Teatrsevərlər yeni teatr mövsümünün açılışını səbirsizliklə gözləyirlər
Paytaxtın əksər teatrları ənənəyə uyğun olaraq qapılarını sentyabrın 19-da tamaşaçıların üzünə açacaqlar. Amma istisnalar da var. Səbəbini isə teatrlardan əldə etdiyimiz məlumatlardan biləcəksiniz.
Üzeyir bəy irsinə sadiqlik
Akademik Opera və Balet Teatrı mövsümü ənənəyə uyğun olaraq dahi bəstəkar Üzeyir Hacıbəyovun «Koroğlu» operası ilə açacaq. Sentyabrın 19-da oynanılacaq opera dahi bəstəkarın 125 illik yubileyi çərçivəsində keçirilən tədbirlərə daxildir. Tamaşada Həsən Enami, Xalq artisti Şahlar Quliyev, gənc vokalçı İlahə Əfəndiyeva oynayacaqlar.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Əlimirzəyeva qəzetimizə bildirib ki, sentyabrın 23-də operasevərlərə görkəmli bəstəkar Müslüm Maqomayevin «Şah İsmayıl» operası təqdim olunacaq. Bu tamaşa M.Maqomayevin 125 illik yubileyi çərçivəsində oynanılacaq. Ş.Əlimirzəyevanın bildirdiyinə görə, teatrda həftə ərzində 3-4 tamaşa oynanılacaq. Həmçinin mövsüm ərzində maraqlı layihələr həyata keçəcək. Sentyabrın sonlarında tamaşaçılara teatrın saytı da təqdim olunacaq. Saytda teatrın tarixi, repertuarı, yaradıcı heyət haqqında məlumatlar, afişalar və s. məlumatlar ətraflı yer alacaq.
Dərbənd səfəri
İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 17-də Dərbənd şəhərində qarşılayacaq. Teatrın truppa müdiri Elnarə Heydərovanın verdiyi məlumata görə, Dərbənddə Üzeyir bəyin 125 illik yubileyi qeyd olunacaq. İrəvan Teatrı yubiley münasibətilə Dərbənddə Üzeyir bəyin «O olmasın, bu olsun» komediyasını, Mahaçqalada Aqşin Babayevin «Xilaskar» əsəri əsasında hazırlanan eyni adlı tamaşanı təqdim edəcək. Hər iki tamaşa 20 gün müddətində Dərbənddə və ətraf rayonlarda oynanılacaq.
Bundan əlavə, teatr yeni mövsümdə Azərbaycan tamaşaçılarına yeni tamaşalar da təqdim edəcək.
Böyüklər də yaddan çıxmayıb
Azərbaycan Dövlət Kukla Teatrı da mövsümü sentyabrın 19-da açacaq. Belə ki, Musiqi Günü münasibətilə tamaşaçılara Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun” operettasının premyerası təqdim olunacaq. Tamaşada Məşədi İbad rolunu canlı olaraq Xalq artisti Yaşar Nuri oynayacaq.
80-ci mövsümünü qarşılayan teatrın kollektivi sentyabr ayında tamaşaçılara həmçinin «Qırmızıpapaq», «Xeyir və şər», «Sehirli mücrü», «Ələddinin sehirli çırağı» və s. tamaşaları təqdim edəcək. Vilyam Şekspirin «Yay gecəsində yuxu» və «Ağ və qara» tamaşaları isə böyüklər üçün nəzərdə tutulub. Teatrın baş rejissoru Rəhman Əlizadənin bildirdiyinə görə, teatda hər həftənin ikinci günü saat 6-da böyüklər üçün tamaşalar göstəriləcək. Oktyabr ayından isə həftənin 2, 3, 4-cü günləri axşam tamaşaları, 5, 6 və bazar günləri uşaqlar üçün tamaşalar oynanılacaq.
Köçmə prosesi
Akademik Milli Dram Teatrı isə köçmə prosesini yaşayir. Belə ki, teatrın binasının təmiri başa çatdığından kollektiv yaxınlarda döğma yerlərində yerləşəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Nigar xanım bildirdi ki, bununla əlaqədar olaraq hələ teatrın repertuarı tam müəyyənləşməyib. “Buna görə də teatrın kollektivi təmirdən çıxan binanın səhnəsində oynayana qədər səyyar tamaşalarını davam etdirəcək”.
Səhnə problemi
Şuşa Musiqili Komediya Teatrı isə hələ də binasızlıq problemindən yaxa qurtarmayıb. “Savalan” kinoteatrında yerləşən kollektiv bu i mövsümü də icarəyə götürdüyü səhnələdrdə qarşılayacaq. Teatrın truppa müdiri Azad Məmmədov “biz əvvəlcə səhnə problemini, daha sonra tamaşaçı problemini həll edirik. Buna görə mövsümü nə zaman açacağımızı bilmirik” deyə bildirdi.
