin «Gecə döyülən qapılar»da Xəzər, «Mirzə Şəfi Vazeh»də Əkbər və s. tamaşalardakı rollarım mənim üçün çox dəyərlidir. Mən əsasən televiziya serialları ilə daha çox populyarlaşdım. Əlibala Hacızadənin «İtkin gəlin» teleserialında Əbdul obrazı geniş tamaşaçı auditoriyasına vizit kartım kimi dəyərləndirildi. Bundan sonra, Bəxtiyar Vahabzadənin «Yağışdan sonra» əsərində Aslanov, «Dodaqdan qəlbə» əsərində Bədad rollarını oynadım. Bu teleserialların müəllifi mərhum rejissor Lütfü Məmmədbəyov idi. Daha sonra Mərahim Fərzəlibəyovun çəkdiyi «Qırmızı qar», «Canavar balası» filmlərində də baş qəhrəmanları oynadım. Sonra bir sıra televiziya tamaşalarında rollarım oldu. Uzun müddət «Ozan» folklor toplusunun aparıcısı, Azərbaycan Televiziyasında saysız-hesabsız ədəbi-bədii proqramların iştirakçısı, radioda bir sıra pyeslərdə rolların ifaçısı oldum.
Razı olsam da, olmasam da...
- 50 yaş aktyor üçün nə deməkdir?
- 50 yaş aktyorun üçün bir sənətkarın bu yaşa qədər yaşadığı ömürdə yaratdıqlarının mənzərəsindən boylanan bir ömürdür.
- Siz 50 yaşınızdan razısınız?
- Razılıq mənim istəyimlə deyil. Razı olsam da, olmasam da mənim artıq 50 yaşım tamam olur. Əlbəttə, Tanrıya minnətdaram ki, bu yaşa qədər yaşamışam. 50 yaşa qədər yaşaya bilməyən insanlar da var. Yaşadığım ömürdə az-çox yaratdıqlarım da var ki, bu da mənim üçün şərəflidir.
Təranə Məhərrəmova