O, Qordon Braunu dəlisov, çətin və sıfır hissiyyatlı zəkaya malik şəxs adlandırıb
Britaniyanın keçmiş baş naziri Toni Bleyerin çoxdan bəri gözlənilən xatirələri nəhayət ki, işıq üzü görüb və dərhal da əsl sensasiyaya çevrilib. Üçillik sükutu pozan Bleyer indiki baş nazir Qordon Braunu leyboristlərin məğlub olmasında günahkar bilməklə yanaşı, onu şantajda da günahlandırıb. Şərhçilər də Bleyerin 700 səhifəlik xatirələrində o vaxtkı hökumətdə maliyyə naziri vəzifəsini tutmuş Qordon Braunla münasibətlərinə daha çox diqqət ayırdığını vurğulayıblar. O, hakimiyyətdə olduğu vaxtlarda ölkənin daxili siyasəti və sələfi Qordon Braunla mürəkkəb münasibətlərindən söz açıb. Bleyer etiraf edir ki, baş xəzinədar güclü intellektə malikdir, lakin siyasi intuisiyadan məhrumdur. O, Braunu dəlisov, çətin və sıfır hissiyyatlı zəkaya malik şəxs adlandırır. «Bizim Qordonla münasibətlərimiz çox çətin idi. Lakin bu münasibətlər həm də sıx idi, hərçənd axıra yaxın, səmimi desəm, bu münasibətlər dözülməz oldu. Bizim hökumətdə olduğumuz vaxtın çox hissəsi o, bir növ güc mənbəyi idi. Onun Leyborist hökumətinin uğuruna verdiyi töhfəni danmaq olmaz» - deyə Bleyer vurğulayıb. O, xatirələrində, həmçinin səthi də olsa, hakimiyyətin ağırlığı altında daha çox spirtli içkilər qəbul etməsinə də toxunur. Lakin qeyd edir ki, heç vaxt əndazəni aşmayıb.
Gələcək planlarına gəlincə isə qeyd edir ki, ömrünün böyük bir hissəsini Yaxın Şərqdə sülhün bərqərar olunmasına həsr edəcək. Lakin bununla yanaşı, xatirələrdə İraqa hərbi müdaxilə də geniş yer tutub. Toni Bleyer İraqa hərbi müdaxilə qərarını bir daha müdafiə edir və yəqin ki, ölən gününədək belə də edəcək. Bununla belə, onun xatirələrində müharibənin gətirdiyi ölümlərdən narahatlıq və Səddam Hüseynin devrilməsindən sonra başlanan xaosdan təəccüb ifadə olunub. Lakin o bunu da qeyd edir ki, İran və onun iddia edilən nüvə silahı ambisiyaları gələcək hərbi müdaxilələri istisna etmək imkanı vermir. «Mən bunu deyirəm ki, İranın nüvə silahı qabiliyyətinə malik olması yolverilməzdir» - deyə Toni Bleyer vurğulayıb. BBC müxbirinin: «Lakin biz bunun qarşısını almaq üçün nə edə bilərik» sualına o, belə cavab verir: «Mən düşünürəm ki, biz bunun qarşısını almalıyıq, yeri gələrsə hətta hərbi yolla. Zənnimcə, onlar nüvə silahı yaratmaqda davam etsələr, başqa nativ qalmayacaq. Onlar bunu başa düşməlidirlər. Mən bunu aydın və bərkdən deyirəm».
Onu da qeyd edək ki, Bleyerin xatirələrində Türkiyə liderləri- prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan barəsində də müsbət fikirlər yer alıb. Müəllif bildirir ki, ABŞ-a 2001-ci il hücumuna kimi islamı başa düşməyib. Bleyer həmin faciədən sonra bir dəfə az qala İngiltərəyə uçan təyyarəni vurub yerə salmaq qərarı verəcəkmiş. Belə ki, təyyarə aviadispetçerlərin çağırışlarına cavab verməyibmiş. Xoşbəxtlikdən bir müddət sonra təyyarə ilə əlaqə qurmaq mümkün olub və qərar geri götürülüb. Eks-baş nazir kitabın satışından əldə olunan vəsaitin hamısını (bu vəsait 4 milyon funt-sterlinq təşkil edir- müəl.) «Britaniya legionu» təşkilatına vermək qərarına gəlib. Bu təşkilat yaralı britaniyalı əsgərlərə kömək göstərir.
Artistlik qabiliyyəti ilə məşhur olan Bleyer tamaşaçıları heyrətə gətirməklə tanınıb. O, bu qabiliyyəti ilə bağlı şahzadə Dianaya danışdığını da xatirələrində qeyd edir. Bleyer onunla şahzadənin həlak olmasına bir ay qalmış söhbət edib. Bleyerin Diana ilə onun sevgilisi Dodi Fayyed barəsində danışması isə şahzadəyə xoş gəlməyib.