Bununla belə, teatrda Elçinin «Cəhənnəm sakinləri», Məhərrəm Əlizadənin «Fırıldaqçılar» əsərlərinin məşqləri gedir. Teatr kollektivi tamaşaçılara mövsüm ərzidə kiöhnə reperturdan da tamaşalar təqdim edəcək.
138-ci mövsüm
Yeni teatr mövsümünün açılışına hazırlaşan Səməd Vurğun adına Rus Dram Teatrı bu il 90 illik yubileyini qeyd edəcək. 138-ci teatr mövsümünü isə kollektiv M.F.Axundovun “Vəziri –xani Lənkəran” tamaşası ilə açacaq.
Teatrdan qəzetimizə verilən məlumata görə, bu mövsüm bütün premyeralar, tədbirlər və festivallar yubileyə həsr olunacaq.
Mədəniyyət ocağı yubiley çərçivəsində teatrsevərlərin qarşısına 4 premyera ilə çıxacaq. Belə ki, Rusiyadan dəvət olunan rejissor İsgəndər Sakayev “Yay gecələrində yuxu” tamaşasını hazırlayacaq. Boris Lukinskovun quruluş verəcəyi tamaşa isə “Həqiqət yaxşıdır, xoşbəxtlik gözəldir” adlanır. Teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda “Ailəyə aid olmayan portret” tamaşası da premyeralar çində yer alacaq. Kollektiv balaca tamaşaçılarını da unutmayaraq onlar üçün yeni il nağılı hazırlayır.
Teatr bu mövsümdə Yalta Festivalına da dəvət alıb. Kollektiv festivalda “Ər almaq istəyirəm” tamaşası ilə çıxış edəcək.
Dörd yeni tamaşa
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümdə dörd yeni tamaşa təqdim edəcək. Teatrdan verilən xəbərə görə, bunlar Vilyam Şekspirin “Romeo və Cülyetta”, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim”, Əli Əmirlinin “Sən məni sevirsən” və Xalq yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşalarıdır. Hər 4 tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Məlumat üçün bildirək ki,”Mənim ağ göyərçinim” tamaşası 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Loğman Kərimov tərəfindən hazırlanaraq nümayiş olunub.
Bu mövsümdən isə “Mənim ağ göyərçinim” tamaşası Cənnət Səlimovanın quruluşunda oynanılacaq və əsərdə bəzi dəyişikliklər olacaq. Bütün tamaşaların məşqlərinə artıq başlanılıb.
Yeni layihələrlə
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümündə yeni layihələr həyata keçirəcək. Layihələrə xaricdən dəvət olunmuş rejissorlar, yeni tamaşalar və teatrın 100 illik yubileyinin kecirilməsi və sş tədbirlər daxildir.
Teatrda artıq yeni tamaşalar üzərində məşqlər başlayıb. Teatrln mətbuat xidmətinin məlumatına görə, ilk dəfə 1910-cu ildə səhnələşdirilən “Ər və arvad” tamaşası 100 il sonra yenidən tamaşaçıların ixtiyarına veriləcək.
Yeni mövsümdə A. Saqarelinin “ Xanuma” əsəri iki dildə - Azərbaycan və rus bölməsində tamaşaya qoyulacaq. Tamaşaya Tiflisdəki Rustaveli teatrının rejissoru Qoça Kapanadze quruluş verəcək. Tamaşada əsas rollarda Xalq artistləri Afaq Bəşir qızı, İlham Namiq Kamal, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə, Səmayə Musayeva, Elcin Həmidov və b. oynayacaq. Həmçinin Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın xalq artisti Kiril Savelyevic Strejnevin tələbəsi Serqey Yunqans Musiqili Teatrların Beynəlxalq Assosiyasisı tərəfindən tamaşa hazırlamaq üçün Musiqili Komediya Teatrına göndərilib. Serqey Yunqans teatrın rus bolməsində operetta janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın “Kandarakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək. Qeyd edək ki, Jak Offenbaxın eyni adlı əsəri Azərbaycan teatrında ilk dəfə 1989-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub.
Bundan əlavə, Bakı Bələdiyyə Teatrı, UNS teatrı, İbRus Teatrı, YUĞ Teatrı, Pontamima Teatrı da öz tamaşaçılarına yeni və maraqlı tamaşalar vəd edir.
Təranə Məhərrəmova