Əhalinin pul gəlirləri kəskin şəkildə aşağı düşəcək, ərzaq çatışmazlığı yaranacaq
Aclıq və səfalət içində olan Ermənistan vətəndaşlarının vəziyyəti günbəgün ağırlaşır. Artıq qeyri-hökumət təşkilatları, o cümlədən iqtisadçılar həyəcan təbili çalırlar. Məsələn, Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryanın təqdim etdiyi hesabat geniş müzakirələrə yol açıb. Onun sözlərinə görə, ilin sonuna kimi əhalinin pul gəlirləri kəskin şəkildə aşağı düşəcək ki, bu da faciəvi xarakter ala bilər. Bu proses miqrasiya səbəbi üzündən son illərdə xeyli güclənib. İqtisadçı vurğulayır ki, rəsmi orqanlar, eləcə də Milli Statistika Xidməti ümumi daxili məhsulun artmasını göstərən saxta rəqəmlər səsləndirməklə xalqı aldatmağa cəhd edir. Mərkəzi Bankın sabiq rəhbəri bildirir ki, ölkə iqtisadiyyatında yaşanan geriləmə indi elə böyük həddə çatıb ki, rəsmi dairələr özləri belə bunu pərdələməkdə çətinlik çəkirlər: «Rəsmi statistikaya əsasən, bu ilin avqust ayında ölkə iqtisadiyyatında geriləmə iyun ayı ilə müqayisədə 20 faiz təşkil edib. Həqiqətdə bu rəqəm daha böyükdür. Lakin elə rəsmi statistikada göstərilən rəqəm də Ermənistan iqtisadiyyatının çöküşünün dəhşətli bir həddə çatdığını göstərir». Onun dediyinə görə, hadisələrin bu şəkildə cərəyan etməsinin ən önəmli səbəblərindən biri də ölkə hakimiyyətinin antiböhran proqramına malik olmamasıdır. Yaranmış vəziyyət, Ermənistan hakimiyyətinin mövcud iş metodu, Asatryanın fikrincə, ölkənin hər hansı iqtisadi inkişaf perspektivinin olmadığını təsdiqləyir.
Bahalaşma, xüsusən də ərzaq məhsullarının qiymətinin artımı iqtisadi geriləmə fonunda sadə əhalinin üzləşdiyi problemlərin miqyasını daha da genişləndirir. Baqrat Asatryan vurğulayır ki, hazırda Ermənistanda kartof və ətin qiyməti ABŞ, Avropa ölkələri, qonşu dövlətlərlə müqayisədə daha yüksəkdir: «Bütün bunların nəticəsidir ki, ölkədə yaşamaq istəməyən, xaricə getməyə can atan vətəndaşların sayı durmadan artır». Baqrat Asatryanın Ermənistanın iqtisadi vəziyyətinin nə dərəcədə ağır olmasını göstərmək üçün gətirdiyi bir misal xüsusi maraq doğurur. Onun sözlərinə görə, müstəqillik barədə bəyannamənin 20 illiyinin respublika səviyyəsində qeyd olunmamasının əsas səbəbi bu tədbirin keçirilməsi üçün hökumətin lazımi maliyyə vəsaiti tapmaması olub. Erməni ekspert qarşıdakı dövr ərzində iqtisadi geriləmənin daha sürətli xarakter daşıyacağını, nəticədə əhalinin yaşayış səviyyəsinin acınacaqlı hala düşəcəyini, ərzaq çatışmazlığının yaşanacağını diqqətə çatdırıb. Buna səbəb ola biləcək əsas amillərdən biri kimi o, Rusiyanın taxıl ixracına qoyduğu qadağanı göstərib. Ermənistanın taxıl idxal etdiyi əsas ölkənin Rusiya olduğunu xatırladan Asatryan təkcə bir həftə ərzində ölkədə unun qiymətinin 25 faiz artdığını vurğulayıb: «Qarşıdakı müddət ərzində unla yanaşı, bir çox digər məhsulların, o cümlədən benzinin, bir sıra enerjidaşıyıcılarının qiymətinin qalxması da qaçılmaz olacaq. Bir sözlə, əhalini indikindən daha dəhşətli vəziyyət gözləyir».
Ermənistanda belə hesab edilir ki, Serj Sarkisyan hakimiyyətinin həyata keçirdiyi siyasət təkcə iqtisadi yox, digər sferalarda da vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub. Buna əyani misal olaraq Rusiya ilə imzalanan yeni hərbi müqavilələr göstərilir. Ermənistan parlamentinin sabiq vitse-spikeri Karapet Rubinyan bildirir ki, yeni hərbi sazişi imzalamaqla ölkə hakimiyyəti siyasi savadsızlığını meydana qoyub və ölkənin müstəqilliyinə növbəti ciddi hədə yaradıb. «İrs» Partiyasının sədri Raffi Ovannisyan da analoji mövqedən çıxış edib. Onun sözlərinə görə, sözügedən müqavilənin imzalanması ilə Ermənistanın müstəqilliyi təhlükə altına qoyulub: «Ermənistanla bağlanan müqavilədə bizim ölkəyə hər hansı şans verilmir. Əksinə, burada Ermənistan, sadəcə, ona diktə olunan şərtləri yerinə yetirən tərəf kimi çıxış edir. Həmçinin bunun nəticəsi odur ki, Ermənistan bütünlüklə Rusiyanın təsirinə deyil, nəzarətinə düşür ki, bu da istənilən bir ölkənin müstəqilliyinin təhlükə altında olması deməkdir. Çünki belə dövlətlər sərbəst siyasət yürüdə bilmədikləri kimi, istədikləri fikirlərini də səsləndirə bilmirlər».
ABŞ-ın Miçiqan Universitetinin tarix fakültəsinin ermənişünaslıq proqramının direktoru, 1991-97-ci illərdə sabiq prezident Levon Ter-Petrosyanın müşaviri olmuş Jerar Libaridyan isə bundan öncə bildirib ki, Ermənistanın Cənubi Qafqaz regionunda rolu getdikcə azalır. Ermənistanın Cənubi Qafqazın müasir strukturunda rolundan danışan politoloqun fikrinə görə, bu ölkənin regionda baş verən hadisələrə təsiri getdikcə daha minimal xarakter alır. Onun fikrincə, son 10 ildə Ermənistan hökuməti regionda və beynəlxalq miqyasda ölkənin nüfuzunun artması üçün heç bir iş görməyib. Bununla belə, o hesab edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə problemlərini həll etməyənədək ölkənin beynəlxalq münasibətlərdə ciddi və konstruktiv irəliləyişini gözləməyə dəyməz. Bütün bunlar bir daha təsdiq edir ki, sosial-iqtisadi çöküşü sürətlənən Ermənistan həm də formal xarakter daşıyan müstəqilliyini tamamilə itirmək üzrədir.
Azər NURİYEV