Tahir Rzayev millət vəkili kimi seçicilərinə verdiyi sözləri yerinə yetirməyə çalışıb
Rubrikamızın bugünkü qonağı Ağcabədidən seçilmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının təmsilçisi Tahir Rzayevdir.
- Tahir müəllim, 5 il bundan öncə seçki kampaniyası zamanı seçicilərinizə hansı vədləri vermişdiniz?
- Mən seçki kampaniyası zamanı seçicilərimə demişdim ki, qarşılarına çıxan problemlərin həllində onlara kömək edəcəyəm. Digər bir vədim ondan ibarət olub ki, bir millət vəkili kimi parlamentin işində yaxından iştirak edəcəyəm. Seçicilərimə demişdim ki, onların hüquqlarını qoruyacağam, səslərini parlamentdə qaldıracağam. Başqa bir vədim o idi ki, qanunvericilik fəaliyyətində fəal iştirak edəcəyəm. Artıq 5 il keçib, indi mən özümü tərifləmək niyyətində deyiləm. Buna ehtiyac da duymuram. Çünki tərifdən uzaq adamam. Heç vaxt önəm verməmişəm ki, özümü tərifləyim, gördüyüm işləri təbliğ edim. Məncə görünən dağa bələdçi lazım deyil.
- Yəni hesab edirsiniz ki, seçicilərinizə verdiyiniz bütün vədləri yerinə yetirmisiniz?
- Əlbəttə ki, bu beş il ərzində çalışmışam ki, seçicilərimə nə vəd vermişəm, onları yerinə yetirim. Ancaq problemlərin hamısının həllini də öz adımla bağlamaq istəmirəm. Bu gün respublikamızda 5 il bundan əvvəl olan problemlər bu gün yoxdur. 5 il əvvəl mənim təmsil olunduğum Ağcabədi rayonunda da çox ciddi problemlər var idi. Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində o problemlərin çoxu artıq aradan qalxıb. O vaxt seçildiyim rayonda əhali daha çox işıq, qaz, su, yol problemlərindən şikayətlənirdilər və onların həllini mənim qarşımda qoyurdular. Ötən 5 il ərzində təkcə Ağcabədidə deyil, respublikanın digər rayonlarında da bu kimi problemlərin həllini tapdığının şahidi oluruq. Düzdür, mən də seçildiyim rayonda həmin problemlərin həll olunmasında rayon rəhbərliyinə, eləcə də seçicilərimə müəyyən dəstək vermişəm. Yeri gələndə, müəyyən kəndlərin su problemini həll etmək üçün, qaz təminatını yaxşılaşdırmaq üçün, işıq probleminin aradan qaldırılması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmışam. Digər tərəfdən, mən vaxtaşırı rayonda oluram və camaatla görüşürəm. Bu görüşlərdə seçicilərimin müəyyən şəxsi problemlərinin həllinə çalışıram. Görürsən xəstəsi olan, müxtəlif dövlət orqanlarındakı məmurlardan narazılıq edən, incidilən adamlar olur. Onlar mənə müraciət edirlər, mən də bir millət vəkili kimi problemlərinin həllinə yardımçı olmağa çalışıram. Seçicilərimi istər Bakıda, istərsə də rayonda qəbul edərək problemləri ilə maraqlanıram. Amma Milli Məclisin deputatının fəaliyyəti bununla kifayətlənmir. Ən vacib istiqamətlərdən biri budur ki, biz ölkəmiz üçün vacib olan qanunlar hazırlayırıq. Bu prosesdə hər bir deputat yaxından iştirak etməlidir. Mən də çalışmışam ki, bu prosesdə yaxından iştirak edim, bir çox qanunların qəbuluna öz töhfəmi verim. 5 illik fəaliyyətim boyu kütləvi informasiya vasitələri ilə sıx təmasda olmuşam. Həm qəzetlərdə, həm televiziyalarda vaxtaşırı çıxışlarım olub. Parlamentdə regional məsələlər komitəsinin üzvü olduğumdan daha çox yerli özünüidarəetmə orqanları ilə işləyirik. Bu istiqamətdə yeni qanunvericilik aktları hazırlayıb, mövcud olanlarını təkmilləşdiririk. Mən də həmişə bu prosesdə yaxından iştirak etməyə çalışmışam. Respublika səviyyəsində keçirilən bir sıra tədbirlərdə də iştirak edirəm. Ölkədə baş verən ictimai-siyasi hadisələrdə də yaxından iştirakçı olmağa çalışmışam.
- Seçicilərlə işi necə qurmusunuz? Onları lazımi səviyyədə qəbul edə bilirsinizmi?
