Misir Mərdanov: “Kişilərin müəllimlik sənətinə maraq göstərməmələrinin əsas səbəbi müəllimlərin əmək haqlarının aşağı olmasıdır"
Yeni tədric ili ilə bağlı dünən paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə təhsil işçilərinin konfransı keçirilib. Təhsilin ilk pilləsindən söz açan BŞTİ müdiri Nailə Rzaquliyeva bildirib ki, əvvəlki illərdən fərqli olaraq 5 yaşlıların təhsilə cəlbində müsbət dinamika var. Belə ki, 2009-2010-cu tədris ilində 6700 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub: “Amma təəssüf ki, indi Bakıda 1-ci sinfə uşaqların yalnız 25 faizi məktəbə hazırlıq qruplarından gedir. Bu vəziyyətdən çıxış yollarından biri hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsidir. Amma buna mane olan səbəblər də var”.
Uşaq bağçaları tam gücü ilə işləsə belə...
Belə ki, Bakıda uşaq bağçalarının mövcud bazası bu işin öhdəsindən gələcək səviyyədə deyil. Hazırda 309 uşaq bağçasında mövcud olan qrup otağının 1900-dən təyinatı üzrə istifadə olunmur. Səbəb onlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271-də isə təhsilə dəxli olmayan təşkilatların yerləşməsidir: “Əgər uşaq bağçaları tam gücü ilə işləsə belə, biz Bakıda yalnız 52 min nəfər uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50 faizi deməkdir”. Bu problemi isə dünya təcrübəsi əsasında - qısa müddətli, ailə tipli uşaq bağçaları, məktəb-bağça modellərindən istifadə etməklə, məktəblərdə hazırlıq sinifləri açmaqla həll etmək olar: “Bu məsələ Maliyyə Nazirliyi və Nazirlər Kabineti qarşısında qaldırılmalıdır”. Bundan başqa, özəl uşaq bağçalarının şəbəkəsi genişləndirilməli, bu zaman əlavə problemlərin yaranmamağı üçün ixtisaslı kadrlarla təminat ciddi nəzarətə götürülməli, imkanlı valideynlərin müəyyən məbləğdə haqq ödəməsi bərpa olunmalıdır. İbtidai təhsilə gəlincə, 4-cü siniflərdə şagirdlərin riyaziyyat fənni üzrə bilik səviyyəsinin öyrənilməsi bu sahədə bəzi problemləri də ortaya çıxarıb. Belə ki, mənimsəmə faizinin 11,8, keyfiyyət faizinin 31,3-ə qədər aşağı düşməsi bəzi məktəblərdə məktəbdaxili qiymətləndirilmənin obyektiv aparılmaması, ibtidai siniflərdə tədrisin zəif olduğunu göstərir.
Uşaqlar arasında sosial fərqin aradan qaldırılmasında vahid məktəbli formasının vacibliyindən də danışan N.Rzaquliyeva bütövlükdə Bakı üzrə vahid formanın tətbiq olunacağını söyləyib: “Yeni dərs ilindən başlayaraq bu iş ibtidai siniflərdə həyata keçiriləcək. Bakı Tikiş Fabriki tərəfindən hazırlanan məktəbli formasının satışı da fabrik tərəfindən həyata keçirildiyindən yersiz söz-söhbətlərə və müdaxilələrə son qoyulacaq”.
İnformatika müəllimləri məktəblərdən niyə uzaqlaşır?
BŞTİ müdiri məktəb rəhbərlərinin İKT sahəsində bilik və bacarıqlarının öyrənilməsi üçün monitorinqlərin aparıldığını da bildirib: “Qaradağ rayonundakı məktəblərin rəhbərlərinin cəlb olunduğu bu monitorinqin nəticələri bizi qane etmədi. Belə ki, məktəb rəhbərlərinin əksəriyyətində
kompyuterlə işləmək bacarığı zəifdir. Bu monitorinq məktəblərimizdə savadlı informatika müəllimlərinə ehtiyac olduğunu da üzə çıxarıb. Belə ki, əmək haqqının azlığını əsas gətirən yaxşı mütəxəssislər məvacibi yüksək olan strukturlarda işləməyə üstünlük verdiyindən məktəblərdə belə kadrlara ciddi tələbat qalmaqda davam edir”.
