|
Məktəbli forması təcrübəsi uğurlu addımdır. Forma məktəbi uzaqdan “cənnət” kimi göstərir. Hamının bərabərhüquqlu olduğu “cənnət”. Amma bu, sadəcə, uğursuz görüntüdür. Beyin qutumuzdakı cənnətdən çox uzaq görüntü.
Bu yaxınlarda forumların birində belə bir şüar oxudum: “İnsanlar mələk olsun istəyirsənsə, onlar üçün cənnət yarat”. O hesabla fikirləşdim ki, deməli, biz nə o cənnətdən, nə də mələklərdən nəsibimizi ala bilməyəcəyik. Üstəlik, neçə ki bizim məktəblər təhsildən başqa hər şey verir, deməli, o cənnət heç olmayacaq. Neçə ki şagirdlərin rüşvət anlayışı məktəbdə formalaşır, neçə ki balacalar sinifli cəmiyyətin mənfilərinin təsiri altında həyatdan özünü qanan kimi küsür, neçə ki direktorlar məktəblərin sahibidir, neçə ki məktəblərdə pedaqoji qabiliyyəti olmayan “müəllimciklər” dərs deyir, biz o cənnətə çox uzağıq.
Məktəbləri sözdə “cənnət”ə çevirmək istəyənlər isə bir-birinin ardınca uğursuz addımlar atsalar belə, müvəffəqiyyətsizlik onları ruhdan salmır. İdeya təmizdir, amma niyyət kirlidir. Tədbir gözəldir, amma üsul eybəcərdir. Tanınmış bir jurnalist müsahibəsində “vəziyyət solğun və boz, parıtılar az idi” kimi beynimdə iz salan ifadə işlədib. Bugün məktəbin qabağından keçəndə piketçiyəbənzər, amma əsla şikayətçiyə bənzəməyən 15-20 valideyni görəndə bu ifadə yadıma düşdü. Məktəblərimizin vəziyyəti həqiqətən belə - solğun və bozdur. Kompyuter paylayaraq, parıltı havası yaratmaq cəhdi isə uşaqlara verilən “əl vurmaq olmaz!” əmri ilə iflasa uğrayır. Işin maraqlı tərəfi isə odur ki, bu qədər yazılır, deyilir, şikayət edilir, amma kimlərsə barmağını qulağına tıxayıb, narazıların və vicdanının (bəlkə də yoxdur) səsini eşitməməkdə hələ də israr edir. Sonra da “cəmiyyəti narazılar irəli aparır” deyirlər. Narazıların sayı ilə düz mütənasib irəliləsəydik, orta hesabla indi Amerika iqtisadiyyatına birbaşa təsir edirdik. Sadəcə, bu tənasübün tərəfləri belə pozulur, heç kim “narazı” sözünün birinci hecasını eşitmir. Gənclər həmişəmi ən çox tənqid olunanlardır? Cavab axtarmıram, heç cavabını bilmirəm də. Amma yaxşı səslənən bir ifadənin arxasında iradənin və ağlın zəifliyinin nəzərdə tutularaq deyildiyini gec anladım - gənclik maksimalizmi. Olmayacaq şeylərin xəyalını quranlar və ya mümkünsüz olanı dəyişməyi çox asan olan, xırda bir şey kimi qəbul edənlər gəncdirsə, ən çox eşitdikləri ifadədir. Məsələn, ağzını açıb desə ki, məktəblərdə dəsti on beş-iyirmi manata satılan paltarlar öz real qiymətlərinə qoyulsun, məktəblərə pedaqoji biliyi olmayanlar yığışmasın, bazar inhisardan çıxsın, intiharın səbəblərini aradan qaldırası və əhalinin real sosial vəziyyətini araşdırası ciddi tədbirlər görülsün, direktorlar, rektorlar əbədi seçilməsin – bütün bu tələblərin iki kəlməlik bir cavabı var - gənclik maksimalizmi. Hər halda yəqin ki, gözümüzə həyata keçirilməsi vacib və eyni zamanda asan görünən işlərin görmədiyimiz, dərk etmədiyimiz tərfləri var. Burda isə həmişə olduğu kimi yolumuz var - ya varıq, ya yoxuq. Ya heç bir bəhanə dinləmədən (daha doğrusu, özümüzü dəli yerinə qoyaraq) israrla haqqımızı qoruyur və yaşamaq istədiyimiz cəmiyyəti özümüz düzəldirik, ya da həqiqətən heç nəyi dəyişmək gücündə olmadığımız gerçəyini qəbul edib, gənclik dövrünü keçirib, “gənclik maksimalizmi” deyəcəyimiz gənclər axtarırıq. Amma bunu gənclər az-çox bacarsa da, məktəblilər bacarmır. Məktəblilər bir qədər aciz xarakterli olur, çünki o, “niyə müəllimlər onunla həmişə gülə-gülə danışır?” sualına cavab tapmaqda çətinlik çəkir. Çünki o, “atamdan necə pul istəyim?” kimi ona tale yüklü görünən problemdən çıxış yolu tapa bilmir. Məktəb dövründəkindən çox fərqlidir gənclikdə qəbul etdiyin azadlıq, bərabərlik anlayışı. Haqq anlayışını isə bizim cəmiyyətin heç bir üzvü tam mənası ilə dərk etmir, məncə. Anlayışı dərk etmək üçün əyani görmək və ya hiss etmək lazımdır. Məktəb isə tamam başqa mühitdir, daha doğrusu, idi. Amma bu, bir zamanlar idi - cavan müəllimlərin məsləhət almağı ar bilmədiyi, yaşlı müəllimlərin yerini sevə-sevə təhvil verdiyi, müəllimlərin mərdlik, dönməzlik, sözübütövlük, müəllimələrin təmizlik, əxlaq, ləyaqət simvolu olduğu zamanlarda. İndi başqadır məktəb - ipliyi bazara çıxan qırx beş manatlıq paltarlarda sarılıq xəstəsinə oxşayan şagirdlərlə, Hollivud ulduzlarını xatırladan müəllimələr, qəssaba bənzəyən müəllimlərlə, türmə müdirlərinə “şükür” dedizdirən direktorlarla indi tamam başqa bir şeyə bənzəyir məktəb, elə bir şey ki, adını tapıb qoya bilmirəm.
Odər FATEH
|