- Əlbəttə ki, deputatın əsas işlərindən biri seçiciləri ilə təmasda olmaq, problemlərinin həllinə çalışmaqdır. Mən də fəaliyyətimdə buna xüsusi diqqət yetirirəm. Amma məsələ burasındadır ki, mənə təkcə deputat seçildiyim Ağcabədi rayonundan olan seçicilər deyil, bütün respublikadan olan vətəndaşlar müraciət edir. Məsələn, son dövrlərdə Bakıdan, Gəncədən, Göyçaydan, Sabirabaddan və digər rayonlardan çoxlu müraciətlər alıram. Bu da təbii ki, mənim təmsil olunduğum komitənin işinin xarakteri ilə bağlıdır. Çünki son illərdə bələdiyyələrin birləşməsi, bələdiyyə seçkiləri ilə bağlı fəal proseslər getdi. Bələdiyyələrlə bağlı qanunvericilik aktlarına da müəyyən əlavə və dəyişikliklər oldu. Bələdiyyə torpaqlarının alqı-satqısı qaydaları da dəyişdirildi. Bununla bağlı əhalinin bizə çoxsaylı müraciətləri oldu. Bu baxımdan deyə bilərəm ki, mənə Ağcabədidən çox digər rayonlardan müraciətlər olub. İnsanları maraqlandıran sualları izah etməyə çalışmışam. Torpaq mübahisəsi ilə bağlı incidilən vətəndaşlara da yardımçı olmuşuq. O ki qaldı öz seçicilərimlə təmaslara, bilirsiniz ki, indi hər bir deputatın köməkçisi var. Köməkçilər adətən deputatın seçildiyi rayonda fəaliyyət göstərirlər. Mənim də köməkçim həmişə Ağcabədidə olur. Rayonda mənim qərargahım da var. Bir millət vəkili kimi həmin qərargahda seçicilərimi qəbul edirəm. Ayda ən azı iki dəfə, bəzən isə üç-dörd dəfə rayona gedib seçicilərimi qəbul edirəm. Müraciət edən bütün seçicilərə əvvəlcədən köməkçim dinləyir. Həmin adamların siyahısı tutulur, problemləri dəqiqləşdirilir, məqsədləri öyrənilir. Yəni mən seçicilərimlə görüşə hazırlıqlı gedirəm. Bundan əlavə, bilirsiniz ki, Milli Məclisdə deputatların çox gözəl qəbul otağı var. Kim istəsə gəlib müraciət edib mənimlə görüşə bilir. Mənim əl telefonumu əksər vətəndaşlar bilirlər, burada Milli Məclisdə isə bizim iş otaqlarımızın nömrələri var. Vətəndaş həmin nömrələrə zəng etməklə də məni tapa bilir. Mən təkcə Ağcabədidən gələnləri deyil, respublikanın digər rayonlarından olan vətəndaşları da qəbul edirəm.
- Tahir müəllim, bizdə adətən seçicilər millət vəkillərindən onların səlahiyyətinə daxil olmayan məsələlərin həllini də istəyirlər. Sizə də belə müraciətlər olurmu?
- Əlbəttə ki olur. Məsələn, bir də görürsən hansısa cinayət törətmiş seçicinin valideyni gəlib kömək istəyir ki, övladım günahsızdır və yaxud övladı ali məktəbə daxil ola bilməyən valideyn gəlib ona kömək etməyimi istəyir. Xahiş edirlər ki, elə edin ki, övladımız ali məktəbə daxil olsun. Əlbəttə ki, bu cür əsassız müraciətlərə də imkan daxilində cavab verməyə çalışırıq. Vəziyyəti izah edirik. Başa salırıq ki, seçici nə etməlidir. Mən həmişə belə seçicilərə deyirəm ki, müxtəlif dövlət orqanlarının qarşısında əbəs yerə özünüzə əziyyət verməyin. Düzdür, son vaxtlar belə müraciətlər azalıb. İndi insanların informasiyaya çıxış imkanları genişdir. Diqqət yetirəndə görürsən ki, əvvəllər vətəndaşlarımızı narahat edən daha çox məişət problemləri idi. Artıq bu problemlər aradan qaldırılıb. Buna görə də camaatın bu tipli müraciətləri bir neçə dəfə azalıb.
- Növbəti 5 il üçün seçicilərinizə nə vəd etmək niyyətindəsiniz? Seçki platformanızı hazırlamısınızmı?
- Əslində mən hələ namizəd olacağımı dəqiqləşdirməmişəm. Bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ötən seçkidə də mənim namizədliyim partiya tərəfindən dəstəklənmişdi. Bu il də partiya mənə dəstək versə namizəd olacağam. Deputat olsam da, olmasam da bir vətəndaş kimi borcumdur ki, ölkədəki quruculuq işlərində yaxından iştirak edim. Lap sıravi bir vətəndaş olsam da, əlimdən nə gəlir edəcəyəm. Amma deputat olanda təbii ki, səlahiyyətlərim bir az artır. Çünki deputat müəyyən qapıları döyə bilir və həmin qapılar onun üzünə tez açılır. Həm də deputat olanda adamın sözü daha tez eşidilir. Konkret onu deyim ki, əgər yenidən deputat seçilərəmsə gələn 5 il ərzində indiyədək gördüyümüz işləri davam etdirəcəyəm. Bunun üçün nə qüvvəm var sərf etməyə hazıram.
İlham QULİYEV