Yeni tədris ilində gözlənilən yeniliklərə gəlincə, məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş xüsusiyyətlərinə görə qruplaşdırılması, uşaq qəbulu vəziyyətinin öyrənilməsi, qiymətləndirilməsi üzrə monitorinq keçiriləcək. Məktəbə hazırlıq qruplarında uşaqların fiziki tərbiyəsinin inkişafı istiqamətində görülmüş işlər üzrə də monitorinqin aparılması və nəticələrin təhlili nəzərdə tutulur. Bu dərs ilində məktəb kitabxanalarında dərsliklərin saxlanması, onlardan istifadə vəziyyəti də öyrəniləcək. Valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsi, onların təhsilinin təşkili, sosial müdafiə məsələlərinin həlli də diqqətdə olacaq. Bundan başqa, yerli təhsil orqanlarının işinin əlaqələndirilməsi üçün strategiya hazırlanacaq, təhsil müəssisələrində pedaqoji heyətin faktik tərkib quruluşu öyrənilərək real tələbat müəyyənləşdiriləcək, nəticələrə əsasən təkliflər paketi hazırlanacaq.
Müəllimlərin 85 faizinin qadınlar olması qəbul olunmazdır
Çıxışına konfransa qatılmayan bəzi şəxslərə: “Təəssüf ki, bir çox vəzifəli adamlar özlərinə, qohumlarına lazım olanda qapıdan əl çəkmirlər” kimi iradla başlayan təhsil naziri Misir Mərdanov təhsil problemlərinin hər bir Azərbaycan vətəndaşından asılı olduğunu bildirib. Nazir təhsilin ilbəil inkişaf etməsinə baxmayaraq, onun bugünkü səviyyəsinin hələ də qənaətbəxş olmadığını vurğulayıb: “Dünya təhsil səviyyəsinə çatmaq üçün çox işlər görülməlidir. Hələ də bizi narahat edən xeyli problemlər var ki, birincisi, uşaq bağçalarıdır. Dünyanın inkişaf etmiş ölkələrində məktəb yaşlı uşaqların 80-90 faizi bağçalardan gəlir. Düzdür, hələ sovet dövründə də bizim bununla bağlı əhatə faizimiz 20-ni keçməyib. Bu gün Bakıda həmin göstərici Bakı üzrə 26 faizdir ki, bu da çox azdır. Bizi narahat edən digər problem bağçada uşaqları kimin və necə hazırlamasıdır. Araşdırmalarımız göstərir ki, bu gün tərbiyəçilərin böyük əksəriyyətinin heç orta ixtisas təhsili də yoxdur”.
Nazir Bakıda, eləcə də ölkədə müəllimlərin böyük əksəriyyətinin qadın olmasının da ciddi problem olduğunu vurğulayıb: “Müəllimlərin 85 faizinin qadınlar olması qəbul olunan deyil. Heç olmasa, onların 30 faizinin kişi müəllimlərindən ibarət olmasına müvəffəq olmalıyıq. Bu gün Bakıda məktəb direktorlarının 95 faizi məhz qadınlardır”. M.Mərdanov kişilərin məktəbə cəlbində maliyyənin mühüm rol oynadığını da bildirib. Belə ki, təhsil müəssisələrində kişilərin azlığının əsas səbəbi məktəblərdə əmək haqqının aşağı olması ilə əlaqələndirilir: “180-200 manatla ailə saxlamaq mümkün olmadığından kişilər məktəbə üz tutmurlar”.
Məktəblərdə tərbiyəsi olmayanlar da çalışır
Digər problemlərdən də söz açan nazir bildirib ki, təhsilə, məktəbə məbəd kimi baxılmalı, bu məbədə hər kəs buraxılmamalıdır: “Bu gün də kifayət qədər hazırlığı, bacarığı, hətta tərbiyəsi olmayanlar təhsilin müxtəlif pillələrində çalışırlar. Onlar işlərimizə kölgə yaratmaqla müəllimləri hörmətdən salırlar”. Nazirin fikrincə, təhsilin həllini gözləyən bir problemi də qiymətləndirmədir: “Bununla bağlı, cəmiyyətdən dəstək gözləyirəm. Müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi günün ən vacib məsələsidir. Müəllim hazırlayan ali məktəblərin, təkmilləşdirmə institutlarının proqramlarına qiymətləndirmə nəzəri və praktiki baxımdan salınmalıdır. Qiymətləndirmə dedikdə yalnız təhsil alanın bilik və bacarığı deyil, təhsil verənin də, məktəbin və s. qiymətləndirilməsi başa düşülür”.
Həqiqət İSABALAYEVA