|
Beş nəfər ölüb, 9 nəfər isə yaralanıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi «Ford» markalı və Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Əzizov və sərnişini - Ələt qəsəbə sakini Valeh Gərayev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər sərnişinləri- Ələt qəsəbə sakinləri Əziz Əzizov, Elgün Mustafayev, habelə V.Məmmədov və onun sərnişinləri- Biləsuvar rayon sakinləri Kiçikxanım Bünyatova, Zərifə İsmyılova, Cəlilabad rayon sakinləri Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Lənkəran rayon sakini Eldar Cabbarov və Bakı şəhər sakini Samirə Zamanova xəstəxanaya yerləşdirilib.
Xaçmaz rayonu ərazisində rayon sakini İlham Quliyev "VAZ-21213" markalı avtomaşını idarə edərkən rayon sakini Fikrət Ağarzayevi vurub. Nəticədə F.Ağarzayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Şabran rayonu ərazisində Abşeron rayon sakini Azər Muradovun idarə etdiyi "BMW" markalı və RF-nin vətəndaşı Qurbanğadzi Rasulovun idarə etdiyi "MAZ-64229" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Muradovun sərnişini Xumar Muradova orada dünyasını dəyişib. Bakının Nizami rayonu ərazisində, şəhər sakini Qəhrəman Haşımovun idarə etdiyi "VAZ-2103" markalı və həmyerlisi Niyazi Şirinovun idarə etdiyi "BMW-X 5" markalı avtomaşınlar toqquşub. Nəticədə ağır xəsarət alan N.Şirinov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Q.Həşimovun həyatını xilas etmək mümkün olmayıb. Hər üç faktla bağlı araşdırma aparılır.
|