O, köməkçisi ilə homoseksual əlaqədə olmadığını israrla qeyd edir
Böyük Britaniyanın yeni hökuməti seksual zəmində yaşanan qalmaqalla üzləşib. Reportyorlar xarici işlər naziri Uilyam Heyqi köməkçisi ilə yaxınlıqda günahlandırıblar. XİN rəhbəri 10 gün sussa da, nəhayət, dünən bəyan edib ki, o və xanımı Fifon internetdə onların intim həyatı barədə dolaşan yalan iddiaları rədd etmək üçün ictimaiyyətə məlumat vermək qərarına gəlib. Xarici işlər naziri özünün kişi köməkçilərindən biri ilə «yaraşmayan» münasibətləri barədə iddiaları açıq rədd etməklə və ailə həyatının möhkəmliyi barədə açıq bəyanat yaymaqla hökumətdə şok yaradıb. Heyq öz bəyanatında bildirir ki, onların ailə həyatına başlamaq qərarının ərəfəsində arvadı Fifonun bir neçə dəfə uşaq salması onların hər ikisinə dərin iztirab gətirib. O, xanımı Fifon ilə dəfələrlə cəhd göstərsə də, uşaqları olmadığını deyib. Artıq xarici işlər nazirinin köməkçisi Kristofer Mayers iddialarla əlaqədar istefa verib. İnternetdə gedən məlumatlarda xarici işlər nazirinin bu köməkçisi ilə homoseksual əlaqələri olduğu və Mayersin köməkçi vəzifəsinə yaramadığı halda işə götürüldüyü iddia olunurdu. Uilyam Heyq seçki kampaniyası dövründə köməkçisi ilə eyni otağı bölüşdüyünü etiraf etsə də, heç vaxt homoseksual əlaqədə olmadığını israrla qeyd edir. Baş nazir Devid Kemeron da xarici işlər nazirini dəstəklədiyini bildirib. Kemeron bildirib ki, 49 yaşlı Heyq nəinki diplomatik idarəyə rəhbərlik edir, faktiki olaraq torilərin liderinin müavinidir. XİN rəhbəri isə almaniyalı həmkarı Qvido Vestervellə görüşməklə vəzifələrinin icrasını davam etdirib. Lakin nazirin fikirləri ilə razılaşmayanlar da var. Mühafizəkar nazirlərdən biri «Deyli Mail» qəzetinə deyib ki, «əgər mən qadın müşavirimlə otağı bölüşsəydim, bu, siyasi intihara bərabər olardı. İndiki hal da elə bu kateqoriyadandır. Siz ştata götürdüyünüz şəxslə otağı bölüşməməlisiniz. Qəribədir ki, Uilyam bunu başa düşmür». Mühafizəkarlar Partiyasından olan digər siyasətçilər isə Heyqi «həddən artıq sadəlövh» adlandırıblar. Belə ki, onlar naziri ətrafını «platonik yaxınlıq» hiss etdiyi bir yığın gənc oğlanlarla doldurduğunu bildiriblər.
|